Tarixi səfər
Tarixi səfər
Konqo Respublikasının Prezident Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfəri ölkəmizin Arfika qitəsi ilə əməkdaşlığında yeni səhifə açdı. Belə ki, əsas səbəb ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində Afrika qitəsinin bir çox dövlətləri, o cümlədən Konqo ilə uğurlu fəaliyyətinin nəticəsidir. İki ölkə arasında əməkdaşlığa dair Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında bu səfərin tarixi önəminə toxunan Prezident cənab İlham Əliyev bir məqamı xüsusi vurğuladı. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini bildirən dövlətimizn başçısı Bakının təşəbbüslərinə bu ölkənin hər zaman dəstək verdiyini bildirdi. Cənab Prezident belə bir zəmində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının da təmin edildiyinə diqqət çəkdi.
Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri sırasında neokolonializmə qarşı mübarizə məsələlərinin də durduğunu qeyd edən cənab Prezident ölkəmizin xarici siyasətində bu sahənin xüsusi önəm daşıdığını bildirdi. Onu da qeyd etmək lazımdır ki, həm tarixi, həm də çağdaş dünyanın tələbləri baxımından Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğunu deyə bilərik. İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin vaxtıdır. Dövlət başçılarının imzaladığı əməkdaşlığa dair Bəyannamədə Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunmuş və müstəmləkəçilik irsinin və onların müxtəlif təzahürlərinin, habelə neokolonial təcrübənin yaratdığı problemlərin müzakirəsi üçün əlverişli şərait yaradan dekolonizasiya və neokolonializm üzrə beynəlxalq konfranslar silsiləsi ayrıca qeyd olunub.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ASM-nin müdiri
Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesson ölkəmizə səfəri zamanı bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına dəvət edən Prezident cənab İlham Əliyev Azərbaycanın bu nüfuzlu tədbirə çox ciddi hazırlaşdığını, bu müstəvidə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini söylədi. Cavab nitqində Azərbaycanla Konqo arasında əlaqələrdə tarixi anlar yaşandığını deyən Deni Sassu-Nqesson ünvanladığı bütün sorğulara müsbət cavab verdiyinə görə Prezident cənab İlham Əliyevə təşəkkürünü ifadə etdi. Konqonun istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə Azərbaycanla birlikdə mübarizə aparacağını əminliklə qeyd edən yüksək qonaq ölkəmizin iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu, eləcə də Bakının COP29-a yüksək səviyyədə davam edən hazırlıq işlərini də alqışladığını bildirdi. Yeri gəlmişkən onu da qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində Afrikanın müxtəlif ölkələrindən çox sayda tələbə Azərbaycanın ali məktəblərində, xüsusilə neft ixtisası üzrə təhsil alıb.
Dünyanı cənginə almış koronavirus epidemiyası ilə mübarizədə isə ölkəmizin Afrikaya yardım əlini uzatması faktı Ümumdünya Səhiyyə Təşkilatının hesabatında məxsusi olaraq qeyd edilib. Azərbaycanın Afrika ölkələri ilə əlaqələri pandemiya dövründən sonra daha da genişlənmiş, ikitərəfli münasibətlər yeni istiqamətlərdə inkişaf etmişdir. Bəli, bu gün Azərbaycanın xoşməramlı çağırışları planetin bütün qitələrində eşidilir və geniş əks-səda verir. Fransa kimi avropalı müstəmləkəçilərin əlindən zülm çəkmiş, əsarətdə yaşamış Afrika ölkələrinin Bakının bununla bağlı sağlam və xoşməramlı siyasətini dəstəkləməsi tam təbiidir. Artıq Azərbaycanı özünə dost ölkə seçmiş Konqo bu sırada birincilərdəndir.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal