16.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Litva uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Azərbaycanın Avropa tərəfdaşları sırasındadır

  • MANŞET
  • 24 May 2023
  • 2.463 BAXIŞ SAYI
Litva uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Azərbaycanın Avropa tərəfdaşları sırasındadır

Litva uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Azərbaycanın Avropa tərəfdaşları sırasındadır

Azərbaycanla Litva arasında sıx münasibətləri şərtləndirən bir sıra siyasi-iqtisadi elementlər mövcuddur. Hər iki ölkənin keçmiş SSRİ respublikası olması birgə əməkdaşlığın qurulmasında bu nöqteyi-nəzərdən xüsusi rol oynayıb. Keçmiş ittifaq daxilində yaxşı əlaqələrə malik olan hər iki ölkə ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə nail olub. Bunun nəticəsidir ki, iqtisadiyyatları bir-birinə yaxın olan Azərbaycan və Litva hər bir sahədə normal əlaqələrə malikdir və istər siyasi, istərsə də iqtisadi məsələlərdə daha tez anlaşmaya nail olur, bir-birini dəstəkləyirlər.

Hər iki ölkənin müstəqillik əldə etməsindən sonra tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və əməkdaşlığın bütün sferaları dinamizmi ilə seçilməyə başlayıb. Ötən illər ərzində tərəflər arasında sıx diplomatik münasibətlər qurulub, hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb. Azərbaycanla Litva arasında möhkəm təməllərə dərin əsaslar yaradan hüquqi baza təmin olunub. Litvanın Azərbaycanla iqtisadi-siyasi münasibətləri dərinləşdirərək qarşılıqlı maraqlara söykənən əməkdaşlıq münasibətlərinə yeni dinamizm elementləri əlavə etmək üçün bir sıra təkliflərlə çıxış etməsi isə ölkələr arasında əlaqələrdə yeni üfüqlər açıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri də bu dinamikliyin daha intensivləşməsinə baza yaratmış olur. Bu baxımdan səfər çərçivəsində imzalan sazişlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni perspektivlər vəd edir. Belə ki, Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forumu təşkil edildi. Bütün bunlar isə qarşıdakı mərhələdə ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək.

Keçirilən biznes forumunda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forumu bu sahədə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq.

Litva uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Azərbaycanın Avropa tərəfdaşları sırasındadır. Şərq Tərəfdaşlığı ölkələri çərçivəsində Aİ-nin Litvaya təqdim etdiyi tvinninq layihələrində Azərbaycan Litvanın ən etibarlı tərəfdaşlarından biridir. Bu günə qədər Litva Azərbaycanda 26 layihənin seçimində iştirak edib, onlardan 17-də iştirakını təmin edib. Bu baxımdan Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Bu səfər ölkələr arasında sıx münasibətlərin inkişafına töhfə verərək əlaqələrin yüksək dinamik səviyyəyə çatmasına imkan yaradacaq.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri, keçirilən görüşlər, verilən bəyanatlar mühüm əhəmiyyət kəsb edir.

Sözsüz ki, Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında çox fəal siyasi dialoq mövcuddur. Eyni zamanda ölkələrimiz arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar digər sahələrə də öz müsbət təsirini göstərir.

Ölkə başçısının bu səfəri də əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olacaq: “Hər iki ölkə arasında müxtəlif sahələr üzrə o cümlədən iqtisadiyyat, ticarət və siyasi səviyyədə münasibətlər inkişaf edir. Bununla yanaşı biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılması da qarşıdakı hədəflər sırasındadır. Hər iki tərəf bu məsələlərin inkişafında maraqlıdır. Litva prezidenti Gitanas Nausedanın keçən ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilməsi bu istiqamətdə əlaqələrin daha da genişlənməsindən xəbər verir”.

Dövlətimizin başçısı Azərbaycan torpaqlarının uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığını bildirib. Bir milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyü qeyd edilib. İşğal dövründə ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılıb, məhv edildiyini vurğulanıb. II Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün tarixi torpaqlarını azad edib. Müharibədən sonra isə Azərbaycan Ermənistana sülh təklif edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq təsbit edilmiş sülh konsepsiyası nəticə etibarilə Cənubi Qafqaza uzunmüddətli sabitlik gətirəcəyi birmənalıdır.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artırılır. Bununla yanaşı perspektivli əməkdaşlıq istiqaməti sahəsində də ciddi hədəflər mövcuddur. Bu mənada Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.

Qitələri birləşdirən Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin üzərinə böyük vəzifələr düşür: “Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Mövcud müasir infrastruktur buna imkan yaradır. Xəzər dənizi ilə Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları mövcuddur. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olmaq mümkündür”.

Məhz bu razılaşma əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatının iki dəfə artırılması planlaşdırılır. Sözsüz ki, Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Logistika, şəbəkələr və daşımalar sahəsində də böyük əməkdaşlıq potensialı var. Bütün bunlar onu deməyə əsas verir ki, Avropanın enerji xəritəsi Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan və Litva arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır

Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə daha müsbət təsir göstərəcək. Qarşılıqlı münasibətlər növbəti mərhələdə daha da dərinləşəcək.

Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nausedanın görüşü zamanı ikitərəfli məsələlər müzakirə olundu. İqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulandı.

200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirilir. Bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq Sazişi çox önəmlidir.

Görüşdə bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparıldı. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Çox güman ki, canab prezidentin də vurğuladığı kimi yaxın gələcəkdə iki ölkə arasında bu sahədə də əməkdaşlıq ediləcək.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparıldı. Cənab Prezident Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair fikirlərini bildirdi, işğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdıldığını bir daha diqqətə çatdırdı. Bütün bunlara baxmayaraq Bakının dayanıqlı sülh üçün konstruktiv səylər göstərdiyini bəyan etdi.

Səfər zamanı yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi. Litva Azərbaycanda yaşıl enerji sahəsində layihələr üzrə əməkdaşlıqda maraqlıdır. Litva bərpa olunan enerji mənbələri, xüsusən də günəş enerjisi sektorunda böyük potensiala malikdir.

Prezident İlham Əliyevin Litvaya səfəri zamanı çoxşaxəli məsələlərin müzakirəsi bunu deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır və bu səfərdən sonra da ölkələr arasındakı əməkdaşlıq daha güclü inkişaf edəcək.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycan və Litva arasındakı qarşılıqlı əlaqələr tarixi köklərə malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 22-də Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu səfər Prezident İlham Əliyevin Litvaya sayca 4-cü səfəridir. Səfər çərçivəsində   litvanın dövlət başçısı və Baş naziri ilə məhsuldar görüşlər keçiilmiş, bir sıra mühüm sənədlər  imzalanmış və biznes forumu  təşkil olunmuşdur. İki ölkənin rəhbərləri mətbuata bəyanatlarla çıxış edərək, ümumiyyətlə, səfər  proqramının kifayət qədər geniş olduğunu vurğulamış, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyinə inamlarını ifadə etmişlər.

Qeyd edək ki. Azərbaycan və Litva arasındakı qarşılıqlı əlaqələr tarixi köklərə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Litva 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkələrimiz arasında diplomatik münasibətlər və strateji tərəfdaşlıq kifayət qədər sürətlə inkişaf etməyə başlamışdır. Bu gün Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 50-dək sənəd imzalanıb ki, bunların da içərisində 2007-ci ildə Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.

Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. Bundan əlavə, 2008-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən, ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis olunub. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən önəmli ölkə kimi Litva ilə əlaqələrə   ciddi önəm verir. Çünki enerji layihələrin şaxələndirilməsi rəsmi Bakının qarşıya qoyduğu əsas hədəflərdəndir.

Münasibətlərin parlament ölçüsü də diqqətçəkəndir. Milli Məclisdə Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup, Litva Seymində isə Azərbaycanla parlamentlərarası əlaqələr qrupu fəaliyyət göstərir. Bu platformada yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir. Azərbaycan və Litva şəhərləri qardaşlaşıb. Bu xüsusda Şəmkir-Şyaulyay, Qazax-Trakay, Ağstafa-Birştonas və Səbail-Druskininkay qardaş şəhər və rayonlardır.

Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə və ölkəmizdə yaranmış yeni reallıqlar və quruculuq işləri fonunda Prezident İlham Əliyevin Litvaya  səfəri iki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin getdikcə inkişaf etməsi üçün yeni imkanların açılması baxımından çox əhəmiyyətli və əlamətdardır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumu iqtisadi əlaqələr üçün yeni üfüqlər açır

Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində faydalı əməkdaşlıq və uğurlu tərəfdaşlıq siyasəti yürüdən fəal dövlətlər sırasındadır. Xüsusən, postpandemiya dövründə Prezident İlham Əliyevin fəallığı və irəli sürdüyü regional layihələrlə bağlı təşəbbüsləri nəticəsində Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin Litvaya səfəri dövlətlərarası tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olması baxımdan mühüm rol oynayır. Son iki ildə prezidentlərin 3 dəfə görüşünün baş tutması təmasların hansı səviyyədə olmasından xəbər verir.

Bu görüşlərin ikisi qarşılıqlı səfərlər çərçivəsində baş tutub. Keçən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfər edib. Bu il isə Prezident İlham Əliyev Litvada rəsmi səfərdə oldu. Qarşılıqlı səfərlər isə əməkdaşlıq baxımından uzunmüddətli və strateji hədəfləri özündə ehtiva edir. Bu ilin əvvəlində Davosdakı görüş də, eyni zamanda, ona işarədir ki, hər iki ölkənin prezidentləri beynəlxalq platformalarda da bir–birilərini dəstəklədiklərini nümayiş etdirirlər. Litva ilə əlaqələri, eyni zamanda, bu ölkəni Avropa İttifaqının və NATO-nun üzvü olması kontekstindən də nəzərə almaq vacibdir.

Sözsüz ki, siyasi əlaqələrin və beynəlxalq arenada tərəfdaşlığın uzunmüddətli olması üçün dövlətlərin bir–biri ilə müxtəlif sahədə əməkdaşlığı əsas amildir. Buna görə Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunu iqtisadi əlaqələr üçün yeni üfüq də adlandıra bilərik. Biznes forumda hər iki prezidentin iştirakı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün maraqları açıq-aydın ifadə edir. Xüsusən Azərbaycanın valyutasının sabitliyi, xarici borcumuzun aşağı səviyyədə olması litvalı biznes dairələri üçün cəlbedici olacaqdır. Eyni zamanda, Azərbaycanda olan sabitlik, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması da özəl sektor üçün əlavə stimuldur.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Prezidentin Litva səfəri Azərbaycanın iqtisadi maraqlarının təmin olunması baxımından yeni imkanlar yaradacaq

Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradan və bu münasibətlərin möhkəm bünövrəsi olan hüquqi baza yaradılıb.

Rəsmi Bakı və Vilnüs müxtəlif beynəlxalq parlament strukturlarında, o cümlədən ATƏT, Avropa Şurası, NATO, Avropa İttifaqı və digər təşkilatlarda fəal əməkdaşlıq edir. Azərbaycan Prezidenti ilk dəfə 2007-ci ildə Litvaya səfər edib və bu səfər zamanı aparılmış müzakirələr ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 18-də Davosda litvalı həmkarı ilə görüşüb. Prezident İlham Əliyevin mayın 22-də Litvaya rəsmi səfəri yüksələn xətt üzrə inkişaf edən ikitərəfli münasibətlərə yeni impuls verəcək.

Bakı və Vilnüsün intensiv siyasi dialoqla yanaşı, iqtisadiyyat və ticarət sahəsində də əməkdaşlığı dərinləşdirmək niyyətində olduğu, bu istiqamətdə səy göstərildiyi nəzərdən qaçmır. Xüsusən Azərbaycanın təşəbbüskarı olduğu Şərqlə Qərb arasında nəqliyyat dəhlizi layihələri, Avropanın enerji təhlükəsizliyi ilə bağlı təşəbbüsləri Litva üçün cəlbedicidir. Eyni zamanda, yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı Bakının gördüyü işlər və bu sahədə əməkdaşlıq Litva üçün həm təhlükəsizlik, həm də iqtisadi maraqlar baxımdan strateji maraq doğurur.

Prezident İlham Əliyevin Litva səfəri yaxın gələcəkdə Azərbaycanın iqtisadi maraqlarının təmin olunması baxımından yeni imkanlar yaradacaq. Litva, eyni zamanda Avropa İttifaqının üzvü kimi Azərbaycan üçün əhəmiyyətə malikdir. Litva Bakı-Brüssel münasibətlərində obyektiv mövqeyi və yanaşması ilə seçilir və bu, ölkəmizin mənafelərinin qorunması üçün çox vacibdir. Prezident İlham Əliyevin səfəri bu sahədə Azərbaycanın Avropa İttifaqı müstəvisində də mövqelərini möhkəmləndirəcək və Bakının təşəbbüskarı olduğu layihələrə siyasi dəstəyi gücləndirəcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Litvanın 1991-ci ildə Azərbaycanının müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın, sadəcə, regional müstəvidə deyil, qlobal miqyasda da nüfuzu sürətlə artmaqdadır. Təbii ki, bu da onun əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, tərəfdaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsini təşviq edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri sırasında Litvaya səfəri kifayət qədər mühüm xarakter daşıyır.

İki ölkə arasında imzalanmış çoxsaylı sənədlərə əsasən Litvanın ölkəmizin önəmli strateji tərəfdaşlarından biri kimi çıxış etdiyini əminliklə söyləmək olar. Eyni zamanda, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin uğurlu icrası baxımından da Litva ilə əlaqələr mühüm əhəmiyyət kəsb etməklə yanaşı, xüsusilə son illərdə enerji məsələsi ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən birinə çevrilib.

Təkcə onu demək kifayətdir ki, iki ölkə arasında illik ticarət dövriyyəsi 30 milyon ABŞ dollarından artıqdır. Həmçinin Litva NATO-nun tamhüquqlu üzvü olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, Ermənistanın işğalçılıq siyasətini tənqid edən ədalətli mövqeyi ilə regionda sülh və sabitliyə töhfə verən ölkələrdəndir. Nəticə etibarilə dövlətimizin başçısının Litvaya səfəri iki ölkə arasında mövcud strateji əməkdaşlığın daha da dərinləşdirilməsinə və ikitərəfli münasibətlərin gələcək yol xəritəsinin müəyyənləşdirilməsinə böyük təkan verəcək.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Litva ilə Azərbaycan həm tarixi, həm də siyasi, iqtisadi inkişaf baxımından fərqli cəhətlərə malik olduğu kimi, bu iki dövləti yaxınlaşdıran tərəflər də var

 Mayın 22-də Vilnüsdə rəsmi səfərdə olan Prezident İlham Əliyevin litvalı həmkarı Gitanas Nauseda ilə görüşü əlbəttə ki, ilk növbədə, iki dövlət arasında ikitərəfli münasibətlərin müzakirəsi, iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Litva ilə Azərbaycan həm tarixi, həm də siyasi və iqtisadi inkişaf baxımından fərqli cəhətlərə malik olduğu kimi, bənzər və bu iki dövləti yaxınlaşdıran, birləşdirən tərəflər də var. Belə ki, oxşar tarixi keçmişi, eyni imperiyanın müstəmləkəsində olmuş və bənzər mübarizə yolu keçmiş bu iki postsovet ölkəsinin sonrakı inkişafı çox fərqli istiqamətlərdə davam edib. Belə ki, Qərbin dəstəyinə nail olan, ən yaxın qonşuları Latviya və Estoniya ilə çiyin-çiyinə verən Litva daha yumşaq və rahat inkişaf yolu keçərək dünyanın ən nüfuzlu təşkilatlarına, o cümlədən Avropa İttifaqına və NATO-ya üzv olaraq Avropa ailəsinin siyasi və iqtisadi cəhətdən inkişaf etmiş tamhüquqlu üzvünə çevrilib. Azərbaycan isə bu illər ərzində havadarlarına arxalanan bədxah qonşumuz Ermənistanın ərazi iddiaları, qanlı müharibə, torpaqlarının işğalı, Qərbin ədalətsiz münasibəti, haqsız təzyiqləri, nəhayət 44 günlük müharibə, möhtəşəm Zəfər, Qarabağın işğaldan azad olunması və digər çətin, əziyyətli, eyni zamanda, möhtəşəm və şərəfli tarixi yol keçib. Bu 30 illik keşməkeşə, çətin mübarizəyə rəğmən, Azərbaycan da artıq həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər inkişaf edib, regionun aparıcı dövlətinə, söz sahibi olan aktoruna çevrilib.

Litva Avropa ölkəsi, Avropa İttifaqının, NATO-nun üzvü olaraq həmin qurumlarla əlaqələrin inkişafı, Azərbaycan həqiqətlərinin çatdırılması və mövqelərimizin müdafiə edilməsi baxımından maraqlı tərəfdaş ola bilər. Xüsusilə regionda sülhün təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, rəsmi İrəvanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiyaları, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi kimi məsələlərlə bağlı obyektiv məlumatların ötürülməsində Litvanın dəstəyi çox əhəmiyyətlidir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolu, nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr, Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələri barəsində, ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarə olunması kimi məsələlər də gələcəkdə Azərbaycan-Litva münasibətlərinin inkişafı baxımından diqqət mərkəzindədir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan Prezidentinin Litvada səsləndirdiyi fikirlər dövlətimizin sülhə verdiyi önəmi göstərir

Prezident İlham Əliyevin Litvada mətbuata bəyanatı dövlətimizin sülhə və tərəqqiyə verdiyi önəmi göstərir.

Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin əhəmiyyətini yaxşı dərk edir və buna nail olmağa çalışır: “Prezident İlham Əliyev Litvada mətbuata bəyanatında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. İşğal dövründə bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlətimizin başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də səylərini davam etdirəcək. Dövlətimizin başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbaycanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək.

Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedlə görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu.

Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Litva səfərinin digər önəmli cəhəti Prezident İlham Əliyevin Vilnüs təmaslarını da Azərbaycanın haqq səsini çatdırmaq üçün uğurlu platformaya çevirə bilməsi oldu

Litva və Azərbaycan arasında suveren əlaqələr 1991-ci ildən qurulsa da, ölkələrimiz keçmiş İttifaq dövlətləri kimi Sovetlər birliyi zamanından yüksək səviyyəli münasibətlərə malik olub. Yarım əsrlik İttifaq periodunun ortaq dəyərlərini bölüşmək isə xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxarıb. Bu gün isə Litva və Azərbaycan müstəqil, inkişaf etməkdə olan dövlətlər kimi yaxın keçmişin təcrübəsinə və yeni dövrün şərtlərinə uyğun şəkildə, beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq müxtəlif səviyyələrdə əməkdaşlıq edirlər. Məhz bu münasibətlərin davamı olaraq Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığında Litva özünəməxsus rol oynamaqda və əlaqələrin daha da dərinləşməsinə töhfə verməkdədir. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində rəsmi Vilnüs çox fəal rol oynamışdı.

Müasir qloballaşma prosesində beynəlxalq münasibətlərin xarakterinin, beynəlxalq prioritetlərin sürətlə dəyişdiyi şəraitdə dövlətlər üçün də öncəliklər dəyişə bilir və maraqların yeni situasiyada uyğunlaşdırılması zərurətə çevrilir. Bu mənada Prezident İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri ölkələr arasında münasibətlərin tam yeni müstəvidə bir daha gözdən keçirilməsi, əlaqələrimizin yeni müstəvidə dərinləşməsi üçün mühüm imkandır.

Səfər çərçivəsində əhəmiyyətli müzakirələrə start verilmiş, iqtisadiyyat və təhsil sahələrində də əlaqələrin gücləndirilməsi qərara alınmışdı. Cəmi bir il sonra, Azərbaycan Prezidentinin cavab səfəri isə Nausedanın ifadə etdiyi kimi, “Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.

Bakı-Vilnüs təmaslarında, heç şübhəsiz ki, yeni qlobal qütbləşmə, daha konkret desək, Rusiya-Ukrayna savaşı və nəticədə formalaşan geosiyasi konfiqurasiya müzakirə mövzularından biri olub. Azərbaycanın məsələyə dair mövqeyi aydındır və Bakı yeni periodda dialoq formatına alternativ tanımır. O cümlədən bu dialoq yalnız münaqişələri yox, bütövlükdə bütün qlobal təhdidləri əhatələyir. Sevindirici məqamdır ki, Prezident İlham Əliyevin də bugünkü görüşdə bəyan etdiyi kimi, ən azı Litva və Azərbaycan arasında “bu dialoq konkret nəticələrlə də tamamlanır.

Litva səfərinin digər önəmli cəhəti də bütün müstəvilərdə olduğu kimi Prezident İlham Əliyevin Vilnüs təmaslarını da Azərbaycanın haqq səsini çatdırmaq üçün uğurlu platformaya çevirə bilməsi oldu. Bakı Aİ-nin Şimal-Şərq hüdudlarında bir daha Azərbaycan-Ermənistan sülh danışıqlarının aparılmasının nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcəyi ümidini bəyan edərək konstruktiv səylər göstərmək iradəsini ifadə etdi.

Beynəlxalq norma və prinsiplərdə əhatə olunan sülh niyyətimizlə bərabər, Azərbaycan Prezidenti həm də İrəvanın təcavüzkar mahiyyətini bir daha ifşa edərək bu münaqişənin səbəb olduğu fəlakət – işğal nəticəsində soydaşlarımızın öz doğma torpaqlarından didərgin düşməsi, 30 il işğalda qalmış ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılması barədə müfəssəl məlumat verməklə informasiya savaşında mühüm bir məsafə qət etmiş oldu.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın