Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür
Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. Dövlət başçısının regionlara bütün səfərləri kimi 26 iyun səfəri də olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycan liderinin bu səfəri dövlətin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində gördüyü tədbirləri daha da genişləndirməsi, prosesin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması anlamına gəlir. Buradakı bərpa-quruculuq işlərinin təhlükəsizlik baxımından da böyük önəm kəsb etdiyini asanlıqla söyləmək olar.
Cənab Prezident səfər zamanı bir çox mövzulara toxunmuşdur ki, bunlardan biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün görülən tədbirlər haqqındadır. Dövlət başçısı çıxışı zamanı qeyd etmişdir ki, “Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”.
Həqiqətən də, Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Gənclərin vətənpərvər ruhda yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Vətənpərvərlik hissi öncə ailədən başlanır və şagird partası arxasında davam etdirilir. Ümummilli lider Heydər Əliyev çıxışlarında gənclərin vətənpərvər ruhda böyüməsinin və yüksək biliklərə malik olmasının vacibliyini hər zaman vurğulayıb.Məhz Ulu Öndər tərəfindən əsası qoyulmuş gənclər siyasətimiz hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə rəhbərliyinin gənclərin təhsilə və tərbiyəsinə olan diqqət və qayğısının nəticəsidir ki, hazırda gənclərimiz vətənpərvər ruhda formalaşırlar.
Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Sabir Əhmədov – Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru