25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan və Litva strateji tərəfdaşlığı tərəqqiyə və inkişafa xidmət edir

  • MANŞET
  • 20 May 2022
  • 2.269 BAXIŞ SAYI
Azərbaycan və Litva strateji tərəfdaşlığı tərəqqiyə və inkişafa xidmət edir

Azərbaycan və Litva strateji tərəfdaşlığı tərəqqiyə və inkişafa xidmət edir

Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də Azərbaycana rəsmi səfərə gəlişi ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Prezident cənab İlham Əliyev də öz çıxışında belə bir məqamı xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Həqiqətən də bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Təbii ki, dövlət başçılarının müzakirə etdikləri vacib məsələlər arasında Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaranmış yeni regional reallıqlar xüsusi yer tutub. Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ifadə edərək bildirib ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Həm də nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün əvvəllər heç zaman mövcud olmamış geniş imkanlar meydana çıxıb. Təəssüflər olsun ki, yalnız Ermənistan indiyə qədər hələ də Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Bununla belə dövlətimizin başçısı bu məqamı da qeyd edib ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib və bu artıq müəyyən qədər nikbinliyin yaranmasına əsas verir.

Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları ölkələrimiz arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət oldu. Forumdakı çıxışında dövlət başçımız vurğuladı ki, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya işgüzar dairələrin səylərini əlaqələndirəcək və hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanda biznes mühiti investorlar üçün çox əlverişlidir. Əgər ölkənin investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, hazırda bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yer tutur. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. Bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına güclü təkan verəcək.

Dövlət başçımızın çıxışında toxunduğu daha bir vacib məqam bu oldu ki, Litvanın Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəkləməsi də çox müsbət bir haldır. Qeyd edək ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların nəticəsidir. Bu gün Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür. Hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın