Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir
Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir.
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında ağır, məşəqqətli günlər yaşadı. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi vətən qarşısındakı borcumuzu yerinə yetirməliydik. Xalqımız öz gücünü və qüdrətini göstərməliydi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər. Məhz buna görə də, torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı. Ölkəni idarə etmək qabiliyyətində olmayan o vaxtkı iqtidar nümayəndələri başlarını itirdikləri üçün, nə edəcəklərini belə bilmirdilər.
Dövlətçiliyimizi düçür olduğu bu ağır vəziyyətdən yalnız görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin uzaq görən siyasəti xilas edə bilərdi. Belə də oldu ulu öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratmışdı. Xalqımızın elitasını, ziyalıları, müxtəlif təbəqələri birləşdirən nümayəndə heyəti Naxçıvana getdi və bütün fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyev bu çətin və çıxılmaz vəziyyətdə xalqın ona uzadılmış əlindən tutdu və ömrünün qalan hissəsini də bu yolda sərf edəcəyini bildirdi. Bu cür addımı yalnız dahi şəxsiyyətlər, xalqının xilaskarı olmaq missiyasını öz üzərinə götürmüş insanlar ata bilərdi. Ulu öndər Heydər Əliyev məhz belə insanlardan idi. ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu, elə bir dövr idi ki, respublikamız həm xaricdən, həm də daxildən sarsıdıcı zərbələrə məruz qalırdı. Ordu hissələrinin siyasi oyunlara qatılması, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni quldurlarının yeni hücum əməliyyatları, qaçqın və məcburi köçkün ordusu, özbaşınalıq dövlətçiliyimizin varlığını sual altında qoymuşdu. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi. Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri