25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi

Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi

Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi.

Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi kimi, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, ölkədə hökm sürən xaos, anarxiya, müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə ehtiyacı var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü ildə xalqın istəyi və tələbi nəticəsində Ümumilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz inkişafını yenidən bərpa etdi və qüdrətləndi. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını fəlakətdən, hərc-mərclikdən xilas edən Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Ümumilli lider Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı və ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq daxili çəkişmələrə son qoydu. Siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsi”nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Dahi rəhbərin fədakar və yorulmaz fəaliyyəti sayəsində müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdən ölkəmiz dünya birliyində mövqeyini gücləndirdi və Cənubi Qafqazın liderinə, regionun sabit inkişaf edən nüfuzlu dövlətinə, dünyada etibarlı tərəfdaşa çevrildi. Əsl siyasi lider keyfiyyətlərini bütün parlaqlığı ilə nümayiş etdirən ümummilli lider xalqı səfərbər etməklə çox qısa müddətdə müasir siyasi inkişaf ideyalarını reallaşdırmağa müvəffəq oldu.

Zərdab Rayon Gənclər və İdman idarəsinin rəis müavini – Əvəz Soltanov

 

 

Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı

Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin rolu böyükdür. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdriklik və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək  ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. “Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu. Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu vardır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir

Xarici siyasət hər bir dövlətin, siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını nəzərdə tutur. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Azərbaycan xarici münasibətlərdə öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, bütün ölkələrlə böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan, bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan qonşu ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. Vətən müharibəsi nəticəsində yaranmış yeni reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirmişdir.

Fəal gənc-Qönçə Babayeva

 

 

Güclü ordu quruculuğu.

Azərbaycanda nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, burada hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun zabit heyəti ilə təmin olunmasında əhəmiyyətli rol oynamışdır. Ölkə iqtisadiyyatının sürətli inkişafı, ilk növbədə, dövlətimiz üçün prioritet olan ordumuzun büdcəsinin artmasına, orduda müasir komplektləşdirmənin aparılmasına geniş imkanlar yaratmışdır. Nəticədə, silahlı qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunmuş, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilmişdir. Dövlətimizin başçısı illər öncə bu dəyərli fikirləri söyləyərkən, eyni zamanda ata vəsiyyətini da xatırlayır, güclü ordu ilə işğal altında olan torpaqlarımızın bir gün azad olunacağına böyük inamla baxırdı. Bütün bunları YAP-ın yubiley tədbirində müzəffər Ali Baş Komandanımızın dəyərli çıxışında bir daha dinlədik: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova

 

 

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır

Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş həmrəyliyi cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək, siyasi hakimiyyətdə olmadığı dövrdə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasını yaratdı. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə ölkənin siyasi hakimiyyətinə gələn Heydər Əliyev 1993-cü ildə Sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi. Yeni Azərbaycan Partiyasının yarandığı, təşəkkül tapdığı, inkişaf etdiyi, siyasi qüvvə kimi formalaşdığı, ümumxalq partiyasına çevrildiyi 1992-2003-cü illər bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar edildi. Ulu öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

 

 Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir

Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Xüsusilə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdi. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır.  Azərbaycan xalqı bununla fəxr edir. Rəhim Hüseynov, Anar Məmmədzadə, Fərid Rüstəmov və digər qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək hər bir Azərbaycan gəncinin qürur simvoludur.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı – Kamal Xəlilov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın