29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sevinc Hüseynova: Azərbaycan dün­yada güclü ölkələr sırasında yerini daha da gücləndirib

Sevinc Hüseynova: Azərbaycan dün­yada güclü ölkələr sırasında yerini daha da gücləndirib

Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci il aprelin 11-də şəffaf, demokratik şəraitdə keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin, səsini qazanması təsadüfi deyildi. Bu uğur cəmiyyətimizin iradəsini tam dolğunluğu ilə əks etdirir, eyni zamanda, Azərbaycan vətəndaşının görülən işlərə yüksək dəyər verməsini, ən doğru seçimini reallaşdırmasını, gələcək dayanıqlı sabitliyə, davamlı inkişafa və nikbin gələcəyə əminliyini parlaq əks etdirir.

Bu qələbəni şərtləndirən məqamlara diqqət yetirmək üçün, ilk növbədə, seçkiyə qədərki dövrün (2003-2018-ci illər) sosial-iqtisadi, siyasi mənzərəsini statistik göstəricilər fonunda nəzərdən keçirək. Xatırladaq ki, bu dövrdə ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 26,6 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə çoxalıb.

“Yeni Gündəm”ə istinadən xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Həmin illərdə gerçəkləşdirilən bütün dərin sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı sahəsində inqilabi addımların atılması, sosial müdafiə, məşğulluq, tibbi-sosial reabilitasiya və sosial sahənin digər sektorları üzrə ciddi irəliləyişlərin əldə edilməsi ilə nəticələnib. Bunun bariz ifadəsi olaraq, əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, maaşlar 7 dəfə, pensiyalar 10 dəfə yüksəlib, 1 milyon 958 min 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 5 faizə, yoxsullu­ğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Eyni zamanda, sosial infrastrukturun inkişafı diqqətdə saxlanılıb. Bu, 3100-dən çox məktəbin, 640-dan çox xəstəxananın tikilməsi və təmirində, bölgələrdə 43 Olimpiya İdman Mərkəzinin yaradılmasında, 15 min kilometr yeni yolun çəkilməsində, 30 elektrik stansiyası, 4 su anbarı, altısı beynəlxalq statusa malik olan 7 aeroportun istifadəyə verilməsində öz ifadəsini tapıb.

Belə bir inkişaf dinamikası ilə Azərbaycanın etibarlı tərəfdaş və regionun lider dövləti olaraq, beynəlxalq imici daha da möhkəmlənib. Bununla da respublikamız dünyada, həm də ən çox islahat aparan 10 dövlətdən biri kimi tanınıb, yüksək texnologiyaların sürətlə tətbiqini reallaşdırmaqla kosmik ölkələr klubuna daxil olub. Davos Dünya İqtisadi Forumunun “2017-2018: Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci pillədə qərarlaşmasını və MDB məkanında liderliyini qoruyub saxlamasını da məhz bütün bu uğurlar şərtləndirib.

Azərbaycan 2003-2018-ci illər ərzində silahlı qüvəllərimizin sürətlə inkişafına da mühüm önəm verib, silah-sursat, texnika təchizatını gücləndirib, ordunun döyüş qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirib. Məhz bunun nəticəsində 2016-cı ilin Aprel döyüşlərində əsgər və zabitlərimiz tərəfindən bütün dünyaya mətinlik, qələbə əzmi nümayiş etdiri­lib. Bu, 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapıb, 30 illik düşmən əsarətindəki torpaqlarımız azadlığa qovuşub və beləliklə, Azərbaycan ərazi bütövlüyünü gerçəkləşdirib.

Ölkəmizdə keçirilən 11 aprel 2018-ci il Prezident seçkilərindən sonrakı mərhələdə də tarixi siyasi, sosial-iqtisadi uğurlar əldə olunub. Ötən müddətdə dövlətimizin başçısının andiçmə mərasimindəki çıxışında dediyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasın­lar” sözləri bir daha öz təsdiqini tapıb. Təkcə 2021-ci ildə pandemiyanın yeni dalğasına baxmayaraq, çevik tədbirlərin görülməsi, peyvəndlənmə prosesinə xüsusi önəm verilməsi və sosial təcrid məhdudiyyətlərinin tədricən yumşaldıl­ması nəticəsində müsbət göstəricilər qazanılıb, ölkədə ümumi daxili məhsul (ÜDM) 5,6 faiz, sənaye istehsalı 5,2 faiz artıb. O cümlədən, artım tempi qeyri-neft sektoru üzrə 7,2 faiz, qeyri-neft sənayesi üzrə 18,9 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz təşkil edib. Xarici ticarət dövriyyəsi təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb, 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5 faiz artıb. İxracın real artımı 17 faiz olub, idxal isə 10 faiz azalıb. Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz yüksəlib.

Bu dövrdə iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf strateji val­yuta ehtiyatlarının artımını şərtləndirib. Belə ki, strateji valyuta ehtiyatları 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53 milyard ABŞ dollarını ötüb və xarici birbaşa dövlət borcunu 7 dəfədən çox üstələyib. Yeri gəlmişkən, 2021-ci ilin sonuna xarici birbaşa dövlət borcu­nun məbləği 7,4 milyard ABŞ dolları təşkil edib. Bu, 2020-ci ilin sonu ilə müqayisədə 707 milyon ABŞ dolları və ya 8,7 faiz azalıb. Birbaşa xarici dövlət borcu ÜDM-in 13,5 faizini təşkil edib.

Sonuncu Prezident seçkilərindən ötən müddətdə əhalinin sosial durumu­nun yaxşılaşdırılması da dövlətin sosial siyasətinin prioritet istiqamətlərində xüsusi yer tutub. Qeyd edək ki, 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz artıb, 2020-ci və 2021-ci illərdə də sosial indeksasiya, təqaüd artım­ları həyata keçirilib. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları reallaşdırılıb, bu ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırılıb.

Beləliklə, yalnız son 4 ildə mini­mum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz çoxalıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox artım gerçəkləşib. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlətimizin başçısının im­zaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 mil­yard manat təşkil edib.

Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı icra olunub, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı 2021-ci ildə 5 dəfə genişlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olan­lara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, ötən il həmin göstərici 3 minə çatdırılıb. Ümumən ötən dövrdə 12 min 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib. Eyni zamanda, dövlət başçısının 2021-ci il avqustun 25-də imzaladığı sərəncamla Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillərin verilməsinə başlanılıb. Digər həssas qruplardan olanların (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da ardı­cıl şəkildə mənzillə təminatı həyata keçirilib.

Uğurla gerçəkləşdirilən sosial siyasət nəticəsində ölkədə sosial inf­rastrukturun, o cümlədən, sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafı reallaşıb. Sonuncu prezident seçkilərindən sonrakı dövrdə 12 rea­bilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb. Həmçinin son 4 ildə sosial xidmətlər, günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi xeyli genişlənib. Sosial xidmət sahələrində daimi təkmilləşdirmələrin aparılması diqqət mərkəzində saxlanılıb.

Bu illər ərzində ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə yüksək dəyərləndirilib. Dövlət Sosial Müdafiə Fonduna Böyük Britaniyada keçirilən “Dövlət sektorun­da transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali müka­fatı təqdim olunub. Cari ilin fevralında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən DOST Agentliyinə bu yaxınlar­da Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı verilib. Həmçinin 2019-cu ildə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafat və təltiflərinə layiq görülüb.

Bütün bu sadalananlar onu göstərir ki, dövlətimizin başçısı 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji vəzifələri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata ke­çirib, iqtisadiyyatı dinamik inkişaf yoluna çıxarıb və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Yaradılan belə bir şərait isə 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirib.

Cənab Prezidentin bəyan etdi­yi kimi, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımı­zın qətiyyəti, müdrik siyasəti, silahlı qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.

Yeri gəlmişkən, Vətən müharibəsində erməni silahlı birləşmələri ordumuzun güc-qüdrəti qar­şısında davam gətirməyərək, tamamilə darmadağın olundu. Bu, təsadüfi deyildi. Çünki istər ulu öndər Heydər Əliyev, istərsə də dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsi hər zaman prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılaraq, dünya miqya­sında güclü ordular səviyyəsinə çatdırı­lıb. Vətən müharibəsi də bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü, yenilməz, müzəffər ordudur. Belə bir güc-qüvvə ilə Azərbaycan müharibədə erməni mifini məhv etdi, erməni uydur­malarına son qoydu, işğalçını yerinə oturtdu, düşməni diz çökdürdü. Bəli erməni faşizmi bundan sonra bu rəzalət damğası ilə yaşayacaq. Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki uzun illər ərzində, otuz il ərzində ermənilər dırnaqa­rası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsindən sonra Azərbaycanda dövlət qurucu­luğu, milli iqtisadi inkişaf və ictimai həyat yeni mərhələyə daxil olub. İndi respublikamızın regional güc mərkəzi olaraq mövqelərinin daha da möhkəmləndirilməsi, iqtisadiyyatının daha da gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda iqtisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğal­dan azad olunan ərazilərimizə “Bö­yük qayıdış”ın ən yüksək səviyyədə təmin edilməsi üçün bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırılır. Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında iqtisa­di rayonların yeni bölgüsü haqqında” fərmandakı bölgüyə 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da adlarının salınması, Zəngəzur dəhlizinin açılma­sı, kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm addımlar atılması da düşməndən təmizlənən torpaqların tezliklə yeni görkəm alacağından, dün­yanın ən abad, gözəl məkanlarından biri olacağından xəbər verir.

Artıq Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda işğalçı­nın dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyası bərpa-quruculuq işləri gedir, bütün torpaq­larda həyat bərpa olunur. Prezident İlham Əliyev bununla bağlı deyib: “Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özü­nün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır…”.

Qarşıdakı dövrdə də əldə ediləcək uğurların miqyasını genişləndirmək üçün iqtisadi fəallığın, ərzaq təhlükəsizliyinin təmin edilməsi, mak­roiqtisadi sabitliyin qorunması və milli valyutanın məzənnəsində dayanıqlığınartırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırıl­ması, infrastrukturun müasirləşdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, kommunal, enerji, su və digər xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yol infrastrukturunun yenidən qurulması kimi qarşıya mühüm vəzifələr qoyulub. Bu gün həmin vəzifələrin düzgün stra­tegiya və ardıcıl islahatlar sayəsində reallaşdırılması nəticəsində qazanılan uğurlar hamımızda Azərbaycanın dün­yada güclü ölkələr sırasında yerini daha da möhkəmləndirməsi inamını daha da gücləndirib.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın