28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi

“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi

“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycanın yeni neft strategiyasının müəllifi Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini qeyd edərək deyib: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.

Yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi” ölkəmizə yüksək işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirdi. Ölkə iqtisadiyyatının böhran məngənəsindən çıxarılmasına səbəb olan müqavilə həm də neft sənayesi infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. Digər tərəfdən, “Əsrin müqaviləsi” sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycanın inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin əmək sərf edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və coğrafi­ siyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası qarşımızda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı”.

 

Həqiqət Həziyeva

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.                               

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın