29.03.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İqtisadiyyatda strateji hədəf

İqtisadiyyatda strateji hədəf

İqtisadiyyatda strateji hədəf.

 Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı son 20 ilin əsas hədəfləri sırasındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət edir. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. «Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən dövlət başçısı İlham Əliyev qeyd edir ki, neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün. Hazırkı dövrün çağırışlarına diqqət yetirsək görərik ki, iqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi.

Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində  mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır.  Bu sənədlərə uyğun olaraq  çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə  müasir standartlara  uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına,  qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin  təminatına  xidmət edib və bundan sonra da edəcək.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova

 

 

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək.

Son illər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Azərbaycan və BƏƏ arasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də çox müsbət münasibətlər mövcuddur. Lakin biz bilirik ki, hətta 44 günlük müharibə ərzində Ermənistanın ozamankı Prezidenti Armen Sarkisyan bir neçə dəfə BƏƏ-yə səfər etmişdi. Amma onların bu siyasəti müsbət nəticə vermədi. Çünki Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət Ermənistanın niyyətinin reallaşmasına imkan vermədi. Körfəz ölkələri ilə münasibətlər yüksək səviyyədədir. Bu siyasətin nəticəsi artıq görülməkdədir. Belə ki, ötən il dekabrın sonunda Fransa BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan bəyanatının qəbul edilməsinə çalışdı. Lakin bir neçə dövlətin, o cümlədən BƏƏ-nin buna qarşı çıxması Fransanın arzusunu ürəyində qoydu. Fransanın ölkəmiz əleyhinə mənfi siyasi davranışına qarşı BƏƏ-nin Azərbaycanı dəstəkləməsi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Bu isə o dəməkdir ki, iqtisadi-siyasi, turizm sahəsindəki münasibətlərin inkişafı avtomatik olaraq ölkələrimiz arasında həm də beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanın dəstəklənməsinə gətirib çıxardı.

Prezident İlham Əliyev cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, ölkələrimiz arasında qarşılıqlı  yatırımlarının, ticari əlaqələrin genişlənməsinin həm iqtisadi, həm də siyasi baxımdan tərəflərə yeni dividendlər qazandırır. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması  Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır.

Özünün daxili enerji tələbatını ödəyən Azərbaycan, eyni zamanda, bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ölkəmizin  enerji siyasəti, yeni dövrün tələbi olan alternativ enerjidən istifadə ilə bağlı gördüyü işlər, eləcə də hədəfləri dünyanın diqqət mərkəzindədir. Bu gün Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensial vardır. Ölkəmiz bu potensial sayəsində ixracı şaxələndirəcək. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.  Hazırda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri hökumət strukturları və şirkətləri arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük. Dövlət başçımızın qeyd etdiyi kimi, milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var.

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Dövlət başçısının qeyd etdiyi kimi, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir.

Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini daha genişləndirir.  Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. BƏƏ ilə dərinləşən hərtərəfli əlaqələr də gələcəyə hesablanıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Önəmli tərəfdaş.

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi enerji layihələri etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında öz sözünü deyir. Regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi fonunda ölkəmizin bu rolu daha da artır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Növbəti illərdə hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Ölkəmiz bu məqsədlə həm tərəfdaşları, həm də dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əlaqələrini genişləndirir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlanan iqtisadi inkişafın daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi müstəqilliyin təmin edilməsi siyasi mövqeyin möhkəmləndirilməsində stimulverici amildir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzləyir, bir layihənin uğurlu sonluqla başa çatması digər bir layihənin gündəmə gətirilməsini şərtləndirir, dövrün çağırışlarına uyğun olaraq mühüm addımlar atılır. Azərbaycanda mövcud sabitlik və normal biznes mühiti investisiya cəlbediciliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Ən əsası düzgün müəyyələşdirilən siyasətin nəticəsi olaraq qısa müddətdə böyük investisiyalar məkanına çevrilən Azərbaycan iştirakçısı olduğu bu kimi layihələrlə mövqeyini daha da möhkəmləndirir. Cənab İlham Əliyev “Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda – təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir” fikirləri ilə ölkəmizin gələcək iqtisadi inkişafının real mənzərəsini təqdim etdi. Bu layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir: “Qaradağ Günəş Elektrik Stansiyasının açılışı mərasimi çərçivəsində üç investisiya sazişinin imzalanması da layihələrin davamlılığından xəbər verir. Belə ki, dövlət başçısı İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası  layihələri, Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi imzalandı. Cənab İlham Əliyev açılış mərasimindəki çıxışında Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığını ifadə etdi.”

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın