28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Rəngarəng folklor nümunəsi

Rəngarəng folklor nümunəsi

Rəngarəng folklor nümunəsi

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı!

Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın.

“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.

Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə – od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur. Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.

Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın