19.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir

Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir

Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir.

Prezident cənab İlham Əliyev ölkəmizi islahatlar yolu ilə inkişafın yeni mərhələsinə çıxarır; “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

31 oktyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi birinci dəfə and içməsinin növbəti ildönümü oldu. Xoşdur ki, həmin əlamətdar gün ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində aparılan islahatların ən qızğın çağında qeyd olunur. Bəzən kütləvi informasiya vasitələrində “ölkəmizdə son bir neçə ildə aparılan islahatlar” ifadəsi ilə rastlaşırıq. Əslində, həmin ifadədə incə bir məntiq var. Çünki, həqiqətən, son bir neçə ildə islahatlar daha da sürətlənib və hərtərəfli xarakter alıb. Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin hələ ötən əsrin son illərində və bu əsrin ilk üç ilində reallaşdırdığı hərtərəfli islahatlara 2003-cü ilin payızından sonra xüsusi bir temp vermişdir.Məhz həmin islahatların nəticəsidir ki, İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısında qoymuşdu. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı sosial-iqtisadi sahədə ilk proqramlarımızdan biri olmuşdur. Qeyd edək ki, ilk proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Digər göstəricilər, ölkədə həyata keçirilən infrastruktur layihələri də ürəkaçandır. Sahibkarlıq ciddi inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanda orta sinif, möhkəm sahibkarlıq sinfi formalaşmışdır. Bütün bunlar, məhz aparılan hərtərəfli islahatların nəticəsidir. Fakt ondan ibarətdir ki, ölkəmiz öz kompleks keçid prosesinin inkişafında yeni mərhələyə qədəm qoymuşdur. Dövlətçiliyin qurulması, suverenliyin ilbəil möhkəmləndirilməsi, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində ardıcıl siyasət, mədəniyyətlərin dialoqu yolunda prinsipial çağırışlar Qoşulmama Hərəkatına 2022-ci ilədək olan müddətdə Azərbaycanın sədrlik etməsinin təminatını yaradır. Aparılan sosial-iqtisadi, mədəni siyasətin ardıcıllığına nəzər yetirdikdə proseslərin həm də ölkə başçısının seçki platformasında irəli sürdüyü müddəalarla üst-üstə düşdüyünü aydın görürük. Ölkəmizdə islahatların prinsipləri xalqın istəyi və dünya çağırışlarına adekvat aparılaraq Azərbaycanı dünyanın ən nüfuzlu ölkələri sırasına qaldırmış və hər bir azərbaycanlının maraqlarını müasir təlatümlü dünyada təmin etməyə yönəlmişdir.

Zərdab rayon  Çallı kənd tam orta məktəbin direktor müavini- Ariz Pənahov

 

İnamlı addımların , uğurlu qərarların əsasında duran təhsil.

Azərbaycan Xalqının Prezidenti,Ali baş Komandanı İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.1991– 1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitseprezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. İlham Əliyev Ən əsası Heydər Əliyev məktəbinin yetirməsidir. Bu gün Azərbaycan yüksəliş dövrünü məhz İlham Əliyevin uğurlu siyasəti nəticəsində yaşayır. İlham Əliyevin bütün sahələr üzrə biliklərə sahib olması ölkəmizin hərtərəfli tərəqqisində mühüm rol oynamışdır. Bu gün Azərbaycan bütün dünyada məhz İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində tanınır.Bu gün Azərbaycanın qalib ölkə kimi tanınmağının səbəbi məhz İlham Əliyevin düzgün ordu quruculuğu siyasətinin,bu gün Azərbaycanda daxili sabitlik,sülh bərqərar olubsa ,bu məhz İlham Əliyevin uğurlu daxili siyasətinin,bu gün Azərbaycan bir çox ölkələri ilə hər bir sahədə əməkdaşlıq edirsə,bu məhz İlham Əliyevin beynəlxalq nüfuz və hörmətə sahibi olmasının nəticəsidir.İkinci Qarabağ müharibəsi dövründə xarici jurnalistlərin Prezidentimizə verilən təxribat xarakterli suallarını cavabını necə təmkinlə,savadlı bir şəkildə , faktlarla verməsi , onları yerindəcə susdurması Cənab prezidentimizin necə dərin biliyə sahib olduğunu bir daha bütün dünyaya sübut etdi. Biz şanslı bir xalq sayıla bilərik ,çünki Heydər Əliyev məktəbinin yetirməsi olan İlham Əliyev kimi savadlı,bacarıqlı bir liderimiz var!

Zərdab rayon  Çallı kənd tam orta məktəbin müəllimi- Vahidli Aydan

 

Ölkənin 30 ilə qədər pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi olan Şuşanın azad olunması prezident İlham Əliyevin Zəfər Zirvəsidir.

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərinin düşməndən azad edilməsi xəbərini xalqa çatdırdı. Şuşanın azad edilməsi düşmənə vurulan ən layiqli, ən ağır zərbə idi. Bunun nəticəsi idi ki, döyüş meydanlarında darmadağın edilən işğalçı Ermənistan cəmi bir gün sonra məğlub olduğunu elan edərək kapitulyasiya aktına imza atdı. Azərbaycan Ordusu 44 gün ərzində ildırımsürətli müharibə ilə düşmənə heç vaxt unudulmayacaq dərs verdi, Prezident cənab İlham Əliyevin Dəmir Yumruğu düşmənin başını əzdi.

Şuşanın azad edilməsi Zəfərin Zirvəsidir. Şuşa əməliyyatı dünya hərb tarixinə qızıl hərflərlə yazılan bir qəhrəmanlıq nümunəsidir. Çünki qəhrəman Azərbaycan əsgərləri çətin relyef və hava şəraiti ilə sıldırım qayaları, keçilməz meşələri peşəkarlıq və əzmkarlıqla keçərək Şuşaya daxil olub. Şuşa şəhəri ağır texnika və silah-sursat olmadan, yüngül silahlar istifadə olunmaqla yaxın məsafədən aparılan döyüşlərlə düşməndən təmizlənib.

Hətta Tarixi Zəfərin bir ili münasibətilə döyüşlərdə iştirak etmiş bir qrup xüsusi təyinatlı ilə görüşüb, onların döyüş xatirələrini əks edirən “Zəfərin Zirvəsi Şuşa” adlı sənədli film də hazırlanıb.

Filmdə Şuşa əməliyyatlarının iştirakçıları – Vətən Müharibəsi Qəhrəmanları, “Zəfər” və “Qarabağ” ordeni ilə təltif edilmiş DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarının keçdikləri döyüş yolu geniş yer alıb. Xüsusi təyinatlılar Şuşa əməliyyatının detalları, real döyüş əməliyyatları, düşmən üzərində qazandıqları inamlı qələbələr, işğalçılara verilən layiqli dərs, meşələrdə, qayalıqlarda, çaylarda və çətin relyefli ərazilərdə aparılan döyüşlərlə bağlı xatirələrini bölüşüblər.

Zərdab rayon  Körpükənd kənd tam orta məktəbin  müəllimi -Musayeva Gülnar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib..

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub.

Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib,Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Xalq 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin növbəti dəfə Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Xalqın bu ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkilərində də qalib çıxmasını şərtləndirdi. 2008 və 2013-cü ilin prezident seçkilərində xalq yenə də “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, – deyən Prezident İlham Əliyevə səs verdi. Dövlətimizin başçısı Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində isə yenə də onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı.Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı.

Prezident cənab  İlham Əliyev – Azərbaycan xalqının arzularını reallaşdıran lider, Azərbaycan adlı gəmini uğurla irəli aparan kapitan..Bəli, prezidentin en böyük dahi,uğurlu siyasətindən biri 30 ildir “Qordi düyünü”nə çevrilmiş Qarabağ probleminin həlli oldu.Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə uğurla apardığı Vətən müharibəsilə 44 günə həll etdi. Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xeyrinə başa çatdı. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq yalnız ölkədaxili məsələləri həll etməklə qalmır, eyni zamanda beynəlxalq aləmdə də fəal siyasət aparır, dövlətlərarası münasibətlərin, beynəlxalq təşkilatın fəaliyyətinin həyata keçirilməsinin aktiv təşəbbüskarı kimi çıxış edir.

Beləliklə, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin  müəllimi- İlahə Mustafayeva.

 

 Ağıllı kənd lahiyəsi

İşğaldan azad edilmiş Zəngilan rayonunda Prezident cənab İlham Əliyevin iştirakı ilə ilk “Ağıllı kənd” layihəsinin təməli qoyuldu. Ağalı kəndində icra olunacaq layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər. Prezident İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq .Bütün dünyada “Ağıllı kənd” layihələrinin həyata keçirilməsində əsas məqsəd kənddən şəhərə axının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni, “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur.

“Ağıllı kənd təsərrüfatı” özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir. “Ağıllı kənd” təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in nə dərəcədə üstünlüklərə malik olduğunu göstərir.Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir, həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə – alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq.

Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması “Ağıllı kənd” layihəsini Azərbaycanda da gündəmə gətirib. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı səmərəli nəticələrə gətirib çıxaracaq.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru- Məkkə Həmidova

 

Bakı-Tbilisi-Ceyhan(BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarıcı siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.

Əsrin müqaviləsindən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi. Dünya dövlətləri arasında zəngin neft yataqlarına malik ölkələr çoxdur. XX əsrin sonunda yaranmış tarixi-siyasi şəraitdən istifadə edərək müstəqilliyini yenidən qazanan Azərbaycan dünyanın böyük dövlətlərinin diqqətini cəlb etməyə bilməzdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində çox çətin şərtlərə baxmayaraq, ölkəmizin sosial iqtisadi inkişafı və dünya təsərüfat sisteminə inteqrasiyası sahəsində çox böyük naliyyətlər əldə olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin neft strategiyası sahəsində 1994-cü il sentyabrın 20-də Bakının möhtəşəm “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü”nə dair müqavilə imzalanmışdır. Azərbaycan ilə bir sıra xarici ölkələrin neft şirkətləri arasında inzalanmış müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılmış, təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 2 ölkəsinin 13 ən məşhur şirkətləri iştirak etmişlər. Bununla da “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlamışdır.

Azərbaycan nefti Bakı-Novorossiysk və Bakı- Supsa neft kəmərləri vasitəsilə dünya bazarına çıxarılırdı.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısı çərçivəsində xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə Respublikalarının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalanmışdır.

Bakı Tbilisi-Ceyhan neft kəməri misilsiz əhəmiyyətə malik tarixi hadisədir. Bu kəmərin həm iqtisadi, həm də siyasi əhəmiyyəti vardır. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası xalqımızın bu günü və gələcəyi üçün möhkəm təməl və firavanlıq mənbəyidir.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya

 

Təhsil və peşəkar fəaliyyət

“2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız-bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”-Prezident İlham Əliyev.

1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunda təhsil alıb. 1982-ci ildə həmin İnstitutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb.

Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçildi. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

2003-cü ilin oktyabr ayının 15-də keçirilən seçkilərdə Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirmək və ölkədə sabitliyin qorunmasını təmin etmək üçün xalq öz səsini İlham Əliyevə vermişdir.

Zərdab rayon  Xasa kənd ümumi orta məktəbin  müəllimi- Hacıyeva Xuraman

 

Effektiv dövlət siyasəti və müasir siyasi lider

 İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi .

Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi .

Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb .

Prezidentimiz daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür.

 Zərdab rayon salahlı kənd ümumi orta məktəbinin direktor əvəzi-Rəşad İsmayılov

 

Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir.

Xalqın etimadını və rəğbətini qazanmış Prezident İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.O, Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı kimi Prezidentlik dövründə dövləti və xalqı üçün yorulmadan çalışır. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumuruq kimi birləşməsinin əsas səbəbkarıdır.

Dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin təşəbbüskarı olan Prezidentimiz cənab İlham Əliyev bu əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın