29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

31 mart – Azərbaycanlıların Soyqırımı Günü

  • MANŞET
  • 30 Mart 2022
  • 2.567 BAXIŞ SAYI
31 mart – Azərbaycanlıların Soyqırımı Günü

31 mart – Azərbaycanlıların Soyqırımı Günü

Tarix boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirilmiş, on minlərlə soydaşımız dəhşətli faciələrin qurbanına çevrilmişdir. Belə faciələrdən biri də 1918-ci ilin mart – aprel aylarında ölkənin müxtəlif yerlərndə daşnak- bolşevik dəstələri tərəfindən qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Ötən əsrin əvvəllərində Azərbaycanda güclənməkdə olan milli oyanış prosesi, xalqımızın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi rus və erməni birləşmələrini ciddi narahat edirdi. Elə buna görə də azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını boğmaq istəyirdilər.
Cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə “Evelina” münaqişəsi törədildi. Martın 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onlara qarşı amansız vəhşiliklər həyata keçirirdilər.
Dəhşətli soyqırıma məruz qalan əhali martın 31-də müqaviməti dayandırmış, lakin erməni daşnakları soyqırımını aprelin 2 –nə kimi davam etdirmişlər. Rəsmi məlumata əsasən,faciə nəticəsində tək Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla dəhşətli hadisəyə siyasi qiymət verilmiş və 31 mart “ Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur

Azərbaycan tarixindəki dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular.1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.
Yüz ildən artıqdir ki, biz martın son günlərini dərin ürək ağrıları ilə yaşayırdıq. Lakin bu gün isə mart soyqırımını xatırlamaqla yanaşı, qəddar düşmən üzərindəki şanlı qələbəmizin sevincini də yaşayırıq. Çünki biz 31 Mart Soyqırımını törədən nəslin davamçıları üzərində tarixi Qələbə qazandıq. Xalqımızın Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində  Ali Baş Komandanın ətrafında sıx birləşərək mübarizəyə qalxdı, öz Ordusunun gücü ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad etdi. Ordumuz güclü təşkilatlanmış düşmənin silahlı qüvvələrini darmadağın etdi. Biz bir xalq, millət olaraq doğma Vətənimiz Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi naminə əzmlə, məsuliyyətlə, fədakarlıqla çalışmalı, bu müqəddəs amal uğrunda var gücümüzlə fəaliyyət göstərməliyik. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Kəmalə Əliyeva -Əlibəyli kənd tam orta məktəbinin direktoru

 

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində “Böyük Ermənistan” xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.
Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir;
Qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
1918-ci ilin mart soyqırımları öz amansızlığınavə miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.
Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Biz tarixdə baş verən hadisələrin erməni millətçilərinin mütəmadi olaraq həyata keçirdiyi eybəcər formada bu günümüzə köçürülməsinin, insanlar və xalqlar arasındakı münasibətlərdə düşmənçilik yaratmaq üçün istifadə olunmasının əleyhinəyik. Müasir dünyada müharibə təbliğatı, insana nifrət ideologiyası, başqa dövlətlərə qarşı ərazi iddiaları bizim üçün yolverilməzdir. Bütöv xalqlara nifrət hissi azərbaycanlılara yaddır. Biz müstəqilliyimizin verdiyi imkanlardan istifadə etməklə ölkəmizin daim tərəqqisinə nail olmaq, vətəndaşlarımız üçün firavan həyat qurmaq istəyirik.
Bir daha soyqırımı qurbanlarının əziz xatirəsi qarşısında hörmətlə baş əyir, onların yaxınlarına başsağlığı verir, xalqımıza səadət, firavanlıq, ümummilli vəzifələrimizin həlli yolunda mətanət və dəyanət arzulayıram.

Aliyə Rüstəmova -Əlibəyli kənd tam orta məktəbin müəllimi

 

Gənclərimiz 44 günlük Vətən müharibəsində düşmənlərimizdən qisasımızı aldılar

31 Mart soyqırımı Azərbaycan tarixində qanlı hərflərlə yazılmışdır.
Erməni cəlladları havadarları vasitəsilə Bakıda, Şamaxıda qırğınlar törətdikdən sonra növbəti hədəf Qubanı seçdilər. Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış və Quba şəhəri yandırılmışdır. 4000 mindən çox türk müsəlman və yəhudi əhali qətlə yetirildi.
1918-ci ilin may ayının 1-də Amazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilirlər.
Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz raportunda belə yazacaq: “… Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəstedilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrastatırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar…”
2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu.
Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yadda¬şının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
2019-cu ildə Prezidentimizin təşəbbüsü ilə təşkil olunmuş “ Ölkəmizi tanıyaq” layihəsi ilə həmin məzarlığa şagirdlərimizi apararaq erməni vəhşiliklərini əyani göstərdik.
Həmin gənclərimiz 44 günlük Vətən müharibəsində düşmənlərimizdən qisasımızı aldılar!

Babək Mikayılov -Çallı kənd tam orta məktəbin direktoru

 

Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır

Azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin qanlı səhifələrindən biridir
Bu  soyqırım aktının nəticəsi olaraq yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib. Yalnız milli mənsubiyyətə görə dinc azərbaycanlıları qırmaq erməni şovinizminin çoxəsrlik amalı və planı olub. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Tarix boyu erməni qəddarlığının xüsusiyyəti ondan ibarət olub ki, onlar sadəcə dinc əhalini qırmaqla kifayətlənməyib, şəhərləri, kəndləri yandırıblar. Mədəniyyət və sivilizasiya düşməni olan bu vəhşilər milli mədəniyyət abidələrini də yerlə-yeksan ediblər. Soyqırımı aktının nəticəsi olaraq 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Lənkəran və Muğanda otuz mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə öz dədə-baba yurdundan zorla qovulub. Bakıda on minə yaxın azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Ümumiyyətlə, bu soyqırımı çərçivəsində dinc əhaliyə qarşı yaş və cins kateqoriyasına məhəl qoymadan qətliam həyata keçirilib.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımı təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşəsində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.Xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində son illər Prezidentimiz cənab İlham Əliyev tərəfindən məqsədyönlü işlər aparılmışdır.Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya  ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur.
Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!

KÖNÜL RƏHİMOVA-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını – ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoymuşdur.

Rəmzi Şirinov-YAP üzvü, fəal gənc

 

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub. Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları – S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur

Azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin qanlı səhifələrindən biridir.
Bu  soyqırım aktının nəticəsi olaraq yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib. Yalnız milli mənsubiyyətə görə dinc azərbaycanlıları qırmaq erməni şovinizminin çoxəsrlik amalı və planı olub. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Tarix boyu erməni qəddarlığının xüsusiyyəti ondan ibarət olub ki, onlar sadəcə dinc əhalini qırmaqla kifayətlənməyib, şəhərləri, kəndləri yandırıblar. Mədəniyyət və sivilizasiya düşməni olan bu vəhşilər milli mədəniyyət abidələrini də yerlə-yeksan ediblər. Soyqırımı aktının nəticəsi olaraq 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Lənkəran və Muğanda otuz mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə öz dədə-baba yurdundan zorla qovulub. Bakıda on minə yaxın azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Ümumiyyətlə, bu soyqırımı çərçivəsində dinc əhaliyə qarşı yaş və cins kateqoriyasına məhəl qoymadan qətliam həyata keçirilib.”
Yüz ildən artıqdir ki, biz martın son günlərini dərin ürək ağrıları ilə yaşayırdıq. Bu il isə mart soyqırımını xatırlamaqla yanaşı, qəddar düşmən üzərindəki şanlı qələbəmizin sevincini də yaşayırıq. Çünki biz 31 Mart Soyqırımını törədən nəslin davamçıları üzərində tarixi Qələbə qazandıq. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxdı, öz Ordusunun gücü ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından azad etdi. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirdi, öz ərazi bütövlüyünü bərpa etdi. Ordumuz güclü təşkilatlanmış düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Səbuhi Kərimov- YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

31 mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biri sayılır

1918–ci il soyqırım həqiqətlərinin dünyaya tanıdılması istiqamətində bütün sahələrdə təbliğat işi aparılır. 31 mart soyqırımı haqqında danışarkən qeyd etmək lazımdır ki, bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri sayılır. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri–diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Qeyd edim ki, Lənkəran 1918–ci ilin mart–aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdəndir. Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918–ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil. Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 1919–cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı.
Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları FİK-nın normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi. 1998–ci il martın 26–da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanını ruslar Azərbaycanın genosid konsepsiyası kimi qəbul edib. Bu Fərman daxilə hesablanmış sənəd deyildi. Ümummilli Lider Heydər Əliyevin dili ilə desək, biz ermənilərdən fərqli olaraq, soyqırım ilə xaricdən özümüzə maliyyə yardımı almaq deyil, həqiqəti dünyaya çatdırmağa çalışırıq. Məşhur fransız diplomatı Lores deyir: “Danışmaq lazımdır ki, həqiqət açılsın”. Ümummilli lider Heydər Əliyevin tarixi fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918–ci ilin mart–aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat–qat çox olduğunu sübuta yetirir.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

 

Erməni millətçilərinin cinayətkar əməlləri

1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla soyqırımı törədiblər. Erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilib. Ermənilər təkcə 103 il əvvəl deyil, 1990-cı illərin əvvəllərində də Azərbaycan ərazilərini işğal etməklə dinc insanlarımıza qarşı qətliamlar törədib, Xocalı soyqırımını həyata keçiriblər. Bu işğal nəticəsində insanlarımız öz doğma yurdlarından didərgin düşdülər. Bu, onun göstəricisidir ki, ermənilərdə nəsillər bir-birini əvəz etsə də, faşist ideologiyası dəyişmir və bu onların dövlət siyasətinin əsasını təşkil edir. 1918-ci ildə törədilən soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Məhz buna görə də bu məsələyə beynəlxalq müstəvidə qiymət verilməli və tanıdılmalıdır.
Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksin açılışı olub. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

Birinci Dünya müharibəsinin sonlarına yaxın, Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri Rusiyanın Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. 1918-ci ilin mart ayında yaranmış qarışıqlıqdan öz çirkin əməlləri üçün istifadə edən erməni-daşnak dəstələri Azərbaycanın müxtəlif yerlərində xalqımızı kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Belə ki, 1918-ci ilin martın 30-da axşamüstü Stepan Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlandı.
Azərbaycanlılara qarşı soyqırımının törədilməsinin bir sıra səbəbləri var idi. Əsasəndə Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması və erməni millətçilərinin “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi cəhdi idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi, əsasən, türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin, təqribən, 3 milyon nəfəri türk, müsəlman idi. Belə bir mürəkkəb şəraitdə Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin türk, müsəlman olduqları üçün azərbaycanlıların hərbi xidmətə çağırmaması ilə bağlı idi.
Soyqırımı xüsusi qəddarlıqla həyata keçirildi. Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi.

Şəhla Eminova –Əməkdar müəllim

 

Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır

1917-ci ilin noyabrında Bakıda S. Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. Əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Artıq qeyd edildiyi kimi, bu zaman Cənubi Qafqazda bir-birilərinə əks olan Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət qazanmağa imkanı verir, Tiflisdə fəaliyyət göstərən antibolşevik Cənubi Qafqaz Seyminin süqutuna kömək edirdi. Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Hücum üçün bir bəhanə lazım idi. Belə bir bəhanə müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Sovetinin hərbçiləri tərəfindən tərksilah edilməsi oldu.
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütyun” və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S. Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin “Daşnaksütyun”un 3–4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idi. Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi. Erməni-daşnak qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir.

Zeynalov Səlim – Dəkkoba kənd tam orta məktəbinin direktoru

 

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir

1918-ci ilin mart Soyqırımı xüsusi qəddarlıqla həyata keçirilmişdir. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi.
Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar müqaviməti dayandırmağa məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.
Bakıda törədilən soyqırımının ağır nəticələri oldu. Həmin dövrdə regiona səfər edən Amerika və Qərbi Avropa nümayəndələri yazırdılar ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər. Digər tədqiqatçılar isə yazırdılar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin qətlə yetirildiyini, 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb-liseyin direktoru

 

Quba soyqırımının fəsadları

Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu oldu. Lakin Quba fəhlə və əsgər deputatları Sovetində Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. 1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa qərar verir. Quba ictimaiyyəti ilə danışıqlar aparılır. Ancaq əsasən ermənilərdən ibarət  olan dəstəsinin Qubaya  yaxınlaşdığı  haqda məlumat alan qubalılar hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini başa düşürdülər. Quba sakinləri, təbii ki, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan şəhər və kəndlərinin müsəlman əhalisi üzərində erməni əsgərləri tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər.
1918-ci ilin may ayının 1-də Amazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürülür. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, əksəriyyəti kişilər olmaqla 1012 nəfər qətlə yetirilirlər. Amazaspın ermənilərdən ibarət olan dəstələri elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə başladılar. Onlar küçələrdə və meydanlarda olanların hamısını qətlə yetirdikdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırırdılar. Bu azmış kimi, onlar evləri və mağazaları yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalmışdı və çürüyürdü. Amazasp tərəfindən darmadağın edilmiş və yandırılmış türk-müsəlman kəndlərinin sakinlərinin vəziyyəti o dərəcədə ağır və çıxılmaz idi ki, 15-45 gün dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra, əyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar arasında ölüm halları  minlərlə ölçülürdü.
Bu baxımdan təkcə Qubada baş vermiş məlum hadisələr zamanı həlak olmuş yəhudi qubalılar da  öz müsəlman həmyerliləri kimi ermənilərin təcavüzkar millətçilik siyasətinin qurbanları sayılırlar

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

“Azərbaycanlıların Soyqırımı Günü”

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Prezidentimiz cənab İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi mərhələ təşkil edir.

Nağıyev Abbas –Dəli Quşçu kənd sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın