19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız bundan sonra da yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar

Dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız bundan sonra da yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar

Azərbaycanın sürətli, dinamik inkişafı idman sahəsində də özünü göstərir. Xalqımız  dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olmuş, beynəlxalq yarışlarda bir sıra parlaq qələbələrə imza atmışdır. Son illər ölkəmiz dünya və Avropa miqyaslı onlarca idman yarışına ev sahibliyi edib. Beynəlxalq idman federasiyalarının qərarları ilə ölkəmizdə təşkil olunan hər bir turniri tələb olunan səviyyədə təşkil edən Azərbaycan hər dəfə tarixini möhtəşəm nailiyyətlərlə zənginləşdirib. Vətəndaşlarımızın fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Bu diqqət və qayğı idmanın inkişafına təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam, vətənpərvərlik ruhda tərbiyə olunmasına əlverişli şərait yaradıb. Bunun əsasında dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin cənablarının rəhbərliyi ilə Qəhrəman Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarix Qələbənin əldə olunmasında əsas pay sahibi də məhz belə gənclərimiz olmuşdur. Bu gənclərin içərisində idmançılar da az olmamışdır.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında iştirak edən güləşçilərimizi qəbul etməsi ölkə başçısının şəxsən idman sahəsinə nəzarət etdiyinin göstəricisi idi. Güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar, yarışda 16 medal qazanaraq Vətənə geri dönüblər. Cənab Prezident çıxışında bu tarixi uğuru yüksək qiymətləndirərək bildirib: “Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”.

Həqiqətən də bu gün idmançılarımız fərqli ruhda yetişir. Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini, birmənalı olaraq, Azərbaycan respublikasında idmanın inkişafına sərf edir. Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəslin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurmuşlar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq meydanda yüksək zirvələr fəth etmiş, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirməkdədirlər. 

Bədən tərbiyəsi və idmanın inkişafı ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır, bayrağımızı yüksəklərə qaldırırlar. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız bundan sonra da yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın