15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə

Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə

Qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə

Azərbaycan və Türkiyə arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Türkiyə ərazisi vasitəsilə muxtar respublikaya  boru kəməri ilə illik 500 milyon, gündəlik isə 1,5 milyon kubmetr Azərbaycan qazı nəql etmək mümkün olacaq. Hələ 2008-ci ilin iyun ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə həmin vaxt Türkiyənin Baş naziri olmuş  Rəcəb Tayyib Ərdoğanın eyni vaxtda Naxçıvana səfəri çərçivəsində müzakirə edilmiş məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasına Türkiyədən qaz xəttinin çəkilməsi olmuşdu. Səfərlə bağlı jurnalistlərin suallarını cavablandıran Prezident cənab İlham Əliyev Azərbaycanın Türkiyəyə təbii qazın ixracının artmasından  sonra bu ölkə vasitəsilə Naxçıvana da qaz ötürüləcəyini bildirmişdi: “Bildiyiniz kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsindən və Azərbaycan qazının Türkiyə bazarlarına daxil olmasından sonra, xüsusilə gələcəkdə bu qazın həcminin artımından sonra Türkiyənin Naxçıvanla həmsərhəd olan bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulur. Əlbəttə ki, bu layihənin təbii davamı olaraq, Naxçıvanın bu xəttə birləşməsi də mümkündür. Bu məsələ müzakirə olundu və müvafiq tapşırıqlar verilmişdir”.

Artıq 2010-cı ildə Naxçıvana qaz xəttinin çəkilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanmışdı. Lakin ötən müddət ərzində kəmərin tikintisinə başlanılması mümkün olmamışdı. Belə hesab olunur ki, Türkiyə təbii  qaza ehtiyacını bir neçə ölkədən idxal hesabına ödəsə də, burada bir mənbədən daha çox asılılıqdan irəli gələrək qiymətin yüksək olması Naxçıvana “mavi  yanacaq” ötürülməsinə imkan vermir. Lakin son illərdə istər TANAP-ın istismara verilməsi, istərsə də qardaş ölkənin LNG idxalını artırması Türkiyənin qaz bazarında vəziyyəti dəyişdirib. Bakı-Tbilisi-Ərzurum və TANAP vasitəsilə Türkiyəyə qaz ixracını həyata keçirməkdə olan Azərbaycanın qardaş ölkənin qaz bazarında payı artırmaqla Naxçıvana qaz nəqli üçün də şərait yaradır. Həmçinin Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi Naxçıvana Türkiyə üzərindən qaz nəqlini texniki cəhətdən də mümkün edir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Naxçıvan Azərbaycanın qədim diyarıdır

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. 1917-ci ilin sonlarından ermənilərin Naxçıvana qarşı ərazi iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevrildi, nizami daşnak silahlı dəstələri Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu. 1918-ci il mayın 26–28-də Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmək siyasəti yeritməyə, Naxçıvanda dinc azərbaycanlı əhaliyə divan tutmağa başladı. Ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq cəhdlərini davam etdirsələr də, yerli əhalinin inadlı müqaviməti və türk əsgərlərinin bölgəyə daxil olması onların bu məkrli niyyətlərini həyata keçirmələrinə imkan vermədi. Naxçıvanlılar bölgənin Azərbaycanın tərkibində qalmasının təmin edilməsində mühüm rol oynadılar.

1920-ci il aprelin 28-də Bakıda, iyulun 28-də isə Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR-in yaradılması, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR hökuməti də Naxçıvanı ilhaq etmək üçün yeni cəhdlər göstərdi. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin böyük rolu oldu. 1921-ci il 16 martda bağlanmış Moskva və 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi.1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi Icraiyyəti Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, Itqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MIK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması, Sovetlər Birliyi hökumətinin Azərbaycan xalqına qarşı yeritdiyi xəyanətkarlığın daha bir ifadəsi idi.
Naxçıvan Muxtar Respublikası yaradıldıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin 5988 km2 –ni əhatə edirdi. 1929-1930-cu illərdə və sonra muxtar respublikanın ərazisinin bir hissəsi Kreml rejimi tərəfindən ermənilərə verildi. Nəticədə Naxçıvan Muxtar Respublikasının ərazisi 5365 km2-ə qədər azaldıldı.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi

Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990–93-cü illərdə ümummilli lider Heydər Əliyevin burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Muxtar respublikanın əhalisi müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, vətənimizin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali amallara qovuşmaq üçün Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin ön sıralarında getmişdir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın təkidli istək və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öhdəsinə götürdü. 1992-ci ilin noyabrında Azərbaycanın ən görkəmli ziyalıları, elm və sənət adamları, siyasi xadimləri Naxçıvana üz tutdular. Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. 1993-cü ilin yayına doğru Naxçıvan bütün ölkənin milli-demokratik hərəkatının mərkəzi, möhkəm dövlətçiliyin, siyasi sabitliyin hakim olduğu bir bölgə idi.

XX əsrin 90-cı illərinin əvvəlində SSRI-nin süqutu ərəfəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını açıq silahlı təcavüz yolu ilə gerçəkləşdirmək qərarına gəldilər. Naxçıvan diyarı çətin sınaqlar qarşısında qaldı. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsildi, Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı. O dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvan Muxtar Respublikasının taleyüklü problemlərinə laqeyd münasibəti, biganə yanaşması vəziyyəti daha da çətinləşdirdi. Ermənistanın hərbi-iqtisadi blokadaya aldığı Naxçıvanı 1992-ci ilin mayında Azərbaycanda hakimiyyət dəyişikliyi ilə Xalq Cəbhəsi iqtidarı da siyasi blokadaya almışdı. Naxçıvan Muxtar Respublikasının Ermənistan təcavüzündən mətanətlə müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə idarə olunmasında Ulu öndər Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti, onun bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən bir sıra təşəbbüslər irəli sürərək qərarlar qəbul etməsi Azərbaycanın tarixinin ən parlaq səhifələrindəndir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Azərbaycan öz suverenliyini tam təmin etmişdir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri dövlətimizin gücünü, Ordumuzun yüksək peşəkarlığını bir daha nümayiş etdirdi. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılığın əldə olunması artıq nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixində yeni bir səhifənin açıldığını söyləməyə əsas verir. Ermənistan üçtərəfli bəyanatın imzalanmasından sonra keçən dövr ərzində Azərbaycanın sülhlə bağlı çağırış və təşəbbüslərini düzgün qiymətləndirə bilmədi, əksinə, münasibətlərin normallaşması ilə əlaqədar danışıqların nəticəyönümlülüyünü azaltmaq, prosesi uzatmaq yolunu seçdi. Vətən müharibəsindən sonra Ermənistan, eləcə də onun dəstəyi ilə ərazilərimizdə qurulan xunta rejimi Azərbaycanın sülhsevər siyasətini adekvat dəyərləndirmədi. Bununla da əslində ciddi bir fürsəti əldən vermiş oldular. Cənab Prezident də xalqa müraciətində qeyd etdiyi kimi, vəziyyəti gərginlik həddinə çatdıran Ermənistan tərəfi və artıq ləğv edilmiş xunta rejiminin addımları oldu. Halbuki əgər Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etsəydi, indiki nəticəyə danışıqlar yolu ilə də çatmaq mümkün idi.
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri yalnız legitim hərbi obyektləri hədəfə almışdı, dinc sakinlərin qorunması üçün mümkün olan bütün zəruri addımlar atılmışdı.

Bu, bir tərəfdən yüksək hərbi peşəkarlıq nümunəsi idi, digər tərəfdən, Azərbaycan xalqının, dövlətinin humanist mahiyyətini ifadə edirdi. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yaşayış yerlərinin yaxınlığında atəş vasitələri yerləşdirdiyini nəzərə alaraq, dinc sakinlərə mümkün olan bütün vasitələrlə xəbərdarlıq etdi. Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan Xankəndində və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan danışıqlar hər dəfə nəticəsiz qalırdı. Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Artıq həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Beləliklə, tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir

Qarabağ iqtisadi rayonunda antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə silahların tətbiqi ilə sıradan çıxarılmışdır. Məsuliyyətli ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Lakin ordumuz bütün lazımi xəbərdarlıqları etmişdir. Sülhün bir sıra şərtləri vardır. Bunlar bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur.

Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirmişdir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam edəcək. Qarabağdakı tanınmayan hakimiyyət silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirdi. Azərbaycan Yevlax şəhərində görüşü bir neçə aydır ki, təklif etsə də, Qarabağ erməniləri belə bir görüşün üçüncü ölkə ərazisində keçirilməsini tələb etmişdilər. Və gözlənilən görüş 21 sentyabr tarixdə Yevlax şəhərində baş tutmuşdur.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın