20.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Otuz illik işğal bitsə də onun ağır fəsadları hələ də qalmaqdadır

Otuz illik işğal bitsə də onun ağır fəsadları hələ də qalmaqdadır

Otuz illik işğal bitsə də onun ağır fəsadları hələ də qalmaqdadır.

Çox təəsüf  ki, Azərbaycanın taleyinə Ermənistan kimi vandal, mənfur, çörəyi dizinin üstündə olan qonşu düşüb. Elə qonşuların vəhşi təcavüzünün nəticəsidir ki, 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarımız vəhşicəsinə talanıb,xarabazara çevrilib. Azərbaycanın 9 şəhəri,yüzlərlə kəndi yer üzündən silinib.Ağdam  kimi  cənnət məkan şəhər viran olub, hətta ekspertlər onu Qafqazın Xirosiması adlandırırlar.Təkcə Şuşada olan 17 su qovşağından heç biri salamat deyil,qurudulub.Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə yeksan edib, qalan iki məscidi isə donuz saxlanan yerə çevirib, tam yararsız hala salıb. Bütün bunlar müsəlman dünyasına həqarətdir.

Belə çıxır ki, Ermənistanın rəsmi ideologiyasının bünövrəsini İslamofobiya və türkofobiya təşkil edir.Qədim, tarixi, əsrlərlə yaşı olan mədəniyyət abidələrimizi,qədim qəbirstanlıqları məhv edərək süni şəkildə erməniləşdirməyə çalışıblar.Kütləvi minalanma da qarşıda duran ən böyük çətinliklərdəndir.İlkin hesablamalara görə bir milyondan artıq mina basdırılıb. Kəlbəcər, Zod qızıl yataqlarımız talan olunub. Bir sözlə ,heç ikinci dünya müharibəsi dövründə də bu qədər maddi və mənəvi ziyanlıqlar müşahidə edilməmişdir.

Regionda sülhün bərqərar olması üçün Azərbaycan sülh bağlamaq niyyətindədir.Odur ki , sülh danışıqları üçün 5 prinsip irəli sürülüb. Artıq Azərbaycan Qarabağda yenidənqurma işləri həyata keçirir.”Ağıllı kənd” üzrə pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Füzuli hava limanı salındı, Laçın və Zəngilanda da iki hava limanının tikintisi başa çatmaq üzrədir. Bir sıra şəhərlərin də baş planı hazırdır. Ağdamda 200 hektar  təşkil edən Ağdam sənaye parkı artıq fəaliyyət göstərir. Bir sözlə Qarabağın hər guşəsində bərpa işləri davam etdirilir. İndiyədək 200-ə dək mülkü əhali və hərbiçi minaya düşüb. Bütün bunlar da Qarabağda müharibənin fəsadlarının aradan qalxmasına maneçilik törədir.Dağlıq yerlərdə də texnika ilə işləmək tezliyi də yerində deyil,lakin biz əminik ki,tezliklə Qarabağ öz cənnət görkəminə qayıdacaq! İnşallah o günlər uzaqda deyil!!!

Zərdab  şəhər 1 saylı məktəb liseyin direktor müavini- Səliqə İsmayılova

 

Türk dünyası böyük bir ailədir.

Türk xalqları Uzaq Şərqdən Qara dəniz sahillərinədək geniş ərazidə yayılıblar. Mərkəzi, Kiçik Asiya və Qafqazda onlar əhalinin əksər hissəsini təşkil edirlər. Onlar Altay dil ailəsinin türk dil qrupuna mənsubdurlar. Bu dil qrupu 4 yarımqrupa- oğuz, qıpçaq, uyğur və bulqarlara ayrılır.

Türk dövlətləri müstəqil, muxtariyyəti olan və heç bir muxtariyyəti olmayan xalqlara bölünürlər. Avropa və Asiya ölkələrinin əksəriyyətində yığcam halda yaşayan və heç bir muxtariyyəti olmayan bir çox türk dilli xalqlar vardır.Öz talelərinə sahib olmuş yeni türk dövlətləri 30 ildən artıqdır ki, həyatın bütün sahələrində sıx əlaqə və əməkdaşlıq imkanlarını davam etdirirlər. İndi müstəqil türk ölkələrinin xalqları tarixin sınaq məqamlarında öz müqəddəratlarını şərəflə həll etdikləri kimi, Avrasiya regionunda, eləcə də dünyada sabitliyin və əmin-amanlığın təminatında xüsusi rolu olan yeni qüdrətli siyasi birliyi də inamla qürur və ardıcıl möhkəmləndirirlər. Birgə səylərlə qəbul edilən önəmli qərarlar, həyata keçirilən irimiqyaslı layihələr qar­daşlıq və dostluq əlaqələrini zənginləşdirir, qarşılıqlı-faydalı əməkdaşlıq yeni töhfələri ilə gündəmə gəlir.

Belə bir durumda türk dövlətləri də strateji və sabit mövqeyi, prinsipial və etibarlı dəstəyi ilə bəşəriyyətin ümid qapısı kimi görünür. Avropa ölkələri, təəssüf ki, irtica qüvvələrinin təsirindən çıxa bilmirlər. Hətta Yuna­nıstan kimi bəzi ölkələr Birinci Dün­ya müharibəsi zamanı olduğu kimi, yanlış siyasətləri ilə bölgədə durumu mürəkkəbləşdirməyə çalışırlar.

İnsan ömründə olduğu kimi, hər bir xalqın həyatında da gözlənilməz anlarda fürsət yara­na bilər. Ağıllı dövlət adamları bu imkandan istifadə edirlər. Bu gün Türk xalqlarının qarşısına tarixi fürsət çıxıb. Bu fürsətdən istifadə edilməlidir. Biz birləşib güclü yumruq şəklində olmalıyıq. Yoxsulluq, aclıq, depres­siya maneə olmamalıdır. Bunu indi dövlətimiz edir. Bir çox arzuolun­maz hallara baxmayaraq, hətta şər qüvvələr prosesin qarşısını almaq üçün birlikdə çalışsalar da, şüurlu insanların, ziyalıların və alimlərin dəstəyi ilə mübarək yürüş davam edir. İnanıram ki, niyyətimiz saf olduğu üçün uğur qazanacağıq.

Zərdab rayon Bəyimli qəsəbə tam orta məktəbin direktor əvəzi-Fuad Pənahov

 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb.Artıq bir sıra istiqamətlərdə,xüsusən regionun enerji ilə təminatı,dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır.Təbii ki,Prezidentimiz cənab  İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.Dövlət başçısının ,demək olar ki,bütün çıxışlarında xarici ölkələrin nümayəndələri ilə təmaslarında da Qarabağın bərpası əsas müzakirə mövzusu olur.Prezident cənab İlham Əliyev bu mövzuda danışarkən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri,investisiyaların cəlb olunması barədə məlumat verir. Bildirir ki,həmin ərazilərdə yenidənqurma prosesi gedir,qarşıda nəhəng işlər durur,böyük bir ərazi tamamilə yenidən qurulacaq. Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-enerji sahəsinin inkişafına təkan verecek.Ölkə başçımız işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə dost ölkələrin şirkətlərini də dəvət edir.

Hazırda bərpa-quruculuq işləri uğurla davam edirilir.Əlbəttə ki, Azərbaycan bu işləri öz gücü, imkanları hesabına həyata keçirir. Məqsəd isə tez bir zamanda yenidənqurma işlərini yekunlaşdırmaq və köçkün vətəndaşlarımızı öz yurdlarına yerləşdirməkdir.

Biz inanırıq ki,Prezidentimizin dönməz iradəsi bu prosesi uğurla başa çatdırmağa imkan verəcək.

Zərdab rayonu  Xasa kənd ümumi orta məktəbinin müəllimi- Güliyeva Nərgiz.

 

Türk dünyası böyük bir ailədir

Türk dövlətləri əsasən Asiyada və Şərqi Avropada yerləşirlər. Bu gün dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur (Şimali Kipr Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb). Onlardan beşi – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan SSRİ dağılandan sonra 1991-ci ildə, Osmanlı İmperiyasının varisi olan Türkiyə isə 1923-cü ildə öz müstəqilliyini elan edib.

Bu gün Azərbaycan Türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Ordumuzun qələbəsi xüsusilə Türk Dünyası üçün əlamətdar bir hadisədir. Çünki Qarabağ probleminin illərdir yaraya çevrilməsi tək Azərbaycanın yox bütün Türk Dünyasının ortaq problemi idi. 1990-cı illərin son onilliyində dünyada və regionda baş verən siyasi hakimiyyət dəyişiklikləri, xaos durum,bölgədə marağı olan qüvvələrin vəziyyətdən istifadə edib türk dövlətləri arasındakı bağları qoparmaq üçün fürsət yaratdı. 44 günlük müharibədən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin intensivləşməsinin şahidi olmaqdayıq. Bu savaş göstərdi ki, Türk Dünyasının birliyi çox vacibdir. Müharibə zamanı Türkiyənin haqlı mövqeyimizə olan qətiyyətli mənəvi-siyasi dəstəyi bütün türkdilli ölkələrə nümunə olmalıdır və bundan sonra da bütün türkdilli dövlətlər, Türk Dünyası Dövlətləri bir-birinə bu münasibəti göstərməli və heç bir qüvvəyə türkə yuxarıdan aşağı baxmağa, onu əzməyə imkan verməməlidir.Bu il Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlət başçımız İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərlərini, ələlxüsus da bu qarşılıqlı səfərlər çərçivəsində əldə edilmiş siyasi, hərbi və iqtisadi əlaqələrə əsaslanan razılaşmalar əlaqələrimizin xüsusilə gələcək konturlarının müəyyənləşdirilməsində olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidentinin türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, Türk dünyasına düşmənçilik nümayiş etdirən erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparması istiqamətində fəallıq nümayiş etdirməsi yalnız Azərbaycanın yox, eləcə də türk dövlətlərinin gələcəyi üçün olduqca mühüm addımlardır.

Noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Zirvə görüşü,qloballaşan dünyada get-gedə daha güclü platformaya, daha böyük söz sahibinə çevrilən Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin planlarını,qlobal layihələrin razılaşdırılması və onların həyata keçirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkan yaradacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bildirdi ki, “Şuranın təşkilata çevrilməsi təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq.Təşkilata üzv ölkələr öz aralarında münasibətləri möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də cərəyan edən proseslərə çevik reaksiya verir, eləcə də humanitar təşəbbüslərlə çıxış edir. Biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik.”

Bu gün beynəlxalq təşkilatlar arasında Türk Dövlətləri Təşkilatı özünü təsdiq edir. Bu gün sıralarını genişləndirən və gücləndirən Türk Dövlətləri Təşkilatı dünyada birliyin etibarlı nümunəsi kimi öz sözünü deməkdədir. Təşkilata üzv dövlətlər mühüm proyektlərə imza ataraq birgə inkişaf edəcəklər. Nəticədə, inkişaf regional proseslərdə də özünü büruzə verəcək. Bununla da birliyin gücü bölgədə sabitliyin təmin olunmasına gətirib çıxaracaq.

Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova

 

Türk dünyası böyük bir ailədir.

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Sammitdə çox mühüm qərarlar qəbul edilib, önəmli mesajlar verilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı isə sözün həqiqi mənasında digər çıxışlarla müqayisədə bütün diqqətləri özünə daha çox çəkib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə  öz  töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq: “2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir”.

Ölkə başçısı daha bir vacib məqama toxunub. O, İkinci Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yeni imkanlar açdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir: “Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq”. Dövlət başçısı ona da diqqət çəkib ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət verir: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Azərbaycan Prezidentinin çıxışında işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət yönəldildi. Bu prosesdə Türkiyə şirkətlərinin fəaliyyəti vurğulandı. Prezident digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etdi.

Ümumilikdə, Prezident cənab İlham Əliyev Səmərqənddəki tarixi əhəmiyyətli çıxışında dünya türklərinin, o cümlədən bütün azərbaycanlıların arzu və istəklərini ifadə etdi. Ən başlıcası, xarici ölkələrdə yaşayan 40 milyonluq azərbaycanlının hüquqlarının qorunmasını Türk Dövlətləri Təşkilatının başlıca hədəfləri kimi göstərərək böyük bir tarix yaratdı.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin  müəllimi -Həsənli Turanə.

 

Türk dünyası böyük bir ailədir.

Azərbaycanın haqq işi olan 44 günlük Vətən müharibəsində qazandığı böyük zəfər, tək Azərbaycanın deyil, bütövlükdə türk dünyasının qələbəsi kimi xarakterizə edilməlidir. İkinci Qarabağ müharibəsindəki qələbə türk birliyinin işini daha da sürətləndirmiş, türk xalqlarının tarixi qardaşlıq əlaqələrinin inkişafını təmin etmişdir. Çağdaş dünyada türk birliyinin yaranması həm də labüd bir məsələ kimi qarşıda dayanmışdır. SSRİ-nin dağılmasına kimi BMT-də türk dünyasını yalnız Türkiyə Respublikası təmin edirdisə, hazırda bu mötəbər qurumda 6 Türk dövləti təmsil olunur. BMT-nin rəsmi dillərindən biri türk dilidir.

Son zamanlar ‘‘Türk Birliyi‘‘ sıralarını genişləndirməkdə davam edir. Soykökü türklərə söykənən Macarıstan dövləti də Türk Birliyinin daimi üzvünə çevrilib. Gələcəkdə Pakistan, Tacikistan, Bolqarıstan, Ukrayna kimi qeyri-türk dövlətlərinin də bu ailənin üzvü olacağı gözlənilir.

Zəngəzur dəhlizinin reallaşması türk dünyasının mədəni-iqtisadi birliyini yenidən bərpa edəcək . Yeni logistik layihələr türk xalqlarının təbii sərvətlərin nizamlı istismarını təmin edəcəkdir. Türk Birliyi özünü müdafiə etmək və hazırda işğal altında qalan türk xalqlarının azadlıqlarını təmin etmək üçün Turan ordusunu təşkil etməkdədir. Gələcəkdə Turan ordusunun NATO səviyyəsində hərbi təşkilat olacağına ümidlər böyükdür.

Hazırda Türkiyənin qlobal gücə çevrilməsi, Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsi türk dünyasının vəhdətini daha da qüvvətləndirir. Türk xalqlarının siyasilərinin zirvə toplantılarında türk dili əsas ünsiyyət vasitəsi kimi qəbul edilmişdir. Yaxın zamanlarda Türk Birliyinin Avropa İttifaqı kimi sərhədsiz mədəni inkişaf etmiş bir zonaya çevriləcəyinə inanırıq.

 Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Məmmədov Eşqin

 

Qarabağ münaqişəsi tarixdə qaldı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.

Dövlətimizin başçısının sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və Prezidentimiz cənab İlham Əliyev aidiyyəti qurumlara verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi.

“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını Şanlı Zəfərə kökləyən əsas şüara çevrildi.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayzadə

 

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır.

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə növbəti səfəri də bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qalır.

Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.

Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verə bilər. Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artıracaq, o cümlədən iqtisadi potensialına təkan verəcək. Dövlətimizin başçısının işğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlandığını bildirməsi yaxın gələcəkdə bu ərazilərdə ciddi şəhərsalma fəaliyyətinə start veriləcəyinin və yerli yol-nəqliyyat infrastrukturunun qurulacağının anonsu kimi qiymətləndirilə bilər.

Prezident cənab İlham Əliyev bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir. Bu istiqamətdə Zəngilan rayonunun Ağalı kəndində  “ağıllı kənd” layihəsinin icrası  xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə isə layihənin spektri çox geniş olmaqla yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi bir sıra zəruri sahələri əhatə edir.

“Ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar və ya avtomobillərdəki sensorlar da ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər. Hazırda bir çox “ağıllı şəhər”lərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri isə elektriklə işləyən avtomobillərdir. Bu şəhərlərdə küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Bunların isə əhəmiyyəti böyükdür. Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

Zərdab rayon  Körpükənd kənd tam orta məktəbin  müəllimi- Mustafayeva Sevda

 

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi.

Son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Təsadüfi deyil ki, Prezident cənab İlham Əliyev son yeddi ay ərzində Özbəkistana iki dəfə səfər edib – iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirilib.Sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Azərbaycan Prezidenti fəxri qonaq qismində iştirak edib.  Dövlət başçısının cari il ərzində Özbəkistana üçüncü səfəri noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə baş tutub. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Ümumiyyətlə, bu il Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlətimizin başçısının isə Özbəkistana, Qazaxıstana, Türkmənistana və Qırğızıstana səfərləri, səfərlər zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiya ölkələri ilə əlaqələrimizin gələcək konturlarını müəyyənləşdirir.2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib. Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda olduqca məşhurdur. Özbəkistanda yaşayan bir sıra azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə töhfələrini verməkdə davam edirlər. Təsadüfi deyil ki, 2022-ci ilin avqust 30-da mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayeva Azərbaycanın “Xalq artisti” fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə “Dostluq” ordeni verilib. Habelə Özbəkistan Prezidentinin müvafiq Sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın “Xalq artisti” fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə “Dostlik” ordeni ilə təltif ediliblər. Bu il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib. Bütün bunları nəzərə alaraq demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.

Zərdab rayon  Çallı kənd tam orta məktəbin direktor müavin- Ariz Pənahov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın