19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan vətəndaşmərkəzli siyasət həyata keçirməkdədir

  • MANŞET
  • 19 İyul 2022
  • 2.065 BAXIŞ SAYI
Azərbaycan vətəndaşmərkəzli siyasət həyata keçirməkdədir

Azərbaycan vətəndaşmərkəzli siyasət həyata keçirməkdədir

Dünyanın pandemiya və müharibələrlə, iqtisadi və siyasi, humanitar böhranlarla savaşdığı bir zamanda 2022-ci ilin birinci yarımilinə olan nəticələrə diqqət yetirdiyimizdə görürük ki, ölkəmiz inkişaf edir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda səslənən rəqəmlər ölkəmizin inkişaf meyillərinin sağlam bünövrə üzərində dinamik, davamlı və dayanıqlı olduğunu göstərməkdədir. Siyasi müstəqilliyimizin əsasında dayanan iqtisadi müstəqilliyimizin tablosu hər bir ölkənin öz fəaliyyəti ilə qürur duyacağı səviyyədir. Bu il orta əməkhaqqı 14 faiz, pensiya 10 faizdən çox artıb. Yarım il ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılmışdır. Dövlətin əlavə gəlirlərini insanların sosial rifahına istiqamətləndirməsi artıq ənənəyə çevrilib.
Son nəticələrə fikir versək, görərik ki, ölkə iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsi 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Xarici ticarətimiz 70 faizdən, ixracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artmışdır. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Nəticələr ürəkaçandır. Lakin hədəflərimiz ötən dövrlərə nəzərən daha da böyükdür.
Azərbaycan vətəndaşmərkəzli siyasət həyata keçirməkdədir. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmiz Vətən müharibəsindən sonra şəhid ailələri, qazilər, müharibə veteranları ilə işin təşkilində böyük əzmkarlıq nümayiş etdirmişdir. Dövlətimiz və xalqımız hər zaman qazilərin, şəhid ailələrinin və veteranların yanında olmağa davam edəcəkdir. Bunu 2022-ci ilin birinci yarımili ilə bağlı iclasda dövlət başçısı bir daha ifadə etdi.
Həssas təbəqələr hər zaman diqqətdə saxlanılır. Yalnız bir məqamı vurğulamaq istərdim ki, bu günə qədər bütövlükdə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Təhlillər göstərir ki, analoji vəziyyət heç bir ölkədə yoxdur.
Prezidentin göstərişinə əsasən bütün şəhid ailələri mənzillərlə təmin olunacaqdır. Bu istiqamətdə böyük əzmkarlıq və fədakarlıq göstərən Azərbaycan dövləti, hökuməti yaxşı mənada fərqlənməkdədir. Keçən il 3 min mənzil və fərdi ev istifadəyə verilmişdir, bu il isə 1500 mənzil və ev verilir.
Qazilərin fiziki, mənəvi və sosial reabilitasiyası üçün dövlət böyük həssaslıq göstərməkdədir. Müharibədə əlil olmuş bütün hərbçilər, demək olar ki, ən müasir protezlərlə təmin olunublar. Dördüncü nəsil protezlər qazilərin həyatlarını asanlaşdırmağa xidmət edir. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Bunları etməyi özümüzə borc bilirik. Bu məqamda cəmiyyət və dövlət yenə də eyni mövqedən çıxış edir. Bu sahədə ictimai birliklər, özəl şirkətlər və cəmiyyətimizin bütün fərdləri həmfikirdirlər.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın