Quba qırğınları
Quba qırğınları.
1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Hamazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz raportunda belə yazacaq: “Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəstedilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrastatırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isəmeyitləri eybəcər hala salırdılar…”
1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla 540 kənd var idi və bu kəndlərin 171 248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək–cəmi iki həftə ərzində Hamazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə – yolboyu Bakıdan Qubaya və ya Qusara və sonra geriyə qayıdarkən – talana məruz qalmışdılar. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında, Hamazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qubalılar, digər kəndlərin sakinləri, eləcə də qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən, həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi.
1918-ci il Quba hadisələrindən danışarkən qəzanın qeyri-müsəlman sakinlərinin də vəziyyətinə toxunmaq mühümdür. 1918-ci il hadisələrində Quba şəhərinin və qəzasının yerli erməni əhalisinin müəyyən hissəsinin müsəlman əhaliyə qarşı qırğınlarda iştirakı Bakıda və Şamaxıdakı qədər geniş miqyaslı olmasa da, erməni vəhşiliklərinin şahidi olmuş bütün Quba müsəlmanlarını çox sarsıtmışdı. Bolşevik-daşnak birləşmələrinin hədəfinin, etnik faktor nəzərə alınmadan, qəzanın bütün müsəlman əhalisinin olduğu, yalnız azərbaycanlı-türk deyil, ləzgi və tat kəndlərinin dağıdılması və yandırılması ilə sübut edilirdi. Qəzanın rus kəndlərindən heç birinin erməni basqınlarına məruz qalmadığı faktı bunu bir daha təsdiq edir. Müsəlman qırğınlarında ittiham olunan Quba ermənilərinin sayının azlığı onunla izah edilirdi ki, qubalılar təbii ki, müsəlman qırğınlarında şəxsən iştirak edən və yaxud Hamazaspın dəstəsindən olan erməni əsgərlərinə bələdçilik edən yerli ermənilərin hamısını üzdən tanıya bilməzdilər. Quba ermənilərin şəhər üzərinə hazırlanan hücumla əlaqələrinin olduğu, və yaxud, ən azı bundan xəbərdar olduqları isə bir çox faktlarla sübut edilirdi. 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Rəhilə Xəlilova.
1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır.
1918-ci ilin mart ayında baş verən hadisələr Azərbaycan xalqının tarixində ən faciəvi soyqırımı aktlarından biri kimi yadda qalmışdır. Bolşeviklərin himayəsi altında fəaliyyət göstərən erməni daşnak qüvvələri Azərbaycanın müxtəlif bölgələrində misli görünməmiş qırğınlar törətmiş, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilmişdir. Həmin dövrdə Bakıda, Şamaxıda, Qubada, Qarabağda və digər bölgələrdə minlərlə günahsız insan öldürülmüş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, məscidlər və mədəniyyət abidələri dağıdılmışdır.
Tarixi mənbələr və arxiv sənədləri sübut edir ki, 1918-ci ilin mart hadisələri planlı şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsi idi. Məqsəd azərbaycanlıları öz doğma torpaqlarından qovmaq, onların mədəni irsini məhv etmək və bölgədə erməni üstünlüyünü təmin etmək idi. Bu vəhşiliklər təkcə Bakıda deyil, həm də Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə də geniş miqyas almışdır.
Mart soyqırımı erməni millətçilərinin həyata keçirdiyi ilk qətliam deyildi və təəssüf ki, sonuncusu da olmadı. XX əsrin sonlarında Xocalı faciəsi ilə eyni siyasət davam etdirildi. Bu hadisələrin hər biri azərbaycanlılara qarşı sistemli şəkildə aparılan etnik təmizləmə və soyqırımı siyasətinin bariz nümunəsidir.
Azərbaycan dövləti 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü kimi elan edərək, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması üçün ardıcıl səylər göstərir. Beynəlxalq təşkilatlar və dünya dövlətləri bu tarixi ədaləti bərpa etmək üçün real addımlar atmalıdırlar. 1918-ci ilin mart hadisələri təkcə bir xalqın faciəsi deyil, ümumbəşəri cinayətdir və insanlığa qarşı törədilmiş bu soyqırımı unudulmamalıdır.
Vəfa Xəlilli