Müstəsna diqqət və qayğı
Müstəsna diqqət və qayğı.
Məlum olduğu kimi, əsası 1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə qoyulan Azərbaycan mətbuatı olduqca böyük inkişaf yolu keçib. Keçən iki əsrə yaxın dövrdə bir sıra problemlərlə üzləşən, həmçinin, ağır sınaqlardan çıxan Azərbaycan mətbuatı bu gün müasir dünyada özünə layiqli yer tapa bilib. Ümumiyyətlə, demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı prinsipi dövlətlərin, xalqların inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Eyni zamanda, Azərbaycanda inkişafın kompleks təmini həm də bu prinsipə sadiqlikdən irəli gəlir. Ölkəmiz dünyada söz azadlığının qorunduğu, mətbuatın yüksək səviyyədə inkişaf etdiyi dövlətlər sırasındadır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə azad sözün inkişafı və mətbuatın yüksək müasir standartlara yiyələnməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Ulu Öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi. Bundan başqa, məhz Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində əsaslı rol oynadı. Ulu Öndər Heydər Əliyev 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə milli mətbuatımızın yaradılmasını 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə reallaşan milli istiqlalımıza doğru atılan ilk addım kimi dəyərləndirmiş, anadilli jurnalistikamızın keçdiyi mərhələləri dövlətçilik məfkurəsinin formalaşması və yaşadılması yolunda misilsiz mücadilə kimi səciyyələndirmişdir. Həqiqətən də 1993-cü ildən bəri demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ulu Öndərin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsi Azərbaycanda söz, fikir azadlığının yaradılmasını təmin edib. Bu isə ölkəmizi dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasına yol açıb.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova
“Əkinçi” qəzeti.
Böyük maarifçi demokrat, təbiətşünas alim, ictimai xadim Həsən bəy Zərdabi özünün çox sahəli fəaliyyəti ilə xalqının işıqlı sabahı, gələcəyi uğrunda apardığı mübarizələri ilə tarixin yaddaşına əbədi olaraq həkk olunmuşdur. Xalqımızın mədəni inkişafında bir çox yeniliklər H.B.Zərdabinin adı ilə bağlıdır: ilk Azərbaycan tamaşası, ilk xeyriyyə cəmiyyəti, qadın təhsili, xalq mahnılarının ilk nəşri, xalq atalar sözü və məsələlər toplusu, ən nəhayət ilk qəzet və s Bəli , XIX əsrin sonlarında xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdi. Həsən bəy Zərdabinin yaratdığı ilk milli qəzetimiz “Əkinçi” Azərbaycan fikir tarixində mühüm yer tutur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bildi və respublikanın ictimai-siyasi həyatında fəal rol oynadı. “Əkinçi”dən sonra işıq üzü görən qəzet-jurnallarımızın hamısı milli mətbuat tariximizin həmin gündən başlandığını birmənalı olaraq qəbul etdilər, Zərdabi yoluna və məramına sadiq qalmağa çalışdılar. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. Azərbaycan milli mətbuatının tarixini qədirbilən xalqımız isə həmişə diqqət və məhəbbətlə yad etmiş, onun təcrübəsi, ənənəsi yazarların yeni-yeni nəsillərinin fəaliyyətində əsas ötürülməklə, bu günümüzə çatdırılmışdır. “Əkinçi”qəzeti maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi. “Əkinçi” cəmi 27 ay, yəni 2 il 3 ay yaşadı. Bu müddətdə Zərdabi gələcək mətbuatımızın sarsılmaz bünövrə daşlarını qoydu. Cəmi 56 nömrə ilə milli jurnalistikamızın həmişəyaşar tarixini yazan Zərdabi bütün həyatını təqiblərdən, nadanlardan, açıq və gizli hədələrdən, hökumətin, çinovniklərdən və yerli satqınların qorxutmalarından çəkinmədən xalq, millət, maarif işığında əritdi. “Əkinçi” az yaşadı, ancaq şərəfli ömür sürdü, lakin onun səpdiyi toxum çox səmərəli oldu. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç şübhəsiz, sabah da yeni biliklər və təcrübə mənbəyi olaraq qalacaqdır.
Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaratmış, ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazasının yaradılmasında çox mühüm işlər həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənabİlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir və azad, demokratik mətbuatın inkişafına hər zaman öz tövhəsini verir.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır.
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı. Ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü. 1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildən isə ölkədə latın qrafikalı əlifbaya keçirilməsi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisələrdir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan mətbuatı artıq qlobal informasiya şəbəkəsinin bir parçasıdır. İndi milli mətbuatımız qalib Azərbaycanın həqiqətlərini yayır, təbliğ-tərənnüm edir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova
Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər.
Azərbaycan müstəqillik əldə etdikdən, daha doğrusu, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına da pay düşüb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Prezidentimiz cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Bundan başqa, milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.
Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova