Ağdam dirçəlir, yenidən bərpa edilir
Ağdam dirçəlir, yenidən bərpa edilir.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu gün digər azad edilmiş ərazilərimiz kimi, Ağdam da dirçəlir, yenidən bərpa edilir. Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Artıq Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə qovuşub. Bu torpaqlarımızda yeni həyat başlayıb. Prezident İlham Əliyevin çıxışlarında bu hədəf daim önə çəkilir ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Bu il Xankəndi və Kəlbəcər şəhərləri də qayıdış ünvanları sırasında olacaqlar. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə soydaşlarımızın qayıdışı nəzərdə tutulub.
Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi ölkəmizin təkmil dirçəliş modelinin dünyaya təqdimatında öz sözünü dedi. İlk Milli Şəhərsalma Forumu 2022-ci ildə Ağdam şəhərində keçirildi. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı, dünyaya səsə salan bu Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradaraq şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynadı. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platforma oldu. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bildirdi ki, tədbir Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcıdır. Ağdam və dünyanın bir çox şəhərlərinin qardaş şəhərlər olacağına əminik. Sovet İttifaqı vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi. Həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər: “Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq”.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin, barbarlığının şahididir.
Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişlər. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdam şəhərinə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir azad edilmiş torpağa ilk səfəri burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazılır. Bu ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır. Artıq Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.
Artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildiyi tarixləri qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs edərkən daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda tərbiyə edilməlidir. Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi qarşıda dayanan əsas vəzifələrdəndir. Bu isə öz növbəsində tariximizin hər bir səhifəsinin öyrənilməsinə, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğinə çağırışlar edir. Bu baxımdan torpaqlarımızın azad edildikləri tarixlərlə yanaşı, onların işğal günlərini də unutmamalıyıq. 30 il işğal altında qalan bu torpaqlarımızın hər daşı, qayası bir tarix olmaqla yanaşı, erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbədir.
Azad edilmiş ərazilərimizin hər biri müasir tələblər səviyyəsində, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə yenidən qurulur. Ağdam Azərbaycanda ilk “ağıllı şəhər” olacaq. “Ağıllı kənd”in ilk ünvanı isə Zəngilan rayonunun Ağalı kəndidir. Tezliklə bütünlüklə cənnətə çevriləcək Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Ağdamın işğaldan azad edilməsi xalqımızın birliyini, gücünü və mübarizə əzmini göstərən mühüm bir faktordur
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.Ağdamın işğaldan azad olunması, 44 günlük İkinci Qarabağ müharibəsinin əhəmiyyətli qələbələrindən biridir. Bu hadisə yalnız bir ərazinin geri alınması deyil, həm də işğal altındakı torpaqların azad edilməsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa görə öz haqlarını müdafiə etməsinin bir göstəricisidir.
Ağdam, işğaldan əvvəl Azərbaycan üçün əhəmiyyətli mədəni və iqtisadi mərkəzlərdən biri idi. Şəhər, Azərbaycanın cənub-şərqində yerləşir və strateji baxımdan mühüm bir mövqedədir. O zaman Ağdamda tarixi abidələr, məktəblər, mədəniyyət evləri və digər sosial infrastruktur mövcud olmuşdur. Lakin Ermənistanın işğalı dövründə şəhər məhv edilmiş, çoxsaylı mədəni və dini abidələr dağıdılmışdır.
Bu şəhərin azad edilməsi ilə bağlı 20 noyabr tarixinin qeyd olunması, həm də həmin ərazilərin bərpası və mədəni irsin qorunması məqsədini daşıyır. Azərbaycan bölgəni bərpa edərkən, həm tarixi, həm də müasir infrastrukturun yenidən qurulması ön planda tutulur. Bu, Azərbaycan xalqının mədəniyyətinə və tarixinə olan bağlılığını və öz torpaqlarını bərpa etmək üçün göstərdiyi əzmkarlığı nümayiş etdirir.Vətən müharibəsi yalnız hərbi Zəfər deyil, həm də ərazilərin bərpası və gələcək inkişafı üçün yeni bir mərhələnin başlanğıcıdır. Hazırda Azərbaycan hökuməti, Ağdamın infrastrukturu, mədəniyyət obyektləri, təhsil və səhiyyə sahələri üzrə bərpasını sürətlə həyata keçirir. Ağdam, həmçinin Qərb və Şərq arasında ticarət və turizm üçün mühüm bir keçid nöqtəsinə çevrilə bilər. Bu səbəbdən, şəhərin bərpası yalnız Azərbaycanın deyil, həm də regionun ümumi inkişafı üçün vacib bir amildir.
Ağdamın işğaldan azad edilməsi xalqımızın birliyini, gücünü və mübarizə əzmini göstərən mühüm bir faktordur. 20 noyabr tarixi, həm də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə olan sadiqliyini əks etdirir. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Ağdam, Laçın və Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirən mühüm bir hadisə oldu. Ağdamın strateji əhəmiyyəti və bu günün qeyd olunması, yalnız Azərbaycanın daxili siyasətində deyil, həm də beynəlxalq diplomatiyada mühüm bir yer tutur. 20 noyabr – Ağdam Şəhəri Günü, bütövlükdə Azərbaycan xalqının Zəfərini, mübarizəsini və gələcəyə olan inamını simvollaşdıran vacib bir amildir. Bu günün qeyd olunması, həm də gələcəkdə Ağdamın və ümumilikdə Qarabağ regionunun inkişafı, bərpası və mədəni irsinin qorunması sahəsində atılacaq addımların başlanğıcıdır. Bu tarix, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əhəmiyyətli bir faktoru olaraq qalacaq.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc