21.03.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Mifik “Böyük Ermənistan” ideyası

Mifik “Böyük Ermənistan” ideyası

Mifik “Böyük Ermənistan” ideyası

Mifik “Böyük Ermənistan” ideyasını erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.  Dinc əhaliyə qarşı törədilmiş cinayətlərə gəlincə 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. Cinayətlərin miqyasına gəlincə 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Əminliklə qeyd edə bilərik ki, 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınılmalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Xalqımıza qarşı törədilmiş qanlı faciə tarixin qan yaddaşıdır. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.  “Daşnaksutyun” siyasətin təzahürü olan soyqırımı xalqımızın yaddaşında silinməz izlər açdı. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam etdirilir. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın