16.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın qlobal humanitar missiyası

  • MANŞET
  • 01 Mart 2022
  • 1.012 BAXIŞ SAYI
Azərbaycanın qlobal humanitar missiyası

Azərbaycanın qlobal humanitar missiyası

“Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik.” Bu fikirləri Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr zamanı videoformatda təqdim olunan çıxışında söyləyib.
COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu var. Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır.
Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülüb.
COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır.

Ölkə başçısının öz çıxışında vurğuladığı kimi Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Ölkəmiz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlayıb. Bu günədək Azərbaycanda yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.
Həmçinin həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı edib. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdirilir. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.

“İndi biz post-COVID-19 dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində işləyirik. Biz, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq. Bundan sonra da təşəbbüslərimizin tərəfinizdən dəstəklənəcəyinə ümid edirik”, – İlham Əliyev qeyd edib.

Rəşad Binyətov
Saatlı rayonu Cəfərxan kənd tam orta məktəbinin fiziki hazırlıq rəhbəri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın