21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək. Son illərdə türkdilli ölkələrin arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən biridir.

Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə, dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca böyük əhəmiyyət daşıyır. İlk növbədə, hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələr arzu edilən səviyyədə deyil, lakin iki ölkə arasında Birgə İnvestisiya Fondunun yaradılması bu sahənin inkişafına böyük töhfə verəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Bundan əvvəl oktyabrın 6-da Prezidentin Çexiyanın paytaxtı Praqaya səfəri, Avropa İttifaqı Şurasının təşkil etdiyi tədbirə qatılması, orada görüşlər keçirməsi, dördtərəfli Bəyanatın qəbul edilməsi Prezident İlham Əliyevin diplomatik uğurudur. Məhz 30 illik münaqişə dövründə ilk dəfə olaraq Ermənistan bu Bəyanatla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımış oldu. Məhz bu Bəyanat Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üçün işçi qrupunun əlində bir əsas olacaq.

Bütövlükdə Prezident İlham Əliyevin istər Çexiya, istər Qırğızıstan, istərsə də Özbəkistan səfərləri bir daha onu göstərir ki, dövlətimizin başçısı təkcə öz bölgəmizdə deyil, dünyada sülhün əməkdaşlığın, tərəqqinin yeni müstəviyə qalxması üçün öz töhfələrini verir.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın