Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi.
Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr – Kəlbəcər Şəhəri Günüdür.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Ermənistanın Azərbaycanın torpaqlarını işğal edən zaman ciddi hərbi cinayətlərə də yol verdiyi hər kəsə məlumdur. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. ATƏT-in 5 fevral 2005-ci ildə həyata keçirdiyi faktaraşdırıcı missiyası müəyyən etmişdir ki, Kəlbəcərdə erməniəsilli 1500 şəxs qanunsuz olaraq məskunlaşmışdır və burada beynəlxalq hüquqa zidd müəyyən işlər aparılmışdır. Ermənistanın Kəlbəcər rayonunda həyata keçirdikləri etnik təmizləmə və qanunsuz məskunlaşma əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi, işğaldan əvvəl mövcud olan status kvonun bərpasının qarşısının alınmasına yönəldilmişdi və mahiyyətcə müharibə cinayətini təşkil edirdi.
2020-ci il noyabr ayının 10-da üçtərəfli Bəyanatın imzalanması ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ermənistanın hərbi kapitulyasiyasını təsdiqləyən bu Bəyanat uzun illər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başa çatdı. Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması idi. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq üçün qrafiki təqdim etməyə məcbur oldu. Bu qrafikə əsasən, 2020-ci il noyabr ayının 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu tarixi hadisə döyüş meydanında Azərbaycanın Zəfərinin təzahürü olaraq, eyni zamanda siyasi, diplomatik müstəvidəki Qələbəmizdən xəbər verirdi.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.
Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.
Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova