19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Regionda yeni düzən formalaşır” – Deputat

“Regionda yeni düzən formalaşır” – Deputat

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən görüş Avropanın regionda təsir imkanlarının və nüfuzunun artmasından xəbər verir.

Qafqazaz.com  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) region ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır:

“Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni, 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstanda 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyuluşu həyata keçirib. Bölgədə və eləcə də dünyada formalaşan yeni düzən fonunda Avropa İttifaqının Azərbaycana dəstəyinin daha da artması müşahidə olunur. Qurum iqtisadi əlaqələri genişləndirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, o cümlədən bərpa və quruculuq işlərində ölkəmizə daha yaxından dəstək olmağı planlaşdırır. Son Brüssel görüşü də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir. Qərəzsiz və bitərəf mövqe nümayiş etdirməyə çalışan Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olmaqla yanaşı, eyni zamanda son illər təsir dairlərini genişləndirməkdədir”.

Deputat bildirib ki, Azərbaycan hər zaman Avropa ilə əməkdaşlığın güclənməsinə önəm verir: “Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin dərinləşməsi, köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasında ölkəmizin rolunun və əhəmiyyətinin daha da artması, Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar və qurumun bölgədə dayanıqlı stabilliyin əldə edilməsində rolunun artması da bundan xəbər verir. Etiraf etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsini Cənubi Qafqaz regionunda sülh və stabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son görüşün nəticələri regionda artıq yeni düzənin formalaşmasından və onun dərinləşəcəyindən xəbər verir. Qonşuluqda stabillik Avropada da sülhün dayanıqlığı baxımından çox vacibdir. Rusiya-Ukrayna müharibəsi bu reallığı bir daha təsdiq etdi”.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın