Azərbaycan-Litva münasibətləri zirvəyə doğru
Azərbaycan-Litva münasibətləri zirvəyə doğru
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verib. Bu da səbəbsiz deyil. Əvvəla, ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən Baltikyanı respublikalarla əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib.
Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 1991-ci il 20 dekabrda müstəqilliyimizi tanıyan Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır. Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazilərinin işğal olunması faktının tanınması və Dağlıq Qarabağ münaqişəsinin həllində özünə tərəfdaş qazanmaq üçün bu əlaqələrə önəm verdiyi kimi, Litva Respublikası da Azərbaycanla siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdır. Belə ki, Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə isə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Litva Respublikasının Prezidenti Gitanas Nauseda başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri isə iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə bilər.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru