29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Özəlləşdirmə çekləri qayıdır

Özəlləşdirmə çekləri qayıdır

Dövlət özəlləşdirmə payları və dövlət özəlləşdirmə çeklərinin müqayisəli hüquqi təhlili: dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının hüquqi nəticələri əsasında

Dövlət özəlləşdirmə paylar və dövlət özəlləşdirmə çekləri ilə bağlı hazırda doktrina və praktikada davam edən əsas mübahisənin dövlət özəlləşdirmə çeklərinin tədavül müddətinin qanunvericilikdə məhdudlaşdırılması, başqa bir ifadə ilə dövriyyədən çıxarılması ilə əmələ gəldiyini irəli sürsək, yanılmarıq. Belə ki, dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti məhdudlaşdırılması aşağıdakı sualların meydana gəlməsinə səbəb oldu:

1)  Dövlət özəlləşdirmə çekləri ilə dövlət özəlləşdirmə payları eyni hüquqi anlayışlardır, yoxsa fərqli hüquqi anlayışlardır?

2) Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması, həm də dövlət özəlləşdirmə payları üzərində hər bir Azərbaycan Respublikası vətəndaşına verilmiş mülkiyyət hüququnun xitamına səbəb oldumu?

3) Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə onların dövriyyədən çıxarılması eyni anlayışlardırmı? Onların tədavüldən çıxarılması qanunvericiliyə uyğun icra olunubmu?

4) Dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti nə üçün qanunvericilikdə məhdudlaşdırıldı?

Məqalədə həmin suallar Azərbaycan Respublikası qanunvericiliyi bir bütün olaraq diqqətə alınıb, hüquqi baxımdan təhlil edilib.

Birinci sual və cavabı:

Sual: Dövlət özəlləşdirmə çekləri ilə dövlət özəlləşdirmə payları eyni hüquqi anlayışlardır, yoxsa fərqli hüquqi anlayışlardır?

Cavab: Dövlət özəlləşdirmə çekləri ilə dövlət özəlləşdirmə payları eyni hüquqi anlayışlar olmayıb, bir-birindən fərqli hüquqi anlayışlardır.

Belə ki, hamımıza yaxşı məlumdur ki, dövlət özəlləşdirmə payı ölkəmizin qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunu ilə tənzimlənib.

Həmin Qanunun 18-cı maddəsində özəlləşdirmə payı anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Həmin Qanunun 10-cu maddəsində isə deyilir ki, özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları “Özəlləşdirmə haqqında” Dövlət Proqramı ilə müəyyənləşdirilir.

Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair ilk Dövlət Proqarmı isə 29 sentyabr 1995-cil tarixində qəbul olunub.

Bu proqram, Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu ilə təsdiqlənmiş məşhur “I Dövlət Proqramı”dır (bundan sonra “I Dövlət Proqramı” adlanacaq).

Həmin “I Dövlət Proqramı” tələblərinə nəzərə alsaq, görərik ki, ulu öndər sosialist rejimində çıxaraq müstəqilliyini əldə etmiş Respublikamızın əmlakının onun həqiqi sahibi olan Azərbaycan Respublikası vətəndaşına əvəzsiz qaydada verilməsinə xüsusi səy göstərmişdir.

Məhz ulu öndərin imzasını daşıyana I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan isə 3-cü bölməsinin tələblərini və onun imzasını daşıyan digər normativ hüquqi aktları nəzərə alaraq, bu fikri rahatlıqla demək olar.

Həmin bölmədə müvafiq olaraq deyilir:

1. Özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir (2-ci abzas).

Qeyd: 1993-cü il tarixli Qanunun 18.1-ci maddəsindəki tələb eyni ilə təkrar olunub.

Bu bənd onu göstərir ki, Azərbaycan Respublikası dövləti və onun dövlət başçısı ulu öndər, bu normativ hüquqi aktı və ona əsaslanan dövlət özəlləşdirmə payı vasitəsi ilə özəlləşdirilən dövlət mülkiyyətinin (əmlakının) bir hissəsini Azərbaycan Respublikasının vətəndaşının (pay sahibinə) mülkiyyətinə əvəzsiz qaydada vermişdir.

Hüququn bütün dünyada qəbul edilən universal qaydasına görə, əgər bir şəxs öz mülkiyyətində olan əmlakın bir hissəsini istər əvəzli, istərsə də əvəzsiz qaydada başqa şəxsin mülkiyyətinə verirsə, həmin hissə üzərində əldə edən şəxsin mülkiyyət hüququ əmələ gəlir.

Belə olan halda deyə bilərik ki, dövlət özəlləşdirmə payları Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz qaydada verilmiş əmlak hissəsi (əmlak payı) üzərində onun mülkiyyət hüququnu təsdiqləyən sənəddir.

Başqa sözlə, 1993-cü ilə tarixli Qanunun və 1995-ci il tarixli I Dövlət proqramının qəbul edilməsi ilə birlikdə, hər bir Azərbaycan vətəndaşının dövlət özəlləşdirmə payı üzərindəki mülkiyyət hüququ rəsmi şəkildə təsdiqlənmişdir.

Mülkiyyət hüququ isə əsas insan hüquqlarından biri olub, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, hər hansı bir müddətə tabe deyildir və istifadə edilməmə onun xitamına səbəb ola bilməz.

Bir şəxsdən mülkiyyət bağışlama istisna olmaqla, yalnız onun razılığı ilə qarşılığı ödənilərək alına bilər. Məhz Konstitusiyanın 29-cı maddəsinin IV bəndində deyilir ki, “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

2. Özəlləşdirmə payı – respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər (3-cü abzas).

Qeyd: Bu normadan məlum olur ki, I Dövlət Proqramı, 1993-cü il tarixli Qanunundan fərqli olaraq “dövlət özəlləşdirmə paylarının” istifadə qabiliyyətini artırıb və onun satıla, girov qoyula biləcəyini, başqa formada özgəninkiləşdirilə biləcəyini qəbul edib. Buradan açıq aydın görünür ki, I Dövlət Proqramı, dövlət özəlləşdirmə paylarının tədavül edə biləcəyini tənzimləmir. Sonrakı normalar təhlil edildiyi zaman Ulu Öndərin uzaqgörən hüququ siyasətinə heyran olmamaq mümkün deyildir. Belə ki, I Dövlət Proqramı haqlı, əsaslı və qanunvericilik (hüquq) texnologiyasına uyğun olaraq dövlət özəlləşdirmə paylarının tədavül edə biləcəyini tənzimləməyib. Belə ki, tədavül anlayışı bütün dünyada qiymətli kağızlar üçün qəbul edilən bir hüquqi anlayışdır. Dövlət özəlləşdirmə payları isə qiymətli kağız olmadığı üçün onların tədavülü mümkün deyil, əksinə onlar digər mülkiyyət hüquqları kimi satıla, girov qoyula və ya başqa formada özgəninkiləşdirilə bilər.

3. Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli: kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklə verildiyi an eyni dəyərə malikdir (4-cü abzas).

Bu normadan da məlum olur ki, I Dövlət Proqramı, 1993-cü il tarixli Qanunun ona verdiyi səlahiyyət əsasında dövlət özəlləşdirmə payını ilk dəfə qiymətli kağız olan çekə bağladı və bərabərliyin təmin oluna bilməsi üçün həmin çeklərin hamısının verildiyi an eyni dəyərə malik olduğunu ifadə etdi.

Bu norma həm də deyir ki, 1 Dövlət özəlləşdirmə payı 4 “çek yarpağına” bərabərdir.

Qısacası bu normadan məlum olur ki, dövlət özəlləşdirmə payı ilə dövlət özəlləşdirmə çeki bir-birindən fərqli xüsusiyyətlərə malik oluna iki ayrı hüquqi anlayışdır. Yəni Qanunvericilik bu iki anlayışı bir-birindən aşağıdakı əsas fərqlər ilə fərqləndirmişdir:

1) Dövlət özəlləşdirmə çeki qiymətli kağız olduğu halda, dövlət özəlləşdirmə payı qiymətli kağız olmayıb hər bir Azərbaycan Respublikası vətəndaşına dövlət əmlakından əvəzsiz qaydada verilmiş paydır (mülkiyyətdir).

2) Qiymətli kağız olan dövlət özəlləşdirmə çekinin çıxarılmasının hüquqi əsası hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payıdır. Bunu I Dövlət Proqramının 3-cü bölməsinin 4-cü abzası da açıq ayın ifadə edir.

Buradan anlaşılır ki, dövlət özəlləşdirmə payı olmasaydı, dövlət özəlləşdirmə çeki çıxarıla bilməzdi. Məlum məslədir ki, qiymətli kağız hər hansı bir əmlak hüququnu mütləq surətdə təsdiqləməlidir. Əks təqdirdə etibarsız olar. Məsələn hər hansı səhmdar cəmiyyətlərin çıxardığı səhm qiymətli kağız olub, şəxsin həmin səhmdar cəmiyyətdə şərik olduğunu, həmin səhmdar cəmiyyətin ümumi paylı mülkiyyətinin bir hissəsinin mülkiyyətinin ona aid olduğunu təsdiq edir. Əgər belə bir səhmdar cəmiyyət olmadığı halda səhm buraxılıbsa həmin səhm, sahibinin hər hansı bir səhmdar cəmiyyətdə şərik olduğunu təsdiqləmədiyi kimi, hər hansı bir mülkiyyət hüququnu təsdiqləmir. Bu səbəblə etibarsız hesab olunur.

3) Dövlət özəlləşdirmə çeki qiymətli kağız olduğu üçün tədavül edə bilər, onun tədavül müddəti müəyyən bir müddət ilə məhdudlaşdırıla bilər, o qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarıla bilər. Lakin dövlət özəlləşdirmə payı tədavül edə bilməz. Çünki tədavül anlayışı qiymətli kağızlara xas bir anlayışdır. Dolayısı ilə dövlət özəlləşdirmə payının tədavül müddətin məhdudlaşdırılması da mümkün deyildir.
Bütün bunlar əsasında deyə bilərik ki, qiymətli kağızların,  o cümlədən dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti məhdudlaşdırıla bilər, lakin bu onun çıxarılmasını əsas olan dövlət özəlləşdirmə payının (mülkiyyət hüququnun) xitamına səbəb ola bilməz.

4) Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır (5-cü abzas).

Bu normadan isə məlum olur ki, Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən payın onlara təhvil verilə bilməsi üçün dövriyyəyə tədavül müddəti 3 il olan 32 000 000 ədəd çek buraxılmışdır ki, hər 4 “çek yarpağı”, 1 dövlət özəlləşdirmə payına bərabərdir. Unutmayaq ki, 1995-ci ildə 8 000 000 əhalisi vardı və bu isə 8 000 000 dövlət özəlləşdirmə payı deməkdir.

İkinci sual və cavabı:

Sual: Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması, həm də dövlət özəlləşdirmə payları üzərində hər bir Azərbaycan Respublikası vətəndaşına verilmiş mülkiyyət hüququnun xitamına səbəb oldumu?

Cavab: Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması, həm də dövlət özəlləşdirmə payları üzərində hər bir Azərbaycan Respublikası vətəndaşına verilmiş mülkiyyət hüququnun da xitamına səbəb ola bilməz.

Birincisi, ona görə ki, dövlət özəlləşdirmə çekləri ilə dövlət özəlləşdirmə payı ilə bir-birindən fərqli xüsusiyyətlərə malik olan iki ayrı hüquqi anlayışdır. Belə ki, dövlət özəlləşdirmə çeki qiymətli kağız olduğu halda, dövlət özəlləşdirmə payı qiymətli kağız olmayıb, hər bir Azərbaycan Respublikası vətəndaşına dövlət əmlakından əvəzsiz qaydada verilmiş paydır (mülkiyyətdir). Dövlət özəlləşdirmə çekinin çıxarılmasının hüquqi əsası hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payıdır. Buradan anlaşılır ki, dövlət özəlləşdirmə payı olmasaydı, dövlət özəlləşdirmə çeki çıxarıla bilməzdi. Dolayısı ilə dövlət özəlləşdirmə çekinin tədavülünə (qüvvəsinə) xitam verilməsi dövlət özəlləşdirmə payının hüquqi qüvvəsinə təsir göstərə bilməz.

Dövlət özəlləşdirmə çeki qiymətli kağız olduğu üçün tədavül edə bilər, onun tədavül müddəti müəyyən bir müddət ilə məhdudlaşdırıla bilər, o qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarıla bilər. Lakin dövlət özəlləşdirmə payı tədavül edə bilməz. Çünki tədavül anlayışı qiymətli kağızlara xas bir anlayışdır. Dolayısıyla onun tədavül müddətinin məhdudlaşdırılması da mümkün deyildir.

Dolayısıyla qiymətli kağızların, o cümlədən dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti məhdudlaşdırıla bilər, lakin bu onun çıxarılmasını əsas olan dövlət özəlləşdirmə payının (mülkiyyət hüququnun) xitamına səbəb ola bilməz.

İkincisi, dövlət özəlləşdirmə payı sahibinə dövlət əmlakı üzərində mülkiyyət hüququnu verən anlayışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cı maddəsinin IV bəndində deyilir ki, “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Yəni bir anlıq hesab edək ki, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması dövlət özəlləşdirmə payının verdiyi mülkiyyət hüququna da xitam verir. Bu o deməkdir ki, sonradan dövlət qəbul etdiyi bir normativ hüquqi akt ilə əvəzini ödəmədən dövlət özəlləşdirmə payının verdiyi mükiyyət hüququna da xitam verib. Bu durum isə Azərbaycan Respublikası Konstitusiyasının 29-cı maddəsinin IV bəndinin tələbinə ziddir. Belə ki, həmin konstitusion normada deyilir ki, “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”. Yəni normativ hüququ akt ilə vətəndaşların sahib olduğu mülkiyyət hüququnun onlardan alınması mümkün deyildir. Bunun üçün məhkəmə qərarı olmalıdır.

Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 29-cı maddəsinin IV bəndində həm də deyilir ki, “Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Buradan məlum olduğu kimi, dövlət özəlləşdirmə payının vətəndaşlara verdiyi mülkiyyət hüququ onlarına əlindən yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Bütün bunlardan məlum olduğu kimi, vətəndaşların sahib olduğu mülkiyyət hüququ eyni hüququ mahiyyət malik olub dövlət tərəfindən hər hansı bir qanunvericilik aktının dəyişdirilməsi yolu əvəzsiz qaydada onların əlindən alınması da mümkün deyildir. 1993-cü il tarixli Qanun ilə bütün Azərbaycan Vətəndaşlarına verilmiş dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət hüququnun 1995-ci ildə qəbul edilmiş Qanunla (I Dövlət Proqramı ilə)  qiymətli kağız olan dövlət özəlləşdirmə çekinə bağlanması, həmin çekin isə tədavül müddətinin 3 il (sonradan 2011-ə qədər uzadıldı) ilə məhdudlaşdırılması yolu müddətli olduğunu hesab etmək mülkiyyət hüququ ilə bağlı qəbul edilmiş bütün universal qaydalara, konstitusion normalara ziddir.

Bütün bunlar onu göstərir ki, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə bağlı normativ hüquqi aktların məqsədi heç bir vaxt dövlət özəlləşdirmə payının verdiyi mülkiyyət hüququna xitam vermək olmayıb. Çünki əks düşüncə Azərbaycan Respublikasının konstitusion normaları ilə ziddiyyət təşkil edir.

Üçüncü sual və cavabı:

Sual: Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə onların dövriyyədən çıxarılması eyni anlayışlardır mı? Onların tədavüldən çıxarılması qanunvericiliyə uyğun icra olunubmu?

Cavab: Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə onların dövriyyədən çıxarılması eyni anlayışlardır, lakin  onların tədavüldən çıxarılması qanunvericiliyə uyğun icra olunmayıb.

Bu sualın cavabı üçün qiymətli kağızların tədavül anlayışının qanunvericilikdə necə tənzimləndiyinə və qiymətli kağızların dövriyyədən çıxarılma qaydalarına baxmaq faydalıdır.

Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-20.1-ci maddəsində deyilir ki, “Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir”.

Yenə Mülki Məcəllənin 1078-20.1-ci maddəsində deyilir ki, “Qiymətli kağızlar üzrə əqdlər bu Məcəlləyə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bağlanılır və həyata keçirilir”.

Buradan məlum olduğu kimi, qiymətli kağızların tədavülü (dövriyyəsi) deyiləndə, həmin kağızlar üzərindəki mülkiyyət hüququnun bağlanacaq mülki hüquqi müqavilələr ilə, məsələn, alqı-satqı, dəyişdirmə, bağışlanma və sairə ilə onun mülkiyyətçisindən başqa şəxsə keçməsi nəzərdə tutulur. Dolayısı ilə tədavül ilə dövriyyə sinonim sözlər olub eyni hüquqi anlayışlardır deyə bilərik.

Unutmayaq ki, dövlət özəlləşdirmə çeklərinin tədavülü (dövriyyəsi) anlayışı ilə onların ödəniş vasitəsi kimi istifadə olunması anlayışı demək olar ki, eyni xarakterə malik anlayışlardır.

Belə ki, qiymətli kağızların, başqa bir ifadə ilə, dövlət özəlləşdirmə çeklərinin tədavülü anlayışı ilə onların ödəniş vasitəsi kimi istifadə olunması anlayışı bir-birindən fərqli səslənsə də, əslində bir-birini tamamlayan, biri olmasa, digərinin olmayacağı, eyni xarakterə malik anlayışlardır. Çünki bir çekin (qiymətli kağızın) tədavülü deyiləndə qanunvericiliyin tələbinə görə, onun hüquqi sənəd olaraq başqasına satılması, başqa formada özgəninkiləşdirilməsi anlaşılır.

Eyni zamanda bir çekin (qiymətli kağızın) ödəniş vasitəsi kimi istifadə olunması da deyiləndə həmin sənədin satın aldığımız bir əşyanın, başqa bir qiymətli kağızın (səhmin) qiymətinin ödənilməsi üçün pul (ödəniş vasitəsi) kimi istifadəsi anlaşılır.

Hər iki durumda da, yəni həm çekin tədavülü durumunda, həm də çekin ödəniş vasitəsi kimi istifadə edilməsi durumunda çek sahibi çek üzərindəki mülkiyyət hüququnu qarşı tərəfə verdiyi halda, qarşı tərəf də çekin sahibinə özünə aid olan başqa bir hüququ verir.

Bu səbəblə hesab edirik ki, çekin tədavülü qadağan olunsa, onun ödəniş vasitəsi kimi istifadəsi də mümkün olmayacaq.

Məlum məsələdir ki, bir pul vahidi tədavüldən çıxarılarsa, qanuni istisnalardan başqa, ondan ödəniş vasitəsi kimi istifadə oluna bilməz. Lakin həmin pulu buraxmış dövlətin mövcud olduğu dövrdə bu pul vahidinin dövlətin mərkəzi bankı tərəfindən geri alınaraq kompensasiya edilməsi (dəyərinin ödənilməsi) istisna edilə, müəyyən vaxt ilə məhdudlaşdırıla bilməz.

Eyni şəkilidə bu açıq aydındır ki, bir qiymətli kağız tədavüldən çıxarılarsa o, ödəniş vasitəsi kimi də istifadə oluna bilməz.

Məlum olduğu kimi, ulu öndərin imzasını daşıyan “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli, 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnaməsinin” (bundan sonra “Çeklər haqqında Əsasnamə” adlandırılacaq) 1.5-ci bəndi, “bütün özəlləşdirmə dövrlərində çeklərdən ödəniş vasitəsi kimi istifadə oluna biləcəyini tənzimləyərək çeklərin tədavül müddətinin də müəyyən bir müddət ilə məhdudlaşdırılmasına mane olmuşdur. Lakin buna baxmayaraq həm “I Dövlət Proqaramı”nın 3-cü bölməsinin 5-ci abzası (3 il müddətində), həm də Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.5-ci bəndi dövlət özəlləşdirmə çeklərinin tədavül (dövriyyə, ödəniş vasitəsi kimi istifadə olunma) müddətini məhdudlaşdırıb (2011-ci ilin yanvar ayına qədər). Bunun hüquqa uyğun olub olmadığı başqa bir mübahisənin predmeto olmaqla birlikdə hesab edək ki, hüquqa uyğundur.

Burada əsas məsələ, “görəsən, dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması qanunvericiliyə uyğun icra olunubmu?” məsələsidir. Hesab edirik ki, yox.

Çünki Mülki Məcəllənin “Qiymətli kağızların dövriyyədən çıxarılması” başlığını daşıyan 1078-27-cü maddəsində nəzərdə tutulan qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları burada pozuldu.

Belə ki, Mülki Məcəllənin 1078-27.1-ci maddəsində deyilir ki, “qiymətli kağızların dövriyyədən çıxarılması hallarda həyata keçirilir:

1) səhmlər barəsində səhmdarların ümumi yığıncağının qərarı ilə (maddə 1078-27.1.1);

2) qiymətli kağızların emissiyasının baş tutmamış hesab edildiyi halda maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə (maddə 1078-27.1.2);

3) qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə (maddə 1078-27.1.3);

4) emitentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildikdə (maddə 1078-27.1.4);

5) tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə (maddə 1078-27.1.4-1);

6) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda (maddə 1078-27.1.5).

Burada dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması ilə bağlı xüsusi ilə Mülki Məcəllənin 1078-27.1.4-1-ci maddəsi önəm ifadə edir.

Məhz həmin normada deyilir ki, qiymətli kağızlar, o cümlədən dövlət özəlləşdirmə çekləri tədavül müddəti bitdikdən sonra qiyməti ödənilərək dövriyyədən (tədavüldən) çıxarılır.

Dördüncü sual və cavabı:

Sual: Dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti nə üçün qanunvericilikdə məhdudlaşdırıldı?

Cavab: Bu sualın cavabı Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında 7 yanvar 1993-cü il tarixli Qanunun 19-cu maddəsində gizlidir.

Belə ki, həmin 19-cu maddənin 1-ci abzasında deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının (çeklərinin) bu və ya digər səbəblər üzündən həmin (özəlləşdirmə) məqsədlərinə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır”.

Buradan məlum olduğu kimi, hər hansı bir formada tədavül müddəti ərzində istifadə edilə bilməyən, başqa bir ifadə özəlləşdirmə məqsədlərinə yönəldilə bilməyən dövlət özəlləşdirmə çeklərinin dövlət tərəfindən yaradılan ixtisaslaşdırılmış investisiya fonduna qoyulmalı və sahiblərinə pay şəkilində divident verilməli idi.

Başqa bir ifadə ilə qanunvericilikdə dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti əvvəl 3 il, sonra isə 2011-ci ilin yanvar ayına qədər olan müddət ilə məhdudlaşdırılmasındakı məqsəd investisya fondu yardılması ilə bağlı olub. Yəni öncəliklə  3 il ərzində bütün dövlət əmlakının özəlləşdirilib bitirilə biləcəyi güman edilib. Əgər bitirilə bilməsə qalan dövlət özəlləşdirmə çeklərinin yaradılacaq investisiya fondlarına qoyularaq sahiblərinə dividentlərinin verilməsi planlaşdırılıb. Lakin bütün bunların heç bir həyata keçirilmədi.

Nəticə: Məqalədə qoyulan suallar ilə bağlı hüquqi təhlilin cavabları əsasən əlaqədar bölmələrdə ifadə olunub. Bununla birlikdə xülasə kimi aşağıdakıların qeyd edilməsinin faydalı olacağını hesab edirik.

Dövlət özəlləşdirmə çeklərinin ilə dövlət özəlləşdirmə payları eyni hüquqi anlayışlar olmayıb, bir-birindən fərqli hüquqi anlayışlardır. Bülə ki, dövlət özəlləşdirmə çeki qiymətli kağız olduğu halda, dövlət özəlləşdirmə payı qiymətli kağız olmayıb hər bir Azərbaycan Respublikası vətəndaşına dövlət əmlakından əvəzsiz qaydada verilmiş paydır (mülkiyyətdir). Dövlət özəlləşdirmə çekinin çıxarılmasının hüquqi əsası hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payıdır. Yəni, dövlət özəlləşdirmə payı olmasaydı, dövlət özəlləşdirmə çeki çıxarıla bilməzdi. Dövlət özəlləşdirmə çeki qiymətli kağız olduğu üçün tədavül edə bilər, onun tədavül müddəti müəyyən bir müddət ilə məhdudlaşdırıla bilər, o qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarıla bilər. Lakin dövlət özəlləşdirmə payı tədavül edə bilməz. Çünki tədavül anlayışı qiymətli kağızlara xas bir anlayışdır. Dolayısı ilə dövlət özəlləşdirmə payının tədavül müddətin məhdudlaşdırılması da mümkün deyildir.

Bütün bunlar əsasında deyə bilərik ki, qiymətli kağızların,  o cümlədən dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti məhdudlaşdırıla bilər, lakin bu onun çıxarılmasını əsas olan dövlət özəlləşdirmə payının (mülkiyyət hüququnun) xitamına səbəb ola bilməz. Başqa bir ifadə ilə dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması, həm də dövlət özəlləşdirmə payları üzərində hər bir Azərbaycan Respublikası vətəndaşına verilmiş mülkiyyət hüququnun da xitamına səbəb ola bilməz.

Dövlət özəlləşdirmə çeklərinin tədavüldən, dövriyyəsi, o cümlədən ödəniş vasitəsi kimi istifadəsi eyni anlayışlardır. Yenə dövlət özəlləşdirmə çeklərinin tədavüldən (dövriyyədən) çıxarılması, ödəniş vasitəsi kimi istifadəsinin məhdudlaşdırılması qanunvericiliyə uyğun icra olunmayıb.

Dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti qanunvericilikdə nə üçün məhdudlaşdırıldığını təsbit etmək üçün Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında 7 yanvar 1993-cü il tarixli Qanunun 19-cu maddəsinə baxmaq faydalıdır. Belə ki, həmin normada qeyd edilir ki, hər hansı bir formada tədavül müddəti ərzində istifadə edilə bilməyən, başqa bir ifadə özəlləşdirmə məqsədlərinə yönəldilə bilməyən dövlət özəlləşdirmə çeklərinin dövlət tərəfindən yaradılan ixtisaslaşdırılmış investisiya fonduna qoyulmalı və sahiblərinə pay şəkilində divident verilməli idi.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə qədər anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə çeklərlə əvəzlələcək 65% Dövlət əmlakının 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib və 1997-ci ildə ən azı 2000 dollar əmlak ekvivalentində olub. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Mövzuya dair daha ətraflı məlumatla bu keçidə daxil olmaqla tanış ola bilərsiniz.

Mübariz Yolçiyev

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, vəkil

Xüsusi olaraq AYNA üçün

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın