20.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün Azərbaycanda tələb olunan bütün faktorlar mövcuddur

Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün  Azərbaycanda tələb olunan bütün faktorlar mövcuddur

Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün  Azərbaycanda tələb olunan bütün faktorlar mövcuddur

 Rusiya-Ukrayna müharibəsi yalnız beynəlxalq münasibətlər sisteminin balansında deyil, eyni zamanda enerji və ticarət müstəvisində də qlobal problemlər yaratdı. Dünyanın siyasi və iqtisadi güc mərkəzlərinin Rusiyaya embarqolar, sanksiyalar tətbiq etməsi bütövlükdə Avrasiyada yeni iqtisadi-ticari istiqamətlərin reallaşdırılmasını aktual edir. Eyni zamanda, Şərqi Avropada baş verənlərə əsasən tədarük zəncirində fasilələr başlayıb. Buna görə də, Avropa ticarət mərkəzlərinin subyektləri quru yüklərini dəniz marşrutlarına yönləndirirlər. Bu da öz növbəsində limanlara və yükdaşıma tariflərinə təzyiqi gücləndirir, ümumilikdə qiymət artımı tendensiyası sürətlənir. Bu, həmçinin yükdaşımaları balanssızlığı daha da gücləndirir. Eləcə də aviaşirkətlərə qarşı qoyulan məhdudiyyətlər sanksiyaya məruz qalmayan yükdaşıyanlara rəqabət üstünlüyü verib. Qeyd olunanların fonunda mövcud problemlərin aradan qaldırılması üçün ən yaxşı alternativ marşrut üzərindən düşünülür. Məhz həmin istiqamətlərdən biri də Asiya ölkələri Avropanı əlaqələndirən, mərkəzi Xəzər dənizi və Azərbaycan olan Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Çünki bu marşrut Şimal Dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O, həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək edə bilər.

Şimal marşrutu ilə yanaşı hazırda Cənub yükdaşımaları istiqaməti də risk altındadır: “Cənub dəhlizi kimi tanınan Qazaxıstan-Türkmənistan-İran marşrutu Avropadan Türkiyə, İran və Pakistan vasitəsilə Cənubi və Cənub-Şərqi Asiyaya, Türkmənistan, Özbəkistan və Qırğızıstan vasitəsilə Çinə mal çatdıra bilər. Bu gün Mərkəzi və Orta Asiya ölkələrində baş verən təlatümlü hadisələr bu marşrutu da bir çox məhdudiyyətlərlə üzləşdirir. Ona görə də, bu gün bir sıra mövcud problemlərin aradan qaldırılması ilə Orta Dəhliz marşrutuna alternativ kimi baxılır”.

Prezident İlham Əliyevin bildirdiyi kimi təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq.

Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır: “Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün Azərbaycanda tələb olunan bütün faktorlar – siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat, infrastruktur mövcuddur. Eyni zamanda, ölkəmizin Avropa ilə Asiyanın arasında yerləşməsi Orta Dəhliz marşrutunun bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Həmçinin, Azərbaycanda uzun illər ərzində yatırılmış sərmayə və görülmüş işlər nəticəsində dəmir yolları, yol infrastrukturu sahəsində böyük uğurlar əldə olunub. Həm daxili yol infrastrukturu, həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkəmizin ərazisindən keçən yüklərin də həcmini dəfələrlə artırıb. Bu səbəbdən də Azərbaycan Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırır, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikilir. Bununla yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı 15 milyon tondan 25 milyon tona qədər genişləndirilir, hava limanları layihələrinin də tamamlanması prosesi gedir.

 Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Azərbaycanın uğuru onun açıq, bütün məsələlərə dəqiq münasibətinin olmasındadır

İlham Əliyev Bakıda ADA universitetində keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti, Qarabağda cərəyan edən hadisələr, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bir sıra digər mühüm məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq ifadə etdi.

Prezidentin çıxışında vacib məqamlardan biri yenə İranla bağlı idi. Prezident bir daha açıq şəkildə İranda yaşayan soydaşlarımızın hüquqlarının pozulması, İranın Qarabağda Yuxarı Gövhərağa məscidini saxtalaşdırması məsələsinə ətraflı toxundu.

Bu gün İran Azərbaycanı onun daxili işlərinə müdaxilə etməkdə günahlandıra bilməz. Bu gün 40 milyon Azərbaycanlının hüququ İranda pozulur, onlar ana dilində təhsil almaqdan məhrum ediliblər. Ancaq sayları o qədər də çox olmayan ermənilərə ana dilində təhsil üçün geniş imkanlar yaradılıb. Bu gün İranda erməni dilində məktəb və mədəniyyət mərkəzləri sərbəst fəaliyyət göstərir. Azərbaycanlılara qarşı bu ayrı-seçkilik və qərəz qəbuledilməzdir.

İranın Ermənistandakı məscidləri fars məscidi adı altında təmir etməsi, Ermənistanın bu cinayət əməllərində şərik olması İslamım prinsiplərinə də ziddir. İran bu əməlləri ilə özünü də ifşa etmiş oldu. Təkcə bu əməllərə görə İranın İslamın adından danışmağa haqqı yoxdur.

Prezident İlham Əliyev konfransda Fransanın Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibətinə də geniş toxundu.  Fransa Qarabağla bağlı danışıqlarda birmənalı olaraq vasitəçi ola bilməz çünki artıq öz seçimi ilə bu prosesdə tərəfə çevrilib, ermənidən daha çox erməni olmağa çalışıb.

Makronun Azərbaycanla bağlı həqiqətləri təhrif edən müsahibəsindən, Fransa Senatının Azərbaycanla bağlı qərəzlə qətnaməsindən, Frankafoniya tədbirində biabırçı sənəddən sonra Azərbaycanın mövqeyi belə də olmalı idi.

Prezident Türkiyə-Azərbaycan münasibətləri, Azərbaycanın Avropa ölkələri ilə əlaqələri məsələsinə də toxunaraq bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan geniş bəhs etdi.

Prezident İlham Əliyevin Azərbaycanın daxili və xarici siyasətlə bağlı suallara çox açıq və dəqiq münasibət bildirməsi, çox hazırlıqlı olması konfrans iştirakçıları tərəfindən də böyük rəğbətlə qarşılandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğuru onun açıq, ölçülüb-biçilmiş, bütün məsələlərə dəqiq münasibətinin olmasındadır. Azərbaycanın uğurunu təmin edən amillərdən biri məhz budur.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Prezident İlham Əliyevin konfransdakı çıxışı  və ona ünvanlanmış suallara cavabı böyük maraqla qarşılandı

Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə birgə beynəlxalq konfrans təşkil edirlər. Həmin tədbirlərdə regionda baş verən hadisələrin müzakirəsinə xüsusi önəm verilmiş, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işləri gündəmə gətirilib. Konfranslarda  səsləndirilən mesajlar qlobal analitiklər və tədqiqatçılar, habelə dünyaşöhrətli  media  üçün dəyərli fikirlərdir.          

Sonuncu konfransda əsas müzakirə region üçün çox önəmli olan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda oldu.  Qürurla deyə bilərik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində  işğal altında olan torpaqlarımızı azad etməsi ilə  regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yarandı.

Prezident İlham Əliyevin konfransdakı çıxışı  və ona ünvanlanmış suallara cavabı böyük maraqla qarşılandı.  Dövlət başçımız  mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə evsahibliyi etdiyinə görə ADA Universitetinə  xüsusi təşəkkürümü bildirdiə Qeyd etdi ki, əvvəlki və budəfəki müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və  ölkəmizin regiondakı qarşılıqlı əlaqələrinin daha yaxşı qavranılmasına töhfə verəcək. Budəfəki mövzu Orta Dəhliz məsələsinə həsr olunmuşdu.  Təbii ki, mövzunun əhatəliliyi daha geniş  idi. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalı idi. Aydın məsələdir ki,  təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün deyil.

Dövlət başçımızın qeyd etdiyi kimi, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Dünya ictimaiyyəti də etiraf edir ki, Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Hazırda  Azərbaycanın beynəlxalq  aləmdə  oynadığı rol , düşüünülmüş daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması – bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır

Konfransda dünyanın tanınmış diplomatlarının, siyasi xadimlərin, aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı və onların dövlət başçımıza ünvanladıqları suallar tədbirin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə, Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm,  Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərim,  Misirin Al-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Ahmed Taher,  Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert Con Roberts,Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal, Avropa Siyasət Mərkəzinin baş analitiki Amanda Pol, ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran, ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuz  kimi, dünyada tanınmış diplomat və ekspertlərin dövlət başçımıza ünvanladıqları süallardan  dolğun və məzmunlu cavab almaları razılıqla qarşılandı.

Konfrans iştirakçılarına bildirildi ki, ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşmək və bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. Bununla yanaşı,  Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir. Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var.

Həmçinin, ölkəmizdə hava limanları layihələrinin tamamlanması prosesi gedir. İşğaldan azad edilmiş ərazilərdə artıq  beynəlxalq miqyaslı iki hava limanı inşa edilib. Tikilməkdə olan  Laçın hava limanı  işğaldan azad edilmiş ərazilərdə üçüncüsüdür. Bununla da ümumilikdə, Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür.

Prezident diqqətə çatdırdı ki, artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb. Tədbir iştirakçılarına da bəlli oldu ki, iki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

Azərbaycan qazı üçün növbə – ölkənin Avropa bazarında mövqeyi getdikcə möhkəmlənir

Hazırda kəskin enerji böhranının yaşandığı Avropada Azərbaycan qazına tələbat sürətlə artır. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransda dediyi kimi, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra qaz tədarükünün ya artırılması, ya da başladılması ilə bağlı Avropanın 10-dan çox ölkəsindən müraciətlər daxil olub. Bu gün Azərbaycandan təqribən 22 milyard kubmetr qaz ixrac edilir ki, bunun da 50 faizindən çoxu Avropa ölkələrinə gedir.

Hazırda Azərbaycan qazının tədarükü artıq imzalanmış müqavilələr əsasında həyata keçirilir və bu müqavilələrdə konkret həcmlər göstərilir. Bazarda artan tələbatı ödəmək üçün qaz hasilatını artırmaq lazımdır ki, bu da yeni razılaşmalar olmadan mümkün deyil. Azərbaycanın “Abşeron”, “Ümid”, “Babək”, “Asiman”, “Şəfəq” və digər yataqlardan qaz hasilatını artırmaq üçün böyük potensialı var.

Azərbaycan qazının tədarük coğrafiyasını genişləndirmək üçün əlavə boru kəmərlərinin tikintisi tələb olunur ki, onlardan biri Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) 2022-ci il oktyabrın 1-də istifadəyə verilib. Qeyd etmək lazımdır ki, bu infrastrukturun işə salınması sayəsində Bolqarıstanda qazın topdansatış qiyməti birbaşa 34 faiz ucuzlaşıb. Bu, Azərbaycan qazının tədarükünün ehtiyacları ödəməkdən əlavə, bazarda rəqabəti necə artırdığının və bununla da hazırda Avropa istehlakçısı üçün çox vacib olan qiymətlərin aşağı düşməsinə töhfə verdiyinin bariz nümunəsidir.

Bolqarıstan və Serbiya arasında interkonnektorun 2023-cü ildə işə salınması planlaşdırılır ki, bu da Serbiyaya Azərbaycan qazına çıxış əldə etməyə imkan verəcək. Maraqlıdır ki, Serbiya müvafiq infrastrukturun hazır olmasını gözləmədən Azərbaycanla müqavilə imzalamaq istəyir. Albaniya da Azərbaycan qazının idxalında maraqlı olan ölkələr sırasındadır və hazırda Trans-Adriatik boru kəmərinin tranzit ölkəsidir. Həmçinin TAP-a qoşulmalı və qazı Bosniya və Herseqovina, Monteneqro, Xorvatiyaya çatdırmalı olan İon-Adriatik boru kəməri də diqqət mərkəzindədir. Macarıstan, Şimali Makedoniya və enerji çatışmazlığı probleminə daha həssas olan digər ölkələr də Azərbaycan qazına maraq göstərirlər.

Amma Azərbaycan qazının Avropaya tədarükünü artırmaq üçün həllini tapmalı olan ən mühüm məsələ, təbii ki, Cənub Qaz Dəhlizinin buraxılış imkanlarının genişləndirilməsidir.

Prezident İlham Əliyev vurğulayıb ki, bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq.

“Biz tamamilə yeni olan mövcud boru kəməri sistemini genişləndirməliyik. İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə – 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq”, – deyə Prezident İlham Əliyev bildirib.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycanın tranzit göstəricilərin perspektivdə daha da yüksələcəyi gözlənilir.

Bu, Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağı ilə bağlı məsələdir. Lakin bu infrastrukturun işə salınması istiqamətində Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etsə də, işğalçı Ermənistan Vətən müharibəsindən ötən iki il ərzində sözügedən istiqamətdə heç bir əməli fəaliyyət göstərməyib. Beynəlxalq konfransda bu problemlə bağlı Prezident İlham Əliyev deyib: “Siz soruşdunuz ki, İran və ya Ermənistan bu prosesə əngəl törədə bilərlərmi, mən belə düşünmürəm. Birincisi, Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. Onların dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur. Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir…”.

Dövlətimizin başçısı bu məsələdə İran amilinə də toxunaraq qeyd edib ki, bu ölkə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir.

Prezident İlham Əliyev daha sonra Azərbaycanın bu layihəyə görə, coğrafi mərkəz olaraq, eyni zamanda, tam infrastruktura malik və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələr yaradan ölkə kimi məsuliyyət daşıdığını, adı çəkilən dəhlizin formalaşması üçün lazımi səy göstərəcəyini diqqətə çatdırıb. Yeri gəlmişkən, konfransda Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamədə Ermənistanın Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini reallaşdırmalı olduğu bildirilib. Eyni zamanda, sözügedən dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arasında olan iqtisadi əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində həlledici rolu şərtləndirib.

Zəngəzur dəhlizinin fəaliyyətinin gerçəkləşməsi həm də, ilk növbədə, Ermənistanın maraqlarına cavab verir. Çünki işğalçı ölkə adıçəkilən kommunikasiyadan yararlanmaqla ticarət əlaqələrini genişləndirə, bununla da üzləşdiyi və getdikcə dərinləşən iqtisadi böhrandan xilas ola bilər.

Bu coğrafiyada belə bir kommunikasiyanın – dəhlizin fəaliyyətə başlaması, ümumiyyətlə, region ölkələrinin–Azərbaycan, İran və Türkiyənin də sosial-iqtisadi yüksəlişinə böyük töhfə verəcəyi heç bir şübhə doğurmur. Bu dəhlizin Qərb ilə Şərq arasında olan iqtisadi əlaqələrin dərinləşməsinə, yaranan ticarət həlqəsinə əlavə dəyər verməsinə önəmli təsir göstərəcəyi də haqlı olaraq vurğulanır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Azərbaycan növbəti qlobal nəqliyyat-logistika layihəsinin aparıcı lokomotivinə çevrilir

“Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin – Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir”.

Noyabrın 25-də ADA Universitetində “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illərdə qlobal layihələrindən, təşəbbüslərindən və mühüm proqramlara verdiyi töhfələrdən söz açıb. ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin yer aldığı konfransda  İlham Əliyev bəyan edib ki, Azərbaycan Orta dəhlizin işinə fayda vermək üçün imkanlarını səfərbər edib.

Ümumiyyətlə, Cənubi Qafqazın lideri, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-logistika imkanlarının genişləndirilməsi prosesində fəal iştirak edir. İkinci Qarabağ müharibəsindəkı zəfərimizdən sonra Cənubi Qafqazda yaranan yeni reallıqları dəyərləndirən Prezident İlham Əliyev bu prosesə töhfə vermək üçün yeni-yeni qlobal təşəbbüslər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır.
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində də iş aparan Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olmasına mühüm töhfə verə bilər.
Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır.

Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna münaqişəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Orta dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır. Layihənin əhəmiyyəti 2022-ci ildə Ukrayna-Rusiya münaqişəsindən sonra kəskin şəkildə artıb. Bunu iqtisadi göstəricilər də təsdiqləyir. Belə ki, 2022-ci ilin birinci rübündə bu istiqamət üzrə yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıb. İqtisadçı ekspertlər deyirlər ki, 2022-ci ildə Mərkəzi Asiya və Qafqaz vasitəsilə tranzit yüklərin həcmi 2021-ci illə müqayisədə altı dəfə artaraq 3,2 milyon tona çata bilər.

Xatırladaq ki, bu il oktyabrın 13-də Astanada səfərdə olan İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə də bu barədə fikirlərini səsləndirmişdi. Dövlət başçısı vurğulamışdı ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Bu gün isə gündəlikdə Orta dəhlizin inkişafı məsələsi durur: “Orta dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Trans-Xəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik”.
Göründüyü kimi, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit yükləri təxminən 65 faiz artıb. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Orta dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Prezident İlham Əliyev də Orta dəhlizin ciddi perspektivlərə malik olduğunu, bu məsələdə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayıb

Əlverişli təbii coğrafiyaya malik olan Azərbaycan bu imkanlardan irəli gələrək beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərində iştirak edir, onların formalaşmasına mühüm töhfələr verir. Təsadüfi deyil ki, bu gün Avropa ilə Asiya arasında beynəlxalq  yükdaşımaların daha təhlükəsiz və qısa zamanda həyata keçirilməsi üçün Azərbaycanın nəqliyyat-tranzit potensialından geniş istifadə edilir.  Orta dəhliz adı ilə məşhur olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın nəqliyyat imkanları hesabına daha da əlverişli olması ilə diqqəti çəkir.  Bu dəhliz Çindən Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz ölkəmizin dünyadakı nüfuzunu artırır. Xüsusi vurğulamaq lazımdır ki,  Orta dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin perspektivləri olduqca çoxdur.
Bu dəhliz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsindəki nəqliyyat imkanlarını daha çox artırmaq potensialına malikdir.

Prezident İlham Əliyev də Orta dəhlizin ciddi perspektivlərə malik olduğunu, bu məsələdə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayıb. Dövlət başçısı noyabrın 25-də Bakıda keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfransda bildirib ki, türk dövlətləri arasında əməkdaşlıq Orta dəhliz layihəsinə əsas töhfə olacaq: “Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük”.      Prezident, həmçinin qeyd edib ki, digər böyük oyunçuların bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi baxımdan cəlbedici hesab etməsi vacibdir: “Bunun üçün bizdə sabitlik, etibarlılıq var. Biz geniş şəkildə tarif siyasəti üzərində işləməliyik”.
Noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində keçirilən üçtərəfli görüşdə isə Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər yol xəritəsi” imzalanıb. Sənəd qarşılıqlı faydalılığı artırmaq, regional əlaqələri gücləndirmək məqsədi daşıyır. Bu bir daha təsdiq edir ki, Orta dəhlizin yaradılması ölkəmizin mühüm tranzit uğurudur.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Zəngəzur dəhlizi Orta dəhliz marşrutunun əsas tərkib hissəsidir

Son dövrlər Orta dəhlizdən istifadə edilməklə yükdaşımaların həcminin artması da bu dəhlizin əhəmiyyətindən xəbər verir. Dövlət başçısı tranzit yüklərin həcmi ilə bağlı bildirib ki, “cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq”. Görünən odur ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan müasir nəqliyyat və logistika infrastrukturu tranzit yüklərin həcmini artırmaqla, Azərbaycanı mühüm nəqliyyat mərkəzinə çevirməklə yanaşı, türk dövlətləri, eləcə də digər xalqlar və ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verir. Mütəxəssislərin fikrincə, Orta dəhliz yaxın 5 il ərzində dünyanın ən təhlükəsiz və operativ dəhlizlərindən birinə çevriləcək.

Orta dəhlizin beynəlxalq əhəmiyyəti böyükdür, bu dəhlizdən Avropa, eləcə də Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan fayda götürür: “Orta dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımaların artırılmasına xidmət edir. Bu dəhliz üzrə yüklər orta hesabla 20-25 gün ərzində Çindən Avropaya çatdırılır. Operativlik və təhlükəsizlik bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Orta dəhlizin yükdaşımaların həcminin artmasına səbəb olması Azərbaycanın, eləcə də dəhlizin iştirakçısı olan digər ölkələrin iqtisadiyyatı üçün ciddi töhfədir. Görünür, ölkəmizin “dəmir yumruq” doktrinası siyasi və iqtisadi faydalarını verməyə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin bu gün dünyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradıb”.
Deputat həmçinin qeyd edib ki, Orta dəhliz vasitəsilə daha çox yükün daşınmasına nail olmaq üçün Zəngəzur dəhlizinin açılması da vacibdir: “Hər kəsə bəllidir ki, Zəngəzur dəhlizi açılarsa, region üzərindən daşınan yüklərin həcmi daha çox artacaq. Yəni Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha effektli istifadə üçün Zəngəzur dəhlizi yeni imkanlar yarada bilər. Bu dəhliz regionun nəqliyyat və infrastruktur xəritəsini müsbət istiqamətdə dəyişmək  gücünə malikdir”.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın