Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir
Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir.
Novruzun tarixi çox qədim dövrlərə gedib çıxır. Bəzi mənbələr onun 5 min ildən çox yaşı olduğunu göstərir. Tarixi kökləri zərdüştilik və qədim iranlıların, türkdilli xalqların inanclarına əsaslansa da, Novruz təkcə dini və ya etnik bir bayram deyil, mədəniyytlərarası bir dəyər kimi formalaşıb. Novruzun əsas mahiyyəti təbiətin yenilənməsi və insan həyatında yeni mərhələnin başlanğıcıdır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başlamışdır. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır.
Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır.
Novruz bayramı insanları bir araya gətirir, ailə üzvlərini, dostları və qonşuları bir-birinə yaxınlaşdırır. Bayram öncəsi insanlar küsülüləri barışdırır, bir-birinə baş çəkir və mehribanlıq nümayiş etdirir. Bu, cəmiyyət daxilində dostluq və sülh mühitinin möhkəmlənməsinə kömək edir. Novruz təkcə bir ölkənin və ya xalqın bayramı deyil. Bu bayram Azərbaycan, Türkmənistan, Orta Asiya və Qafqaz bölgələrində, eləcə də bir çox başqa ölkələrdə qeyd olunur. Onun müxtəlif mədəniyyətlər tərəfindən mənimsənilməsi sülh və qardaşlığın göstəricisidir.
Novruz bayramı hər bir xalqın özünəməxsus adət-ənənələri ilə zənginləşmişdir. Azərbaycan xalqı üçün Novruz təkcə bir bayram deyil, eyni zamanda milli kimliyimizin, tarixi və mədəni dəyərlərimizin bir hissəsidir. Bayramla bağlı ənənələr xalqın əsrlər boyu formalaşmış dəyərlərini özündə əks etdirir. Beləliklə, Novruz bayramı həm insanlığın ümumi dəyərlərini – sülhü, sevgini, təbiətlə harmoniyanı ifadə edir, həm də milli kimliyimizin, tariximizin və mədəni irsimizin qorunmasına töhfə verir. Bu, onun həm bəşəri, həm də milli mahiyyətini təsdiq edən ən gözəl nümunələrdən biridir.
Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru-Nailə Əliyeva
Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir.
Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarları yaşayır. Min illər əvvəl əcdadlarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız öz ömründə yaradıb və yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Bu bayramın özünəməxsus xüsusiyyətləri vardır. Hər bir Azərbaycanlı bu bayramı böyük qürur və sevinclə qeyd edir.Novruzu bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz ən əziz bayramımızdır. Bu bayram sanki hər bir kəsin simasına təbəəssüm gətirir. Novruz bayramını qeyd etmək bir Azərbaycan vətəndaşı,gənci olaraq hər birimizin borcudur, gələcək nəsillərə adət-ənənələrimizi ötürməliyik. Bayram günü, bayramdan əvvəl əməl edilməli bəzi adətlər mövcuddur. Bayramdan əvvəl 4 çərşənbə olur. Su, od, yel, torpaq. Hər çərşənbənin öz xüsusiyyətləri və səbəbləri var. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığını və s. bildirir. Od çərşənbəsindən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Yel çərşənbəsindən etibarən bəzi ağaclarda tozlanma başlayır.Torpaq çərşənbəsi isə ilaxır çərşənbədir. Papaq atmaq, qulaq falı, üzük falı, tonqaldan tullanmaq, səməni əkmək, yumurta döyüşdürmək kimi adətlər vardır. Novruz bayramı özündə Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Bayram günü bütün evlərdə milli yeməklər bişirilir, süfrəyə müxtəlif rəmzi mənaları olan əşyalar qoyulur.
Novruz, sosial harmoniya və sülhün daha da möhkəmləndiyi bir bayramdır, hansı ki, xalq birləşir, dostluq qurur, müxtəlif sosial qruplar arasında qarşılıqlı hörmət və anlaşma yaranır. Novruz bayramı, Azərbaycanın siyasi, sosial və ekoloji inkişafını əks etdirən, həm də ölkəmizin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirən bir bayramdır. Novruz bayramı özündə milli folklorun bütün çalarlarını ehtiva edir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Bayramda bayrama özəl şirniyyatlar bişirilir. Şəkərbura, paxlava, qoğal və s. bişirilir. Həmçinin, səməni əkilməlidir. Qoğal-günəşi, paxlava-yer kürəsinin 4 istiqamətini, şəkərbura-ayı, rənglənmiş yumurta-həyatı simvolizə edir. Bu bayramda hər kəs bir-birinə qonaq gedib bayramını təbrik edir. İnsanlar bir-birlərinə grdərkən ilk papaq atırlar. Bayramın unudulmaz başqa bir atributları isə, kosa, keçəl və bahar qızıdır. Bayram ərzində insanlar yeni libaslar geyirlər. Bayramda ən çox əylənən uşaqlar olur, onları daha çox kosa, keçəl əyləndirir. Bu bayramın bir özəlliyidə ondan ibarətdir ki, kimliyindən asılı olmayaraq hər kəs bu bayramı qürurla qeyd edir. Novruz bayramı bizim bir güzgümüzdür, adət-ənənələrimizi nümayiş etdirib, tanıdır. Bir Azərbaycan vətəndaşı, gənci, tələbəsi olaraq hər birimiz milli adət-ənənələrimizi,bayramlarımızı gələcək nəsillərə düzgün şəkildə ötürməliyik. Novruz bayramı vətənimin ən gözəl ənənəsidir! Bayramınız mübarək!
Zərdab rayon Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Əliheydər Abbasov