Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar
Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar
Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonu Ermənistanla sərhəd rayonudur. Şimalda isə Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biri olmaqla bərabər qədim tarixə malikdir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcər rayonu ərazisi ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər rayonu ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı – “əkiz”ləridir. Bu ərazidə olan qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.
Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə, meşəli uca dağ belində salınıb. Lex qalası XIII–XIV yüzilliklərin abidəsidir. Kəlbəcər dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi var onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Qafqaz Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən ən möhtəşəm və məşhur xristian kompleksi – Gəncəsər və Xudavəng monastırı Ermənistan tərəfindən “təmir-bərpa” işləri adı altında saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim edilib. İşğaldan sonra abidənin daşları üzərində olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb. 44 günlük vətən müharibəsində qazanılan Zəfərdən sonra ermənilərin bu saxtakarlığı ifşa edilmişdir. Artıq Kəlbəcər rayonunda bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlatmışdır.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir
Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonunun işğaldan azad olunmasından iki il ötür. Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2 -də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, tarixi abidələrə, təbiətə böyük ziyan vurulmuşdur. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkünlük şəraitində məskunlaşmağa məcbur oldular. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
44 günlük Vətən müharibəsində Cəmab Prezidentimizin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi. Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində böyük səbirsizliklə gözləyirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində apardığı hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən Kəlbəcər rayonundan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi
Bu gün dünya Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə şahid olur. Cənab Prezidentimizin rəhbərliyi ilə dövlətimizin bütün imkanlarından istifadə edilərək işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Aparılan kompleks bərpa işləri Prezident cənab İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.
Bərpa-quruculuq işləri inkişaf nümunəsinə çevrilib. Hazırda layihələrin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir. Bu gün otuz illik işğaldan sonra yenidən öz əzəli və əbədi sahiblərinə qovuşmuş həmin torpaqlar yenidən dirçəlir, canlanır. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi, Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Özünün quruculuq-abadlıq dövrünü yaşayan Kəlbəcərdə yaradılan infrastruktur tezliklə kəlbəcərlilərin də dədə-baba yurdlarına qayıdacağından xəbər verir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. Bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunacaq. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planı onun təbii gözəlliyini ehtiva edir. Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Dağıdılmış mədəni abidələr Alban məbədi, Alban kilsəsi, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Comərd qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və digər abidələr işğaldan azad oldu. Hazırda Kəlbəcərdə müasir standartlara uyğun şəkildə abadlıq-quruculuq işləri aparılır. Kəlbəcərə dağ yollarından gedişi asanlaşdırmaq üçün yeni yol və tunellər çəkilir. Göründüyü kimi, Kəlbəcərlə bağlı dövlətimizin başçısının verdiyi vədlər artıq yerinə yetirilir və Kəlbəcərə də firavan həyat qayıdır.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal