“Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”
“Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Ümummilli lider Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
Heydər Əliyevin yeni tarixi dövrdə — 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir. İndiki siyasət bir çox onilliklər üçün nəzərdətutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər”.
Bu sətirlərdə Heydər Əliyev siyasətinə, onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir Azərbaycanlının Prezidenti İlham Əliyevdir. Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində — daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.
Bu gün hər bir azərbaycanlı əsası xalqımızın Ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına sadiq olmalı, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməli və hər zaman Ümummilli liderimizin bu sözlərini əsas tutmalıdırlar: “Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz”.
Elminaz Salahlı – Zərdab rayonu Şahhüseynli kənd tam orta məktəbinin müəllimi
“Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır”.
“Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.” – Heydər Əliyev
XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Şimaldan – Baş Qafqaz dağları, qərbdən – Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən – Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ildə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə – tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi – İran körfəzi regionuna daxil idi. Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.
Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratiya, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. 1993-cü ilin iyununda bir qrup Azərbaycan Respublikası Ali Sovetinin deputatının və ziyalıların dəvəti ilə Naxçıvan MR Ali Məclisinin sədri, 1969–1982-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyev hələ 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış öncə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə Respublika Ali Sovetinə deputat seçilmişdir. Ulu Öndər Heydər Əliyev 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Yeni hökumət qarşısında respublikanı davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə pisləşmiş münasibətləri bərpa etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək, erməni təcavüzünün qarşısını almaq kimi çətin vəzifələr dururdu. 1995 və 2000-ci illərdə çox partiyalılıq əsasında parlament seçkiləri keçirilmiş, Konstitusiya məhkəməsi yaradılmış, Azərbaycanda ölüm cəzası ləğv olunmuş, ölkə ərazisində bələdiyyələr fəaliyyətə başlamışdır. 1995-ci il noyabrın 12-də yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Məhz Konstitusiya əsasında fəaliyyət göstərən parlament-Milli Məclis və burada qəbul olunmuş qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi demokratik islahatlar həyata keçirilir. Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. 1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına “xüsusi qonaq” statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9–10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir. 1998-ci ilin oktyabrın 11-də keçirilən seçkilərdə Heydər Əliyev seçicilərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığına bilavasitə dəlalət edir. Ölkəmizin son illərdə Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması faktı da onun şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiqləyir. Bütün bunlar Heydər Əliyev irsinin, Heydər Əliyev ideyalarının ölkəmizin müasir inkişafının ideya əsasları rolunu uğurla oynamasına sübutdur
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin tarix müəllimi
Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.” – Heydər Əliyev
Ümummilli lider Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modelini yaratmışdır. İctimai-siyasi sabitlik bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Ulu öndər o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”
Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik, yerləşdiyi bölgədə lider ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur.
Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru.
“Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.”
90-ci illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, yenicə müstəqilliyinə qovuşmuş ölkənin gələcəyi üçün təhlükə törədirdi. Belə bir vaxtda ölkəni bu bəladan xilas edərək, gələcək inkişafa doğru inamla apara biləcək bir liderə ehtiyac duyulurdu. Məhz belə bir vaxtda xalqımızın təhkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil olmuşdur. Qısa bir müddət ərzində həyata keçirilmiş islahatlar, dövlət müstəqilliyinin qorunub saxlanılması üçün atılmış addımlar, Dünyanın və Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrin qurulması və əməkdaşlığın uğurla davam etdirilməsi ölkəmizin inkişafı istiqamətində mühüm rol oynamışdır.
Bu gün ölkəmiz Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü daxili və xarici siyasət, ordu quruculuğu sahəsində görülmüş işlər, vətənpərvər gənc nəslin yetişməsi yönündə həyata keçirilmiş tədbirlər Vətən müharibəsində ölkəmizin qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin, cənab Prezident tərəfindən davamlı şəkildə inkişaf etdirilməsi, gənclərin daim diqqət mərkəzində saxlanılması haqq savaşımızda xüsusi şücaət göstərən gənclərə aşılanmış hərbi vətənpərvərlik sevgisinin təsdiqidir. Gənclər əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhid oldular, sağlamlıqlarını itirdilər, lakin qarşıya qoyulan məqsədə nail oldular – Azərbaycan tarixinə şanlı, unudulmaz Zəfər səhifəsini yazdılar. Bu gün gənclərimiz fəxrlə, qürurla deyirlər ki, onlar qalib Azərbaycanın gəncləridir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin sentyabr 22-də Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə qeyd etmişdir ki, “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.”
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq bu fikirlər reallığa çevrilmişdir.
Lamiyə Abdullazadə – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi
“Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir.”
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri, əslində, öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ulu Öndər Heydər Əliyevdən imdad istədi.
Azərbaycan xalqının tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu, həm də xilaskarlıq missiyası idi.
Ulu Öndər Heydər Əliyev demişdir ki, “Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir.” O bu çətinliyi hər kəsdən daha aydın görürdü. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun respublikamıza rəhbərliyi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı.
Vüsalə Kərimova – Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktoru
“Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” – Heydər Əliyev
Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı – ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur.
Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yəni Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ona görə də Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O da yaşayacaqdır.
İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi
“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir.”
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı.
Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi.
İndi ulu öndərin vəfatından 20 il keçsə də, Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir.
Hüriyət Hacıyeva – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi
“Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.” – Heydər Əliyev
Ümummilli Lider Heydər Əliyevin vətəninə, xalqına tükənməz sevgisi hər kəsə daim örnəkdir. Heydər Əliyev dünya şöhrətli siyasətçi və dahi şəxsiyyət olmuşdur: Alman filosofu Şopenqauerin belə bir deyimi var ki, dahi şəxsiyyəti istedadlı insanlardan fərqləndirən cəhət odur ki, istedadlı insan heç kimin vura bilmədiyi hədəfləri vuran, dahi şəxsiyyət isə heç kimin zamanında görə bilmədiyi hədəfləri vuran insandır. Heydər Əliyev istər sovet dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt, istərsə də ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti üçün o zaman bəlkə də çoxlarının dərk edə bilmədiyi, görə bilmədiyi elə bir işlər görmüşdür ki, bu işlərin xalqımız və dövlətimiz üçün bəhrəsini biz on illərdən sonra şahidi olmuşuq.
Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu vardır: Bu gün də həmin siyasət uğurla davam edir. Cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəltmişdir. Ən əsası, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını cənab Prezident İlham Əliyev yerinə yetirmişdir. Buna görə də, biz bu gün Ulu Öndərimizin məzarını tamamilə başqa bir əhval-ruhiyyədə, ərazi bütövlüyünü təmin edən ölkənin vətəndaşları kimi ziyarət edirik. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır.
Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilir. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəldir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Daim vurğuladığımız kimi, Heydər Əliyevin həyat və fəaliyyəti bir məktəbdir. Hələ neçə-neçə nəsillər bu məktəbi öyrənəcək, Azərbaycanın uğurlu inkişafına dəstək olacaq. Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Dahi Heydər Əliyev həyatını Müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr etdi. Ona tuşlanan təzyiqlərə mərdliklə sinə gərərək, Şərqə Günəş kimi doğan Müstəqil Azərbaycan dövlətini qurdu. “Heydər-Xalq”, “Xalq-Heydər” sevgisi daimidir, əbədidir. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaq.
Nailə Həsənova – Aşağı Seyidlər kənd ümumi orta məktəbinin müəllimi