29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanlı xalqı qurub-yaradan xalqdır

Azərbaycanlı xalqı qurub-yaradan xalqdır

Azərbaycanlı xalqı qurub-yaradan xalqdır.

Təqribən 30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqlarımız öz azadlığına qovuşduqdan sonra həmin ərazilərdə böyük quruculuq işlərinin aparılması geniş vüsət alıb. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda bu gün irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir.

Öz  xalqından güc və qüvvət alan, Vətəninin başını uca edən lider qüdrətli və yenilməzdir. Xalqımızın sevimli rəhbəri cənab Prezident İlham Əliyev, məhz belə liderdir!

İkinci Qarabağ müharibəsində  Azərbaycanın şanlı qələbəsinin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Azərbaycan bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışdır.Bu gün Azərbaycanın güclü dövlətdir. Azərbaycan xalqı qurub-yaradan, sülhsevər xalqdır, işğalçı ermənilər isə bütün dünyaya bir daha öz yırtıcı və mənfur xislətlərini göstərdilər. Dünya gördü ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, demək olar ki, bütün binalar ­dağıdılıb– yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz yerlə-yeksan edilib. Bunu yalnız barbar ermənilər edə bilərdilər. Əlbəttə, bu, vəhşilikdir, vandallıqdır, hərbi cinayətdir.

Bu gün üçrəngli Azərbaycan bayrağı xalqımızın mədəniyyət və musiqi beşiyi gözəl Şuşada dalğalanır. Dahi Üzeyir bəyin ruhu şaddır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı azaddır. Azərbaycanın işğal altında olan bütün digər rayonlarından düşmən qovulur. Xalqımıza bu xöşbəxtliyi qəlbləri Vətən sevgisi ilə alışıb yanan mərd, qorxubilməz əsgər və zabitlərimiz bəxş edib

2020-ci ilin 44 günlük payızında torpaqlarımızın işğaldan azad olunması uğrunda İkinci Vətən Müharibəsində strateji tədbirlər necə ardıcıllıqla cərəyan edirdisə, əvvəlcədən düşünülmüş, planlı şəkildə həyata keçirilirdisə, postmüharibə dövründə azad torpaqlarımızın abadlaşdırılması işləri də eyni qaydada- planlı şəkildə həyata keçirilir. Nəyi nə vaxt edəcəyini müəyyən edən dövlət rəhbərimiz bu torpaqlarda hansı işin əvvəl, hansı işin onun ardınca görülməsini də müəyyən edir və nəticə etibarilə torpaqlarımıza sistemli şəkildə həyat qayıdır. Cənab Prezidentimiz müharibədən sonra azad edilmiş torpaqlarımıza dəfələrlə səfər edib və hər səfəri yaddaqalan hadisələr toplusuna çevrilib.

İyun ayının 26-da-Silahlı Qüvvələr Günü dövlətimizin başçısının Kəlbəcər və Laçın rayonlarında olması, həmin gün Kəlbəcər rayonunda yeni hərbi hissənin açılışında iştirakı, dəyərli çıxışı bu bayrama ikinci bayram qürurunu, sevincini əlavə etdi. Kəlbəcərdə yeni hərbi hissənin açılması ordu quruculuğu işinə növbəti töhfə, kəlbəcərlilərə ata-baba yurdlarının daha yaxşı qorunması üçün bir mesaj, eyni zamanda xalqın yeni bir qürur hissi yaşaması oldu. Bəli, qürur duyduq ki, müharibədən ötən ilyarımlıq bir zaman kəsiyində ölkəmizdə belə möhtəşəm tədbirlər həyata keçirilir, azad rayonlarımız yenidən qurulur, abadlaşdırılır, insanların doğma yurd-yuvalarına rahatlıqla qayıtmaları üçün bu qədər işlər görülür. Prezident İlham Əliyevin dediyi kimi:Yəni, biz hərtərəfli iş görürük – həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb – ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.

Dövlətimizin başçısının budəfəki səfərində Kəlbəcər və Laçın rayonlarında 10-dan artıq obyektin istifadəyə verilməsi, təməlinin qoyulması, görülən işlərlə tanışlıq minlərlə itki hesabına geri aldığımız torpaqlarımızın sabahından xəbər verir. O sabah bu gündən çox nurlu, işıqlı görünür. O sabahlar bizə bu yurd yerlərimizin dünyaya səs salacaq gələcəyindən söhbət açır. Dünya turistlərini qoynunda qonaq edəcəyindən, İşğal və Zəfər muzeylərinin hər birinin onlara tarixi ədalətdən söhbət açacağından danışır. O günlər isə uzaqda deyil. Gözlərimiz önündə reallaşan hər bir tədbir bizi o günlərə saatbasaat yaxınlaşdırır.Laçına gedən yollar kimi, işğaldan azad olunan bütün rayonlarımıza da yollar gedir, abad, azad yollar. Şuşaya, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana… hər birinə. Bu yollar bizim yurdlarımıza gedən yollardır. O yollarla biz gedəcəyik… Əbədi.

 

Könül Rəhimova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın