28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qoşulmama hərəkatının sədri kimi Azərbaycan Beynəlxalq arenada mühüm rol oynayır

Qoşulmama hərəkatının sədri kimi Azərbaycan Beynəlxalq arenada mühüm rol oynayır

Qoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Azərbaycanın Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Böyük siyasi iradəyə, diplomatik bacarığa malik dövlətimizin başçısının ədalətli və düzgün siyasəti Azərbaycanı gələcəyə doğru aparır.

 

Zərdab Şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın