25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Rəsmi İrəvanın hərbi cinayəti

Rəsmi İrəvanın hərbi cinayəti

Rəsmi İrəvanın hərbi cinayəti

Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etdilər. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu gün – noyabrın 25-də isə rayon işğaldan azad olundu. Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.

10 Noyabr Bəyanatından sonra Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Laçın və Ağdam kimi, Kəlbəcər də qan tökülmədən geri qaytarıldı.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.

Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonu Ermənistanla sərhəd rayonudur. Şimalda isə Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biri olmaqla bərabər qədim tarixə malikdir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər rayonu ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”ləridir. Bu ərazidə olan qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə, meşəli uca dağ belində salınıb. Lex qalası XIII–XIV yüzilliklərin abidəsidir. Kəlbəcər dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi var onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Qafqaz Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən ən möhtəşəm və məşhur xristian kompleksi – Gəncəsər və Xudavəng monastırı Ermənistan tərəfindən “təmir-bərpa” işləri adı altında saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim edilib. İşğaldan sonra abidənin daşları üzərində olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb. 44 günlük vətətn müharibəsində qazanılan Zəfərdən sonra ermənilərin bu saxtakarlığı ifşa edilmişdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma artıq o çətin günlər arxada qalıb. 44 günlük Vətən müharbəsində qazanılan Zəfər sonra torpaqlarımız işğaldan azad olundu. Bununla yanaşı, bu gün keçmiş qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət həyata keçirilir. Artıq işğal azad olunmuş ərazilərmizdə sürətlə abadlıq quruculuq işləri aparılır, yeni müasir dövrə uyğn olaraq ağıllı yaşayış məntəqələri salınır. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olduğunu göstərir.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Azİnformasiya Agentliyinin Baş          redaktor müavini

 

 

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, 25 noyabrda Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi.Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər.Ermənistana unitazla qaçan “sakin” erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər.Kəlbəcər şəhərində  məktəb direktorunun  orta  məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi.İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

İnfrastruktur layihələrinin icrası

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.  10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başladı. Müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrasına start verilmişdir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcər rayonu təbii enerji potensialına malikdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmişdir. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçiriləcək və bütün keçmiş məcburi köçkünlər o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın