16.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb

Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq çoxdan başlayıb. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması – avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir.

Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu.Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı. Azərbaycan dövləti tərəfindən aparılan bərpa işləri təkcə bu günü yox, həm də qarşıdakı bir neçə onilliyin reallıqlarını nəzərə almaqla həyata keçirilir. Çünki istənilən yaşayış yerini təkcə məhv edilmiş infrastrukturları bərpa etməklə, yenidən qurmaqla deyil, onilliklər ərzində orada həyatın necə olacağına dair strategiya, ideya əsasında qurulacaqdır.

 

Əlihüseyn Rəsullu- Hüsynxanlı kənd sakini, gənc fəal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın