29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sui-istifadəyə məruz qalan özəlləşdirmə çeki sahibləri: “Vətəndaşların mülkiyyət hüququ təmin edilməlidir” – Müsahibə

Sui-istifadəyə məruz qalan özəlləşdirmə çeki sahibləri: “Vətəndaşların mülkiyyət hüququ təmin edilməlidir” – Müsahibə

Sui-istifadəyə məruz qalan özəlləşdirmə çeki sahibləri: “Vətəndaşların mülkiyyət hüququ təmin edilməlidir” – Müsahibə

1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. Özəlləşdirmə çekləri vətəndaşlar üçün böyük imkanlar yaratsa da, hazırda insanlar bu imkanlardan məhrumdur. Bu fonda əhalinin böyük əksəriyyəti əlində qalan çeklərdən istifadə edəcəi günü səbirsizliklə gözləyir.

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədr müavini, “Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Vüsal Əliyev Qanunla.az-a müsahibə verib.

image-img-20220315-wa0028

Həmin müsahibəni təqdim edirik:

– Vüsal bəy, özəlləşdirmə çekləri vətəndaşlar üçün hansı imkanlara malik idi?

– Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi formasiyaya qədəm qoyub. Yəni, sosializm adlı formasiyadan kapitalizm formasiyasına keçid olub. Çağdaş dünyanın yaşadığı kapitalizmə keçəndən sonra ölkəmiz birmənalı şəkildə yeni bazar münasibətlərinə qədəm qoydu. Bu, dövlətsizləşdirilmə prosesidir. Yəni, mülkiyyətin və mülkiyyət hüququnun təkminləşdirilməsi, dövlətin mülkiyyət üzərində yox, məhz mülkiyyətçilərin hüquq və mənafelərinin qorunması üçün işləmə mexanizmini tərtib edən orqana çevrilməsi deməkdir. Bu fonda özəlləşdirmə çekləri 90-cı illərin əvvəllərində Azərbaycanda dövlət müəssisələrinin, təşkilatlarının özəlləşdirilməsi zamanı dövriyyəyə buraxıldı. Özəlləşdirmə çekləri əhaliyə 1997-ci ildə paylanılıb və o dövrdə hər bir vətəndaşın inflyasiyadan kənarda qalan dövlət mülkiyyətində xüsusi payını ifadə edir. O dövr üçün bu rəqəm birin otuz iki milyona nisbətində (1/32 000 000) qiymətləndirilirdi. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Özəlləşdirmə çeklərinin təyinatı vətəndaşların dövlət əmlaklarının özəlləşdirilməsində iştirakını təmin etməkdən ibarət idi. O dövrdə bəzi şəxslər özəlləşdirmə çekləri vasitəsilə dövlətin özəlləşdirməyə çıxardığı müəssisələrdən, sexlərdən alaraq faydalana bildi. Lakin əksəriyyət bu çeklərin gələcəkdə daha çox faydalı olacağını düşündükləri üçün istifadə etmədilər. Bəzi şəxslər isə bu çekləri qara bazarda satmaqla, çeki alan şəxslərin müəyyən dövlət əmlaklarına sahiblənməsinə səbəb oldular. Ümumilikdə özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı.

– Çeklərin yenidən dövriyyəyə buraxılmasına ehtiyac varmı?

– Bir neçə il öncə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı məlumat yayılmışdı. Lakin heç bir nəticə əldə olunmadı. Bu gün vətəndaşların əlində kifayət qədər özəlləşdirmə çekləri var. Hüquqşünas olaraq, mülkiyyət hüququnun təmin edilməsi və dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin bu və ya digər formada yenidən dövriyyəyə buraxılmasının tərəfdarıyam. Çeklər yenidən dövriyyəyə buraxılmasa, bu halda vaxtilə paylanmış çeklərindən istifadə edə bilməyən və əlində çeki qalan şəxslərə kompensasiya formasında hansısa maliyyə vəsaitinin ayrılması ilə bağlı Nazirlər Kabineti tərəfindən qərarın qəbul edilməsinə ehtiyac var. Əslində özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması daha məqsədəuyğun olar. Çünki özəlləşdirmə çekləri özəlləşdirmə siyasətində mülkiyyət hüququnun rəsmi formada qorunmasına əsaslanıb.

– Əlində özəlləşdirmə çekləri qalan vətəndaşlara hansı formada imkanlar yaradıla bilər?

– Artıq müstəqilliyimizin 30-cu ilindəyik. Məlumdur ki, özəlləşdirmə çekləri və dövlət özəlləşdirmə proqramının həyata keçirilməsində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ikinci nəfəs oldu. Təəssüf ki, bu dövr ərzində əksər insanlar özəlləşdirmə çeklərindən istifadə etmədilər. Dövlət müəssisələrinin özəlləşdirilməsi proqramı artıq 25 illik zaman kəsiyində baş verib. Sovet dönəmindən dövlətin üzərində qalan müəssisələrin böyük hissəsi özəlləşdirilib. Özəlləşdirmə çeki sahiblərinin əksəriyyətinin bu imkandan yararlana bilməməsi onu göstərir ki, çeklərin mahiyyətindən düzgün istifadəyə şərait yaradılmayıb. Bütün hallarda çeki əlində qalan vətəndaşlara güzəştlərin tətbiq edilməsi vacibdir. Qeyd edim ki, yaxın tarixdə Dövlət Neft şirkəti özünün maliyyə aktivlərini bu və ya digər formada təkminləşdirmək üçün SOCAR-ın müvafiq çeklərini dövriyyəyə buraxmışdı. Bu çeklər bir növ kredit formasında təqdim olunmuşdu. Bu çekləri alaraq yararlanan şəxslər müəyyən bonuslar və maliyyə vəsaiti əldə edirdilər. Bu proses üzərindən özəlləşdirmə çeklərinin də müvafiq bazar iqtisadiyyatına uyğun tətbiq edilməsi mümkündür.

Qeyd edək ki, əlində özəlləşdirmə çekləri qalan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Nazirlər Kabineti və Prezident Aparatına ünvanladığı AÇIQ MƏKTUBla aşağıdakı linkdən tanış ola bilərsiniz.

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın