29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycanın növbəti diplomatik qələbəsi

Artıq bir neçə gündür ki, ölkə ictimaiyyəti, əksər xarici ölkələrin rəhbərləri və diplomatları 6 oktyabr tarixində Çexiya Respublikasının paytaxtı qədim Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərini, bu zaman əldə edilən razılaşmaları geniş müzakirə edirlər. Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri çərçivəsində reallaşıb.

Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətiribdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər.

Zirvə Toplantısında və onun çərçivəsində keçirilən görüşlərdə qeyd edilib ki, Azərbaycan Avropa İttifaqı arasında bir sıra istiqamətlər üzrə və ilk növbədə, enerji sahəsində çox fəal əməkdaşlıq aparılır. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat vardır və bunu hamı gözəl başa düşür.

Bu gün Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yeni saziş üzərində iş aparılır və sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı çoxalıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.

Vurğulanıb ki, ölkəmizlə Avropa İttifaqı ölkələri arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqının da vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülhə addım-addım yaxınlaşılır. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib. Bu il dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilib və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Praqada keçirilən görüşdə də müəyyən irəliləyişlər əldə edilib.

Ən başlıcası isə bu görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə nəticələnib. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

Görüşdə iki dövlət arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib.

Sevindirici haldır ki, Praqada təşkil olunmuş və 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı.

Praqadakı yüksək səviyyəli görüş Azərbaycanın və onun Prezidenti cənab İlham Əliyevin növbəti diplomatik qələbəsi ilə başa çatdı.

 

Ələddin Zeynalov

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın