25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu
Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.
Oktyabrın 24-dən 25-nə keçən gecə Qubadlı şəhəri uğrunda şiddətli döyüş başlayıb. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələrinin və Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan edib. 2020-ci il noyabrın ayının 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərin girəcəyində hərbi baza yaratması səbəbilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib.
Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsi idi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Şəhərin azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Dolayısı ilə Ermənistanla rəsmi dövlət sərhədini də bərpa etmiş olduq.
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15209 hərbi qulluqçulara “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə