28.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı və qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır.

Prezident cənab İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  2021-ci ilin iyun ayında Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi çox mühüm tarixi hadisə ilə yadda qaldı. Belə ki, iyunun 15-də burada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə  bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu. Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir. İmzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Bəyannamə tərəflərin gələcək əməkdaşlığı üçün yol xəritəsi rolunu da oynayır. Prezident cənab İlham Əliyev tarixi Şuşa Bəyannaməsinin imzalanması zamanı çıxış edərək bildirib: «Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında – Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.»

Bəyannamədə digər önəmli tərəfi bölgəyə yeni siyasi ab- hava gətirdi. Birincisi, Ermənistan imzalanan müqavilənin şərtlərinə mütləq əməl etməlidir. Məlum olduğu kimi, Ermənistanda müəyyən revanşist qüvvələr sərsəm bəyanatlar səsləndirir, regionda öz maraqlarını hansısa formada gücləndirməyə çalışan dövlətlər isə tarixi reallıqlardan uzaq bəyanatlar verirlər. Bu səfərlə həmin qüvvələrə açıq-aydın mesaj verilir – strateji tərəfdaşlar, qardaş dövlətlər bir-birilərinə bundan sonrakı dövrdə də dəstək olacaqlar. İkincisi, Ermənistan öz qonşuları ilə normal münasibətləri bərpa etməlidir. Azərbaycanın Vətən müharibəsində qələbə qazanması bölgədə tam yeni reallıqlar yaratdı. Əgər Ermənistan bu reallıqları qəbul edər və qonşuları ilə normal münasibətlər qurarsa, o zaman bu bölgə üçün xeyirli olar. Şuşadan region dövlətlərinə, o cümlədən, dünyaya çox açıq və aydın mesaj verildi – regionun güclü, strateji tərəfdaş, qardaş olan dövlətlərinin birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

 

Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir.

Azərbaycan, Rusiya və Ermənistan arasında tarixi bəyanata 2020-ci ilin 10 noyabrında Qarabağ münaqişəsinə son qoydu, Cənubi Qafqaz regionunda, eləcə də Xəzər dənizi hövzəsində davamlı regional əməkdaşlıq, sabitlik və təhlükəsizlik şanslarını artırdı. Əldə edilən razılaşma, həmçinin Qarabağ münaqişəsinə görə 30 ilə yaxındır fəaliyyət göstərməyən nəqliyyat magistrallarının bərpasını nəzərdə tutur və bu kontekstdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər zaman önəmini vurğuladığı Zəngəzur dəhlizi ön plana çıxır. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanı Ermənistan vasitəsilə Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi də daxil olmaqla, bütün regional nəqliyyat marşrutlarının açılması ilə bağlı müddəanın 10 noyabr bəyanatına daxil edilməsi rəsmi Bakının həm döyüş meydanlarında, həm də danışıqlar masası arxasında qazandığı diplomatik qələbəsi kimi qiymətləndirilir. Ümumiyyətlə, Zəngəzur dəhlizi, ilk növbədə, Mərkəzi Asiya, Azərbaycan və Ermənistanı Türkiyəyə birləşdirəcək çoxşaxəli sosial-iqtisadi, geosiyasi və geostrateji dividentlərə malikdir. Mütəxəssislərin fikrincə, bu dəhliz Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsini genişləndirəcək və regional ticarət fəaliyyətlərinə müsbət təsir göstərəcək. Eyni zamanda, Zəngəzur dəhlizinin gələcək barışıq və iqtisadi əməkdaşlığa da kömək edəcəyi güman olunur.

Azərbaycanın Avrasiya nəqliyyat qovşağına çevrilmək məqsədinə doğru atılmış mühüm addım kimi Zəngəzur dəhlizinin geosiyasi və geoiqtisadi əhəmiyyəti də çox böyükdür. Bu mənada siyasi şərhçilər yaxın gələcəkdə Zəngəzur dəhlizinin Cənubi Qafqaz və Xəzər dənizi hövzəsində oyun qaydalarını dəyişdirəcək bir dəhlizə çevriləcəyini düşünürlər. Belə ki, bu dəhlizin fəaliyyətə başlaması Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri daxil olmaqla Xəzər nəqliyyat şəbəkəsini daha da gücləndirəcək, həmçinin Xəzər dənizindən Avropaya neft və qaz kəməri sisteminin tikintisini asanlaşdıracaq. Bu, artıq Avropa İttifaqı, ABŞ, Rusiya və Çində qaz təchizatı zəncirlərində mühüm rol oynayan regionun tranzit potensialını daha da artıracaq. Beləliklə, Zəngəzur dəhlizi özündə bütün region ölkələri üçün böyük iqtisadi, biznes, investisiya və kommunikasiyalar təklifini ehtiva edir. Bu, Azərbaycanın Şərq– Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Çünki tarixi İpək yolunun üzərində yerləşir və Avropa ilə Asiya arasında mühüm logistika qovşağına çevrilmək potensialını daha da gücləndirir. Zəngəzur dəhlizi, eyni zamanda, Türkiyə ilə Orta Asiya arasında ticarət, eləcə də Türkiyə ilə Çin arasında ticarət üçün həyati əhəmiyyət kəsb edir. Bundan əlavə, Zəngəzur dəhlizi türkdilli dövlətləri arasında ticari-iqtisadi əlaqələri də keyfiyyətcə yeni müstəviyə keçirəcək.

Cəfərov Səməd – Zərdab rayon Otmanoba kənd sakini, Zərdab rayon Yaşıllaşdırma İdarəsinin rəisi

 

 

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra  şğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir tələblərə cavab verən infrastruktur layihələri ölkəmizin iqtisadi potensialının  göstəricisidir. Bu gün Qarabağ bölgəsi Xəzər dənizini xatırladır. Estakadalar üzərində salınan şəhər və dənizçilərin rahat həyat şəraitini təmin etmək üçün inşa edilən digər infrastruktur binaları dünyanın səkkizinci möcüzəsi adlanırdısa, Qarabağda aparılan möhtəşəm, mükəmməl və nəhəng tikinti işləri dünyanın doqquzuncu möcüzəsinə bərabərdir. Düşmən istilasından, belə demək mümkünsə tufanından,  qasırğasından son nəfəsində qurtulmuş ərazilər, hər tərəfdə dağılmış, viran qoyulmuş, xarabazara çevrilmiş kəndlər, şəhərlər bu gün dövlətimizin sayəsində gülüstana dönür. Cənnət Qarabağın gözəlliyi, füsunkarlığı özünə qayıdır. İndi bu yerlərdə silah səslərini qurub, yaradan insan səsi, nəfəsi əvəzləyir. Ruhlar şəhəri adlandırılan, xarici müşahidəçiləri belə heyrətə gətirən viranə Ağdamda yenə də möhtəşəm, böyük ağ damlı binalar ucaldılır. Qartallar diyarı Kəlbəcərin, gülü-çiçəyi cənnət qoxuyan Laçının şöhrəti özünə qaytarılır. Artıq Ağalı estafeti Talış kəndinə verib. Bütün Qarabağ ərazisinə mərhələli şəkildə köç başlayıb. Səbirsizliklə Laçına,  Kəlbəcərə, Şuşaya dönüşü gözləyir insanlar. Əlbəttə ki,  bütün bu köç prosesini həyata keçirmək üçün ilk növbədə, ərazilərin yenidən tikilib, qurulması vacibdir. Bu istiqamətdə işlər həm sürətli, həm də keyfiyyətli şəkildə həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər deyə qeyd edib.

Qarabağın qala qapısı adlanan Kəlbəcərin və cənnət Laçının bir güllə atılmadan azad edilməsi Azərbaycan dövlətinin düşünülmüş siyasəti və sülh çağırışlarının nəticəsidir. Hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı xalq-iqtidar birliyinin dünyaya sübutu oldu. Hazırda həm Kəlbəcərdə, həm də Laçında sürətli tikinti-abadlıq işləri aparılır. Yaxın gələcəkdə bu ərazilərə də sakinlərin köçü başlayacaq. Qısa zamanda kəlbəcərlilərin, laçınlıların da doğma yurdlarında yeni həyata başlayacaqları, ocaqlarının gur yanacağı gün gələcək. Gələcəkdə turistlərinin bölgəyə axınını nəzərə alan dövlətimiz Laçın Beynəlxalq Hava Limanının tikintisini həyata keçirir. Bölgədə məktəblərin, mədəniyyət obyektlərinin və digər zəruri iaşə obyektlərinin tikintisi də çox uğurla gedir. İndi Qarabağda öz sahibini gözləyən nə qədər ünvanlar var. Ölkə başçısının da qeyd etdiyi kimi, biz zamanla öz tarixi torpaqlarımıza dönəcəyik. Axı, biz düşməndən fərqli olaraq qurub-yaradan xalqıq.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib.

2022-ci ilin İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər.  Konfrans çərçivəsində çoxəsrlik dövlətçilik tariximizin şanlı Zəfər dövrünün mühüm hadisəsinə, daha bir qürur anına, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığına və əbədiliyinə növbəti dəfə şahidlik etdik. Xalqımızın milli mübarizə ruhunu, həmrəyliyini, dövlətimizin gücünü əks etdirən Vətən müharibəsində qazanılmış möhtəşəm qələbədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri müstəsna əhəmiyyətə malik növbəti tədbirə ev sahibliyi etdi, dünya isə Azərbaycan-Türkiyə qardaşlığı fonunda tarixi anlara şahid oldu. “Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun – Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək sonsuz qürur və iftixar hissi yaratdı, gələcəyə inamla və ümidlə baxmağa, Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir.

Bugünkü reallıqlar ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda öz təsdiqini tapmasını əks etdirir.  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qeyd edib ki, “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”. Bəli, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyənin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsidir. İstər 30 ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyənin Azərbaycanın yanında olması sevindirici və qürurverici olmaqla yanaşı, ölkələrimizin tarixin mühüm anlarında – taleyüklü məqamlarda birlikdə olduqlarını, çətin və mürəkkəb sınaqlardan əzmlə, ləyaqətlə və şərəflə çıxdıqlarını təsdiqləyir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın