21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ağdam şəhərinin işğalı

Ağdam şəhərinin işğalı

Ağdam şəhərinin işğalı.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri buranın qədim insanların yaşayış məskənlərindən olduğunu sübut etmişdir. Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Şəhər və kəndlərimiz azad olunduqca bir daha aydın oldu ki, erməni işğalçıları yaşayış məntəqələrimizdə daşı daş üstünə qoymayaraq ərazilərimizi viran qoymuşlar. Digər şəhərlərimizdə olduğu kimi, Ağdam şəhəri də erməni vandallığının qurbanı olmuşdur. Ermənilər binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar, milli-mədəni, tarixi və dini abidələrimizə qənim kəsilmişlər.

Erməni vəhşiləri tərəfindən xarabalığa çevrilmiş, daha doğrusu, atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladan Ağdam hazırda özünün xoşbəxt günlərini yaşayır. Ona belə günləri bəxş edən isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında bu şəhərdə aparılan yenidənqurma və abadlıq-quruculuq işləridir. Rayonda daş daş üstünə qoyulduqca sanki bu qədim diyar ağrılarını unudur. Xatırladaq ki, Ağdamın 30 illik erməni işğalından sonra şəhərdə yeganə sağ qalan tikili məscid idi. O da erməni vandalları tərəfindən yalnız hərbi məqsədlər üçün istifadə edildiyinə görə salamat saxlanılmışdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Beləliklə, xalqımızın 30 illik Qarabağ həsrəti Vətən Müharibəsində qazandığımız Qələbə sayəsində başa çatdı. Vətən Müharibəsində məğlub olan mənfur düşmən 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata görə 23 noyabr 2020-ci ildə Ağdam şəhəri azad edildi. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ağdama səfər edərək Azərbaycan bayrağını burada qaldırdı. Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru- Məkkə Həmidova

 

 

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır.

20 noyabr 2020-ci il…Tarixin  şanlı səhifələrinə qızıl hərflərlə yazılan bir gün..Həmin gün  gözəl məkanımız olan Ağdam şəhərinin üzünə də güldü.Azərbaycan xalqının yenilməz, şanlı ordusu öz gücü, qüvvəsi ilə torpaqlarımızı azad etdi.Ağdam şəhəri Ali Baş Komandanın başçılığı ilə şanlı ordumuz tərəfindən erməni işğalçılarından azad olundu. Bu tarix xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edilmişdir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmişdir. Bəli, artıq bütün dünya Azərbaycanın gücünü gördü. 44 günlük müharibə bizim əsl gücümüzü göstərdi. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır.  Danılmaz həqiqətdir ki, əvəzolunmaz  bu uğur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. Hamımıza məlumdur ki,azad edilmiş torpaqlarımızda hər şey dağıdılmışdı. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.Ancaq bütün bunlara baxmayaraq Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə yenidən bərpa olunmaqdadır. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük və genişmiqyaslı quruculuq işləri sürətlə aparılır.Eyni zamanda prezidentimizin də qeyd etdiyi kimi burada yüzlərlə iş yeri açılacaq və əhalinin məşğulluğu təmin ediləcək.

Ən böyükcqürur hissi odur ki, iyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.Bu gün Ağdam, həm tarixi irsin qorunması, həm də müasir inkişafın mərkəzinə çevrilir. Ağdamın yenidən dirçəlməsi Azərbaycanın mədəni və milli birliyinin parlaq təzahürü kimi yadda qalacaqdır.

 Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın