28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb

  • MANŞET
  • 20 May 2022
  • 2.262 BAXIŞ SAYI
Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb

Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb

Azərbaycan-Litva biznes-forumunda iki ölkənin müxtəlif sahələrdəki yeni əməkdaşlıq imkanları bir daha müzakirə edildi. Dövlət başçısı bəyan etdi ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Azərbaycanda investorlar üçün əlverişli biznes mühitinin yaradıldığını xatırladan dövlət başçısı vurğuladı ki, xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir və Azərbaycanın investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi  bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yatırılır. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək-elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanıb ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. İlham Əliyev həmçinin müxtəlif sahələrdəki iqtisadi artımı da litvalı qonaqların diqqətinə çatdırdı. Ölkə iqtisadiyyatı postpandemiya dövründə 7,2 faiz, qeyri-neft sektoru 11,4 faiz, ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Ölkədə işsizlik səviyyəsi 5-6 faizə qədər azalıb. Bütün bunlar isə ölkənin dayanıqlı inkişafını göstərir.  İki ölkə arasında müzakirə olunan məsələlərdən biri də nəqliyyat sektorunda əməkdaşlıq olub. İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq Azərbaycan müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradıb. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar isə Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün də çox önəmli olacaq.

Litva Prezidenti isə ölkəmizin son illərdə qazandığı uğurları dəyərləndirərək dedi ki, Azərbaycan çoxsaylı nailiyyətlərə imza atıb və həyata keçirilən iqtisadi siyasət Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artıracaq. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaq. “Yaşıl iqtisadiyyat” və innovasiyalarla bağlı məqsədlər Azərbaycanın gələcək iqtisadi perspektivlərini və gücünü şərtləndirən əsas meyarlardır.

Ən əsası, Gitanas Nausedanın Azərbaycana səfəri bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək. Bununla yanaşı, “Şərq Tərəfdaşlığı” təşəbbüsü, hökumətlər arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalardır. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər vardır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın