20.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən böyük çağırışlardan biridir

Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən böyük çağırışlardan biridir

Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən böyük çağırışlardan biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə çıxış etmişdir. Bir çox mövzular haqqında çıxış edən cənab Prezidentin toxunduğu məsələlərdən biri də müharibədən sonra Ermənistanın hərbi cinayətləri haqqında olmuşdur. O qeyd etmişdir ki, “Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən böyük çağırışlardan biridir. Bizim hesablamalarımıza əsasən, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. Biz hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox idi. Əlavə olaraq bu yaxınlarda bir neçə Azərbaycan şirkəti də fəaliyyətə başladı. İndi onlar da mina təmizləmə işləri ilə məşğuldurlar və onların qiyməti məqbuldur”.

Ermənistan müharibənin gedişində istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı da ardıcıl təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayır və beləliklə, müharibə cinayətlərini davam etdirirdi. İşğalçı tərəfindən Gəncə şəhərinə ballistik raketlərin atılması, nəticədə neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması, onların arasında uşaqların da olması erməni faşizminin beynəlxalq hüququn norma və prinsiplərinə saymamazlığını göstərir, onun sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verirdi. Azərbaycan Ordusu dinc sakinlərimizə qarşı cinayət törədən erməni terrorçularını döyüş meydanında layiqincə cəzalandırdı. Cəbhə bölgəsindən kənar yaşayış məntəqələrində törədilən cinayətlərin qisası artıqlaması ilə alındı.

Bu gün müzəffər ordumuzun 44 gündə erməni işğalından azad etdiyi ərazilərimizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən intensiv minatəmizləmə işləri aparılır. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb. Qarabağda və Şərqi Zəngəzurda bu illər ərzində xalqımıza məxsus tarixin silinməsi üçün Ermənistan dünyada analoqu olmayan amansız müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. İşğal dövründə təbiətimizə, milli-mənəvi dəyərlərimizə qəsd olunmuş, Azərbaycanın yeraltı və yerüstü sərvətləri talanmışdır. Bu əməllər xarici şirkətlərin də iştirakı ilə faktlarla sübuta yetirilmişdir. Azad olunmuş şəhər və kəndlərimizin hər qarışı özündə erməni vandallığını və vəhşiliyini əks etdirir. Ermənistan dövlətinin təcavüzkar siyasəti məhz mülki əhaliyə qarşı yönəlib və hərbi cinayətlər çoxlu sayda insanın öldürülməsi məqsədilə sistematik olaraq törədilib. Eyni kriminal əməllər müharibə dönəmində Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirilib. Ermənilər tərəfindən törədilən cinayətlər hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Ümid edirik ki, bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən dəqiq qiymət veriləcək və cinayətkarlar öz layiqli cəzalarına çatacaqlar.

 

Nurəli Mənsimov – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın