2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir
2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir
2003-2020-ci illər mahiyyət etibarı ilə Azərbaycanın özünün ən böyük və ali məqsədinə, işğal altında olan torpaqların azad edilməsinə nail olması üçün keçdiyi hazırlıq dövrü idi. 2018-ci ildə, bir çoxları bunu hələ hiss etməsələr də, artıq işğala son qoymaq üçün əlverişli tarixi şərait yetişmək üzrə idi. Azərbaycan isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz hazırlıqlarını sona çatdırmaqda idi. Əlbəttə ki, belə bir məsuliyyətli tarixi məqamda işğala tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Eyni zamanda da, həmin dövrdə yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi.
Beləliklə, Azərbaycan növbədənkənar prezident seçkilərinə getdi və tarix çox az bir müddət sonra bu addımın nə qədər düzgün və uğurlu olduğunu göstərdi. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki oldu. Seçki marafonunda müxtəlif partiyaları təmsil edən 8 namizəd iştirak etmişdi. Səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdiyi şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqın bu seçimini həmçinin əvvəlki illərdə strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf müəyyən etmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi müəyyən edilib. 2018-ci ilin prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Diqqətəlayiq haldır ki, seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Seçki məcəlləsinin tələbinə uyğun olaraq “exit-poll” keçirməkdən ötrü MSK-da qeydiyyatdan keçmiş Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, “AJF&Associates İnc.” təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi kimi nüfuzlu beynəlxalq təşkilatlar seçkilərin nəticələrinin beynəlxalq legitimliyini rəsmən təsdiq etmişdilər.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri