Müstəqil siyasət və öz gücünə inam
Müstəqil siyasət və öz gücünə inam.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən Müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir. O qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarmışdır.
Prezident İham Əliyev Azərbaycanın milli qürur və dövlətçiliyimizin simvoludur. Azərbaycan Onun siyasi uzaqgörənliyinin, müdrik dühasının və əsil lider məharətinin sayəsində müstəqil, suveren dövlət kimi adını müasir tariximizə qızıl hərflərlə yazdırmışdır. Respublikamız Onun Liderliyi ilə dövlət quruculuğu tarixinin yeni intibahının mərhələsində inamla irəliləməkdədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan – istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.”
Prezident İlham Əliyev Xalqın ideallarının lideridir. O, Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini davam və inkişaf etdirən, zirvəyə daşıyan yeganə lider olduğunu şərəfli, misilsiz siyasi fəaliyyəti ilə təsdiqləyibdir. Cənab İlham Əliyev hər zaman Xalqa arxalanıb, Xalqın iradəsi ilə irəliyə addımlayıb. O, hər zaman yalnız uğur qazanıb, zəfər həmişə onu addım-addım izləyib. Uğur və Qələbə Onun alın yazısıdır. 44 günlük Vətən Savaşı da Onun taleyinə yazılmış uğur salnaməsidir.
Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin direktoru