29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Birlik və həmrəyliyi səciyyələndirən “Dəmir yumruq”

Birlik və həmrəyliyi səciyyələndirən “Dəmir yumruq”

Birlik və həmrəyliyi səciyyələndirən “Dəmir yumruq”

Ermənistan 2020-ci ilin sentyabr ayının 27-nə qədər atdığı addımları ilə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirmiş, artıq tarixə qovuşmuş münaqişənin hərbi çözümünü alternativsiz varianta çevirmişdi. Ermənistan nə beynəlxalq hüquqa, nə mütərəqqi ümumbəşəri çağırışlara, nə də beynəlxalq qurumların bəyanatlarına məhəl qoymayaraq sərsəm bəyanatlar və onun nəzarətində olan Qarabğdakı separatçı rejim təmsilçilərinin açıqlamalarla yeni müharibəni artıq qaçılmaz reallığa çevirmişdi. Düşmənin 2020-ci ilin sentyabr ayının 27-də əl atdığı növbəti və nisbətən geniş miqyaslı təxribatı artıq son sözün danışıqlar masasında deyil cəbhədə keçərli olmasını göstərdi. Nəticədə müasir Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır. Vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında formalaşmış Azərbaycan gəncliyi şərəfli və ləyaqətli mübarizə apararaq, döyüş meydanında öz sözünü deyərək, iradəsini nümayiş etdirərək, mübarizə ruhunu ortaya qoyaraq yeni qəhrəmanlıq salnaməsi yaratdı. İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müəllifi olduğu “Dəmir Yumruq” əməliyyatı ilə 44 gün ərzində işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı. Başqa sözlə, güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın müəllifi olduğu “Dəmir Yumruq” ifadəsi xalqımızın milli həmrəylik simvoluna çevrilərək həm hərbi-strateji və mənəvi siyasi əhəmiyyətə, həm də xüsusi rəmzi mənaya malikdir. “Dəmir yumruq” ifadəsinə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra dəfələrlə rast gəldik, bu söz birləşməsindən qürurla, şərəflə istifadə etdik. Ekran qarşısında Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində fikirlərini dinləyərkən yaddaşımıza həkk olunan “dəmir yumruğun” varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik etdik. Prezidentimiz dəfələrlə qeyd etdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. Prezident İlham Əliyevin istifadə etdiyi bu ifadə İkinci Qarabağ müharibəsində sonradan hərbi əməliyyat adı kimi tarixin yaddaşına yazılıb tarixiləşdi. Ali Baş Komandanımız qürurla qeyd etdi ki, “Biz “Dəmir Yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq”. “Dəmir yumruq”, hər şeydən əvvəl, qətiyyət, güc və həmrəylik simvoludur. Dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında olan Prezident cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi – bütün bunlar “Dəmir Yumruq”un rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir və “Dəmir Yumruq” bu gün də yerindədir!

 

   Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın