2 Fevral- Gənclər Günü Azərbaycan gəncliyinin ayrı-ayrı dövrlərdə keçdiyi yolun aydın mənzərəsini yaradır
2 Fevral- Gənclər Günü Azərbaycan gəncliyinin ayrı-ayrı dövrlərdə keçdiyi yolun aydın mənzərəsini yaradır
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı prioritet olub. Ümummilli Liderin 2 fevral 1997-ci il tarixli Sərəncamına əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. 2002-ci il 9 aprel tarixində isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
2 Fevral- Gənclər Günü Azərbaycan gəncliyinin ayrı-ayrı dövrlərdə keçdiyi yolun aydın mənzərəsini yaradır. Bu tarix həm ölkədə gənclərə diqqət və qayğının hansı səviyyədə olduğunu, həm də bu günün təsis olunması səbəbini təhlil etmək zərurətini ortaya çıxarır. Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu fikir daim önə çəkilir ki, əgər dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də Gənclərin I forumu keçirilib.
Son 21 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizin inkişafına yönələn addımların davamlılığında öz əksini tapır. “Gənclər ili”nin, həmçinin “Könüllülər ili”nin təsis edilməsi də bu diqqət və qayğının nəticəsidir. Cənab İlham Əliyev daim bu reallığı da diqqətə çatdırır ki, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur. Ölkəmizdə gəncləşmə siyasəti aparılır. Hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Bu çağırış əsas hədəflərimizdəndir: “Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır”.
Azərbaycanın dayanıqlı inkişafında yeni texnologiyaların rolu inkaredilməzdir. Bu da öz növbəsində kadr hazırlığını günün əsas tələbinə çevirir. Ümumilikdə hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, inkişafin, tərəqqinin davamlılığını şərtləndirən əsas amil elm, təhsil, yeni texnologiyalardır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini şərtləndirir. Ölkə Prezidenti İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki, onları bu səviyyəyə yüksəldən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru