Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik
Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik.
Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Novruz bayramının tarixi çox qədimdir. Bu bayram tarixən Əhəmənilər dövlətinin zamanında e.ə. 505-ci ildə meydana gəlmişdir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir ki, Novruz bayramını müstəqil şəkildə qeyd edir.
Bu gün Azərbaycan tam müstəqildir. Cənab Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.
Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, nə qədər vətənpərvər xalqdır. 30 ilin əziyyəti, əzabları xalqımızı sındırmadı. II Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda böyük şücaət göstərdilər. Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri önə doğru göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi.
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz, artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. 2021 ci ildə dövlətimizin başçısının və ailə üzvlərinin Şuşaya Novruz bayramı ərəfəsinə təsadüf edən növbəti səfəri zamanı Cıdır düzündə 28 ildən sonra ilk dəfə bayram tonqalı alovlandırıldı. Ölkə Prezidenti, cənab İlham Əliyevin tonqal ətrafındakı müraciətindən sitat gətirmək yerinə düşər: – “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru
Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir.
Novruz bayramı Azərbaycanın milli bayramıdır. Xalqımız əsrlər boyu bu bayramı özünə məxsus ənənələri ilə qeyd edir. Bu bayram Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır.
Novruzun əsasında xalq mərasimləri dayanır. Bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi, yeniləşmə gününün ilk başlanğıcı şəms (günəş) təqviminin ilk ayının ilk gününə təsadüf edir. Novruz yeni ilin ilk günüdür və farsca da yeni gün deməkdir.
Alimlərin fikrincə, Novruzun tarixi çox qədimdir. Elmi araşdırmalara görə, Novruz bayramının başlanması qədim dövrlərə – Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Bir sıra tədqiqatlarda isə Novruzla Zərdüştlüyün oxşar və fərqli cəhətləri müqayisə olunur. Həmin tədqiqatçılar isə belə qənaətə gəliblər ki, Novruzun tarixi Zərdüştlükdən çox qədimdir. Çünki günəşin müqəddəs sayılması odun müqəddəs hesab edilməsindən əvvəldir. Alimlər bayramın yaşını 3700-5000 il müəyyən edirlər. Eyni zamanda, bəzi araşdırmalarda türklərdə odun təmizləyici funksiyasının, atəşpərəstlikdəki müqəddəslikdən fərqli olduğu fikri irəli sürülür. Məsələn, biz tonqalın üzərindən atlanarkən “ağırlığım, uğurluğum, azarım-bezarım odlara” və s. bu kimi ifadələr səsləndiririk ki, bunlar odun müqəddəs hesab olunması anlayışı ilə qətiyyən uzlaşmır. Bu da tədqiqatçılara imkan verir ki, türklərdə odun müqəddəs deyil, təmizləyici, arındırıcı olduğu qənaətinə gəlsinlər.
İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
İldən-ilə müasirləşən ölkəmizin hər bölgəsində bu gün də Novruzun bütün atributları, inancları, adət-ənənələri saxlanılıb. Xatırlatmaq yerinə düşərdi ki, bu bayram təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Xüsusilə Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə həmişə, bütün dövrlərdə sadiq olub, onu yaşadıb, nəsillərdən nəsillərə ötürüb. Ata-babalarımızdan, əcdadlarımızdan bizə yadigar qalan bayramda xonçalar bəzənir, səmənilər qoyulur, küsülülər barışır, süfrələrimizi çeşid-çeşid naz-nemət, müxtəlif milli yeməklər bəzəyir. Xalqımızın adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib bayramlaşmalıdırlar. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta bəzəmək, döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər, inanclar Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru
Bayram şənlikləri.
Azərbaycan xalqının ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Bu bayram təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, o cümlədən, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur.
Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Novruz bayramı dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Novruz bayramının ölkəmizdə bu gün də yüksək səviyyədə qeyd olunması Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü,qəhrəmanlığı, xalqımızın birliyi,həmrəyliyi sayəsində Ümummilli Liderin vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru