28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Tarixi görüş

Tarixi görüş

Tarixi görüş  

Münxen Təhlükəsizlik Konfransı Plenar iclasın adından da göründüyü kimi, orada suallar əslində Cənubi Qafqazda təhlükəsizliyin qurulmasına əngəllər, üç ölkənin sıx əməkdaşlığını təmin etmək üçün nələr lazım gəldiyi, Gürcüstanın Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında hansı rolu oynaya biləcəyi ilə bağlı olmalı idi. Bunun əvəzinə isə Gürcüstan Baş nazirindən sabiq Prezident Saakaşvilini azad edib-etməyəcəkləri barədə soruşmaları, əksər sualların hədəfinin Rusiya olması, Ermənistana tərəfkeşlik cəhdi kimi məqamlar moderatorun qeyri-peşəkarlığından xəbər verir. Görünür, elə həm də bu səbəbdən Prezident cənab İlham Əliyev ona “Dağlıq Qarabağ” ifadəsini işlətməyin yolverilməz olduğunu xatırlatmalı oldu”.

Prezident cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında budəfəki açıqlamaları ilə onlara yaxşı bir diplomatiya dərsi verdi. Ən maraqlı məqamlardan biri də bu idi ki, dövlətimizin başçısı birbaşa ad çəkmədən dəqiq məntiqi ardıcıllıqla bəzi faktları xatırladaraq qərbdəkilərin “kiçik bacı”larının Rusiyadan heç nə ilə fərqlənmədiyini qeyd etdi. “Dövlətimizin başçısının bəzi diplomatik gedişlərini Sarbonna Universitetinin məzunu Heusgen də öyrənsə pis olmaz. Bu, ən azından gələn il Münxen Təhlükəsizlik Konfransının daha uğurlu təşkilində onun işinə yaraya bilər”.

Azərbaycan iki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü əsasında Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən görüş də ölkəmizin haqqın, ədalətin yanında olduğunu nümayiş etdirdi. Dövlət başçısı bu görüşdən sonra televiziya kanallarına müsahibəsində belə bir əminliyi ifadə etdi ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ədavət dövrünün arxada qalması mümkün olacaq”.

Müzəffər Ali Baş Komandan İlham Əliyev plenar iclasda Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, Dağlıq Qarabağ sözünün qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Dövlət başçısı cənab İlham Əliyev bir daha bəyan etdi ki, bu gün həqiqətləri gizlətmək, yaxud da təhrif etmək mümkün deyil. İnformasiya dünyası dövründə yaşayırıq. Qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar ciddi qəbul edilmir. Azərbaycanın mövqeyi birmənalıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi

Münxen Təhlükəsizlik Konfransı mühüm beynəlxalq platformadır. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.

Bu il keçirilən konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən xeyli sayda hökumət nümayəndələri iştirak ediblər. Gözlənildiyi kimi, konfransın aparıcı mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, hazırda dünyanı daha çox düşündürən digər məsələlər də gündəmdə oldu. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Dəyirmi masada ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir.

2020-ci ilin fevral ayında Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının arqumentləri, səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Budəfəki panel iclasında da Azərbaycan Prezidenti əsaslı arqumentlər və faktlarla erməni tərəfini susdurdu. Torpaqlarımızı BMT Nizamnaməsinin 51-ci fəslinə əsasən azad etdiyimizi deyən dövlətimizin başçısı vurğulayıb: “Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi”.

Bütövlükdə, Münxen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın növbəti diplomatik uğuru oldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu

Ermənilər tarixi Qarabağ torpağımızda qeyri-qanuni məskunlaşdıqları ilk gündən Azərbaycana qarşı çirkin niyyətlərini işə salmış, bununla da məqsədli şəkildə toponimlərimizi dəyişməyə başlamış Tarixi diqqətlə oxuyub, araşdıran hər kəsə agah olar ki, ermənilər son 200 il ərzində etnik azərbaycanlılara qarşı misli görülməmiş faciələr yaşatmışdır. Bu tarix o qədər də uzaq keçmiş deyil və milliyyətindən asılı olmayaraq hər bir obyektiv tarixçi bu faktları etiraf etməkdən çəkinməməli və dünyada ədalətin, sülhün bərqərar olunması naminə haqq səsini ucaltmalıdır.

Tariximizin ən dəhşətli və ən acı səhifələrindən biri, qan yaddaşımıza çevrilmiş hadisə isə 1992-ci ilin əvvəllərində baş vermişdir. Erməni qəsbkarlarının – öz havadarlarının əlində maşaya çevrilmiş bu vəhşi millətin tarixi torpaqlarımıza hücumu nəticəsində ərazimizin 20 faizi işğal olunmuşdur. Həmin ilin fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı ermənilər bəşəriyyət tarixində misli görülməmiş soyqırımılarından birini törətmişdir. İşğal zamanı, eləcə də dünyada törədilən qətliamlar içərisində xüsusi qəddarlığı ilə seçilən Xocalı qətliamı nəticəsində yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Təəssüflər olsun ki, ermənilərin işğalçılıq, soyqırımı və qəsbkarlıq siyasəti bütün dünyanın gözü qarşısında baş vermiş, heç bir dünya dövləti bu ədalətsizliyə və beynəlxalq hüququn qəsdinə dur deməmişdir. Azərbaycan dövləti isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Ölkəmizin bu humanizm addımları isə Ermənistanın qeyri-konstruktiv və təxribatçı hərəkətləri ilə nəticəsiz qalmışdır. Belə ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə müxtəlif yollara əl atmış, Azərbaycanın dövlət sərhədlərində atəşkəsi kobud şəkildə pozaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatlar törətmişdir.

2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribatın qarşısın almaq və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan nizannaməyə uyğun olaraq Azərbaycan münaqişəni özü həll edib. 2020-ci ilin 27 sentyabrında başlayan və tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan əks-hücum əməliyyatlarında dövlət-xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi olaraq erməni işğalçıları üzərində parlaq qələbə qazanaraq xalqımız öz qətiyyətini, əzmini bütün dünyaya nümayiş etdirərək tarixi torpaqlarını işğaldan azad etmişdir. Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcəkdir.

 Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Konstruktiv görüş

Münhen Təhlükəsizlik Konfransı artıq 60 ildir ki, fəaliyyət göstərən və hazırda qlobal miqyasda təhlükəsizlik problemlərinin müzakirə olunduğu beynəlxalq bir Forumdur.

Ölkəmizin bu konfransda ölkə prezidenti və birinci vitse-prezidentin şəxsində təmsil olunması Azərbaycanın bu tədbirə nə qədər böyük əhəmiyyət verməsinin göstəricidir. Bizim üçün bu konfransın bir mühüm əhəmiyyəti onunla bağlı idi ki, konfrans çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ayrıca bir plenar iclasın gündəliyində yer alırdı və bu mövzuda maraqlı müzakirələr aparıldı. Konfrans çərçivəsində keçirilmiş görüşlərdən ən çox maraq doğuranı isə Cənubi Qafqaz dövlətlərinin liderləri arasında baş tutmuş görüş idi. Bu ölkə başçılarının bir araya gəlməsini siyasi təhlilçilər artıq tarixi görüş kimi dəyərləndirirlər. Çıxışların əsas mövzusu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılmalı addımlarla bağlı oldu. Prezident cənab İlham Əliyev bölgəmizdə sülhyaratma proseslərində Ermənistanın qeyri-konstruktiv rolunu açıq şəkildə ifadə etdi.
Konfrans çərçivəsində ölkə başçımız bir sıra dövlət nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Maisə Xəlilova

 

Azərbaycan xalqı müharibənin nə olduğunu bilir

30 ilə yaxın müddət ərzində sülh danışıqlarına davam edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyirdik. Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev, ölümündən sonra isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə danışıqlar aparmış, beynəlxalq konfranslarda çıxış etmiş, Dağlıq Qarabağın statusu haqqında dünya birliyinə sülh yolu ilə çağırışlar etmişdir.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaq. Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləri də öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə-neçə oğulların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik. Torpaq – uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır.

Sülh dünyadakı bütün insanlar üçün xoşbəxt və dinc həyatın əsas meyarıdır. biz sülhpərvər xalqıq. Bu  mövqeyimizdən  də geri çəkilmirik və paralel olaraq ermənilərə xəbərdarlıq edərək onları odla oynamamağa çağırırıq

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

Azadlıq istəyən xalqı işğal etmək mümkün deyil

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbirlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.

Prezident cənab İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim  iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən isə xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. Heç vaxt mülki əhaliyə əl qaldırmadı. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sındırmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də həmin metoddan istifadə etdi. Amma Azərbaycan xalqı öz haqlı davasında axıra qədər getdi. Beləliklə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Bu qələbə istisnasız olaraq Prezident cənab İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Çünki ölkəmizin illərlə topladığı beynəlxalq nüfuz haqlı davamıza qüvvət verdi, onu daha güclü etdi. Bu çətin günlər qardaşlığın, dostluğun dəyərini anlatdı. Biz bir daha şahidi olduq ki, tarix heç vaxt öz funksiyasını dəyişmir, dostlar düşmənə, düşmənlər dosta çevrilmir. Qalib gələn ədalət və ölməyən həqiqət olur.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Gülbəniz Əhmədova

 

 

44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Müharibənin ilk saatlarından döyüş meydanında yalnız tanklarla, toplarla deyil, peşəkar zabit korpusu və ən müasir hərbi texnika ilə silahlandırılan Azərbaycan Ordusu müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından – PUA-lardan yüksək peşəkarlıqla istifadə edərək düşmənin ön müdafiə xəttini yardı.

Rəşadətli əsgər və zabitlərimiz çətin dağlıq, meşəlik şəraitində döyüş tapşırığını yerinə yetirərək böyük qəhrəmanlıqlar göstərdilər. 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdilər. Azərbaycanın haqq-ədaləti uğrunda vuruşaraq Ermənistanın uzun illər ərzində qurduğu istehkamları məhv edərək, əsgər və zabitlərimizin canı və qanı bahasına Dağlıq Qarabağ da daxil olmaqla torpaqlarımızı düşmən tapdağından azad etdilər.

Müharibə zamanı Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunda isə bir nəfər də olsun fərarilik etmədi. Döyüş meydanında məğlubiyyətə uğrayan mənfur düşmən mülki əhaliyə qarşı hərbi cinayətlər törətdi. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutuldu. Müzəffər Azərbaycan Ordusu şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda müharibə vaxtı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı.

Azərbaycan xalqının 30 ilə yaxın bir müddətdə düşmənin dağıdaraq xarabalığa çevirdiyi ata-baba yurdlarına yollar salınır, tunellər, yeni yaşayış binaları, məktəblər, tibb müəssisələri və digər obyektlər tikilir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır

 Azərbaycan dövləti İranın ölkəmizdəki səfirliyinin mühafizəsini lazımi səviyyədə təmin edir və rəsmi Tehranın da borcudur ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyini qorusun. Amma baş verən cinayət bunun əksini göstərir. Son zamanlar İranda həm rəsmi şəxslər, həm də hakimiyyətin ayrı-ayrı qolları tərəfindən Azərbaycan əleyhinə təbliğat aparılır. Rəsmi Tehranın bu mövqeyi nəticəsində qarşılıqlı münasibətlərimizdə soyuqluq yaranıb. Bütün bunların ardınca Tehrandakı səfirliyimizə ölümlə nəticələnən hücum iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə yönəlmiş addımdır. Azərbaycanın regionumuzda, eləcə də dünyada güclənən mövqeyi İranı da narahat edir. Buna görə də, rəsmi Tehran dövlətimizin bölgədəki sülh və əməkdaşlıq təşəbbüslərinə əngəl olmağa çalışır.

Azərbaycanın rəsmi nümayəndəliklərinə qarşı birinci dəfə təşkil olunan terror hadisəsi deyil. Bir müddət öncə Böyük Britaniyada Azərbaycanın səfirliyinə qarşı yenə İran mənşəli radikal qruplar tərəfindən terror təşkil edilmişdi. Həmin vaxt da İran törədilmiş cinayətlə bağlı qaneedici və məntiqli izahat verməmiş, hadisəni radikal qrupların müstəqil aktı kimi qiymətləndirmişdi. Ona görə də əgər bu hadisə də hər hansı bir məzhəb, dini yaxud terrorçu qrupların fəaliyyəti ilə əlaqələndiriləcəksə, bu izahat da qaneedici olmayacaq.

İran rəsmilərinin regiondakı mümkün sülh və kommunikasiyaların açılması ilə bağlı qeyri-konstruktiv, radikal mövqeləri, hətta bəzən Ermənistandan belə daha artıq radikal fikirlər səsləndirmələri bunu deməyə əsas verir ki, burada mütləq İran rejiminin müəyyən qurumları ilə bu hadisəni törədənlər arasında bir əlaqə ola bilər. İranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı əslində Azərbaycana qarşı terror hücumudur.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın