23.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir

Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir

Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir.

Hər zaman müxtəlif layihələrdə dünya ölkələri arasında öz imicini qoruyub saxlamağı bacaran dövlətimiz bu savaşda həm də hərb sahəsində əldə etdiyi uğurla öyünə bilər. Bu müharibə bizə həmçinin dost və qardaş ölkələrlə yanaşı, haqq mübarizəmizə qarşı çıxan, uğurumuza sevinməyən dövlətlərin olduğunu ortaya qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe, məğlubedilməz sərkərdəlik qabiliyyəti xalqımıza böyük sevinc və qürur hissi bəxş edib. Qazanılan Qələbə ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, sarsılmaz birliyinin və vəhdətinin bariz nümunəsidir.
Bölgədə yeni reallıqlar yaradan Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa planları kifayət qədər genişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə hər səfəri yeniliklərlə müşahidə olunur. Yeni-yeni obyektlərin təməli qoyulur, tikinti – quruculuq işləri yüksək sürətlə davam etdirilir. Təkcə bir il ərzində Qarabağda, erməni vandallarının daşı daş üstə qoymadığı torpaqlarımızda obrazlı desək, iş “bulaq kimi” qaynayır. Prezident İlham Əliyevin oktyabrın 3-4-də Tərtər, Bərdə və Cəbrayıl rayonlarına səfərləri onu göstərir ki, dövlətimizin başçısı işğaldan azad edilən ərazilərimizdə aparılan bütün proseslərə ciddi nəzarət edir, mütəmadi olaraq verdiyi tapşırıqların icrasını yoxlayır, lazımi tövsiyələrini verir. Konkret desək, orada gedən irimiqyaslı quruculuq işləri ilə yaxından tanış olması və bir çox müəssisələrin, infrastrukturun təməlinin qoyulmasında iştirakı dövlətimizin başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Və bu səfərlər Qarabağın dirçəlişini daha da sürətləndirir.
Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə aparılır. Zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilir. Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına əsaslı zəmin yaradıb. Bir il ərzində görülmüş işlər dövlətimizin, xalqımızın nə qədər böyük potensialının olduğunun bariz ifadəsidir. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Azərbaycan dövləti qısa müddət ərzində bütün rayonlarımızı yenidən qurmaq, bərpa etmək gücündədir.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd edib ki, bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. Bu gün “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və mənimlə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişlər. Bu da çox önəmli hadisədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Bildiyiniz kimi, Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar.
“Biz Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərini gördük, bu gün Cəbrayıl yarımstansiyası istifadəyə verildi”, – deyə dövlətimizin başçısı Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işlərinin getdiyini bildirib: “Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Mən tapşırıq vermişəm, ermənilər tərəfindən, – onlar qaça-qaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, – dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var”.
Cəbrayıla 4-6 zolaqlı yol çəkildiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, vaxtilə Ermənistan rəhbərliyi Cəbrayıla yol çəkmək istəyirdi: “O da yarımçıq qaldı, onların bütün arzuları kimi. İndi biz Cəbrayıla yol çəkirik. Bizim haqqımız var. Ən gözəl yollardan biri olacaq. Mən xüsusi tapşırıq verdim ki, geniş olsun, həm Cəbrayıla gələn vətəndaşlar rahat gəlsinlər, həm də buradan keçən Zəngəzur dəhlizi də bu yoldan istifadə edəcək. Bu gün birinci yaşayış binasının təməli qoyuldu. Artıq bu binanın da inşasına start verilir. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Bu gün, eyni zamanda, Zəfər və İşğal muzeylərinin təməli qoyulacaq. Hesab edirəm, ən önəmlisi odur ki, Cəbrayıl şəhərinin baş planı siz cəbrayıllılara təqdim ediləcək. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”.
Qeyd edək ki, yeni əməkdaşlıq platformasını gündəmə gətirən Zəngəzur dəhlizinin açılması bütövlükdə region ölkələrinin də faydalanacağı, həm də bölgədə sülhün formalaşması baxımından çox vacibdir. Bu gün postmüharibə dövrü region ölkələrinin əməkdaşlıq, qarşılıqlı ticarət və kommunikasiya əlaqələrinin açılması üçün yeni imkanlar yaradıb. Bu dəhlizin açılmasını kommunikasiyaların bərpasının bir elementi kimi də adlandırmaq olar. Hazırda Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində fəal addımlar atılır. Bunun sayəsində bölgədə yeni geoiqtisadi əməkdaşlıq imkanları daha da dərinləşir. Əslində, son illərdə iqtisadiyyatı tənəzzül keçirən Ermənistan da bu layihədən gəlir əldə edə bilər. Ermənistan tərəfi əgər bölgədə qonşularla mehriban əməkdaşlıq formatı çərçivəsində öz siyasətini müəyyənləşdirsə, o zaman regionda formalaşacaq platformalarda iştirak etmək hüququ qazana bilər. Əks halda, əgər Ermənistan yeni müharibə çağırışları edərsə, Azərbaycanın işğaldan azad olunan torpaqlarını yenidən işğal etmək niyyəti ilə siyasət həyata keçirərsə, bu siyasət iflasa uğrayacaq.
Prezident İlham Əliyev vurğulayıb ki, bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır: “Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.
“5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”,- deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik”.
Prezident İlham Əliyev Suqovuşanda və Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə yeni reallıqlardan danışıb, bir daha Ermənistanın revanşist qüvvələrinə sərt mesaj verərək bildirib ki, ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.

Aygün İsmayılova
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın