21.03.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır.

 31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırımı aktıdır. Bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib. 1918-ci ilin 30 mart – 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur,  Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.
1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı. Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmişdi. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur.

Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bir qədər əvvəl açılmış Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart-Azərbaycanlıların Soyqırımı Günü həril ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Bütün bu faktlar bir daha sübut edir ki, 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqrım kimi tanınmalıdır!

Zərdab rayon Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov 

 

 

Quba qırğınları. 

XX əsrin  əvvəllərində Quba qəzasında baş vermiş hadisələrin sadəcə olaraq “faciə” sözü ilə ifadə edilməsi vəhşiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz qırğın idi.  Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı həm də digər millətlərə – ləzgilərə, ləzgidilli xalqlar olan qrızlara, buduğlara, ceklərə, həmçinin bütün tat əhalisinə qarşı yönəlmişdi. Ermənilər rus əsgərlərinin köməyi ilə Qubada bir dəfə deyil, dörd dəfə qırğın törətmişdilər. Onun dəstəsində 1000 əsgər var idi. Onlardan əvvəl isə Muradyanın komandirlik etdiyi 2000 erməni əsgəri Quba qəzasında qırın törətmişdi. Bu qırğınları törədən Daşnaksütyun partiyasının əsgərləri idi. Bu əsgərlər cəhbəyə getmək əvəzinə Xaçmazda müsəlmanlardan qisas almışdılar. Eynən belə erməni qoşun hissələri 1918-ci ildə cəbhəyə getməyib İrəvan quberniyasında müsəlmanlara divan tutmuş, onları doğma kəndlərindən qovaraq, əvəzində erməniləri yerləşdirmişdilər.

Quba faciəsinin əsas cəhəti odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna əvvəlcədən geniş hazırlıq işləri görülmüşdür. Çünki, qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni-daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Bu vandalizm nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Quba şəhərində 2007-ci ildə kütləvi məzarlıqların aşkar edilməsi və onların tədqiqi zamanı aydın oldu ki, Quba əhalisi ermənilər tərəfindən inanılmaz zorakılıqlara məruz qalaraq məhv edilmişdir. Təbii ki, bu kütləvi məzarlıqlar 1918-ci ildə Qubada Amazasp tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı təsdiqləyir.

Bu gün Azərbaycan öz tarixinin şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində işğal altındakı ərazilərimizin azad edilməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya öz gücünü, mətinliyini nümayiş etdirdi. Bu tarixi Zəfərlə ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, digər yerlərdə, eləcə də 1992-ci ildə Qarabağda, Xocalıda törətdiyi soyqırımlarının, qırğınların da qisası alındı.

Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın