Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir Azərbaycanlı üçün müqəddəs yerdir
Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir Azərbaycanlı üçün müqəddəs yerdir.
Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Tarixi faktdır ki, Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Sirr deyil ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi.
Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər. Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi, çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik.
Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq. İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı